Hakimiyyətə beynəlxalq zərbə hazırlanır

23-09-2014, 10:27   
Azərbaycanın «Beynəlxalq Mədən Sənayesində Şəffaflıq» təşkilatında üzvlüyü dayandırıla bilər

BP bu təşkilatın ölkəmizdəki vəziyyəti araşdırmaq niyyətini alqışlayır

“Neftlə zəngin olan Azərbaycanda hüquq müdafiəçilərinə və QHT-lərə qarşı həyata keçirilən repressiyalar dünyada təbii sərvətlərdən istifadə üzrə prosesləri müşahidə edən nüfuzlu şəxslərin diqqətini cəlb edib” - bunu Böyük Britaniyanın “The Financial Times” qəzeti yazıb.

Məqalədə bildirilir ki, “Beynəlxalq Mədən Sənayesində Şəffaflıq” təşkilatı və korrupsiyaya mübarizə üzrə müxtəlif qrupların nümayəndələri Azərbaycanda hazırkı vəziyyəti araşdırmaq üçün Bakıya nümayəndə heyəti göndərib. Təşkilatın katibliyindən Conas Moberq bildirib ki, Azərbaycanın bu bu qurumda üzvlüyü dayandırıla bilər.

Azərbaycan “Beynəlxalq Mədən Sənayesində Şəffaflıq” təşkilatının korrupsiya indeksində dünyada şəffaflığa görə 127-ci yeri tutur. Bundan başqa, son aylarda Azərbaycanda hakimiyyəti tənqid edən şəxslərə qarşı hücumlar son dərəcə sərtləşib, müstəqil QHT-lərin bank hesabları dondurulub və bir neçə tanınmış hüquq müdafiəçisi həbsxanaya salınıb.

“Beynəlxalq Mədən Sənayesində Şəffaflıq” təşkilatının Azərbaycanla bağlı atmağa hazırlaşdığı addım beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycana investisiya qoymuş şirkətlərə təzyiqinin nəticəsidir. Keçən həftə “Human Rights Watch” təşkilatı Azərbaycanda ən böyük investor olan bp şirkətinə məktub yazaraq, şirkəti Azərbaycandakı repressiyaları açıq şəkildə pisləməyə, burada baş verənləri “Beynəlxalq Mədən Sənayesində Şəffaflıq” təşkilatının manefestinin pozulması kimi qiymətləndirməyə çağırmışdı. “Human Rights Watch”ın yaydığı məlumata görə, “Beynəlxalq Mədən Sənayesində Şəffaflıq” təşkilatı çərçivəsində fəaliyyət göstərən Azərbaycan QHT-lərinin yarıdan çoxunun bank hesabları dondurulub və ya onların qrant müqavilələrinin qeydə alınmasından imtina olunub: “Çox ciddi narahatlıq doğuran hadisə Leyla Yunus, Arif Yunus və Rəsul Cəfərov kimi görkəmli hüquq müdafiəçilərinin saxta ittihamlarla həbs edilməsidir. Ötən il prezident seçkiləri ərəfəsində başlanmış repressiyalar bu yay çox dramatik həddə çatıb”.

“Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyuc Vilyomson bildirib ki, Azərbaycanda ifadə azadlığına qarşı olduqca qeyri-tolerant münasibət yaranıb.

“Human Rights Watch”ın məktubuna cavab olaraq bp-dən bildiriblər ki, onlar “Beynəlxalq Mədən Sənayesində Şəffaflıq” təşkilatının Azərbaycandakı vəziyyəti araşdırmaq niyyətini alqışlayırlar.

“Beynəlxalq Mədən Sənayesində Şəffaflıq” təşkilatının nümayəndəsi Conas Moberq də öz növbəsində deyib ki, onun təmsil etdiyi qurum Azərbaycanda çox ciddi problemlər olduğunu etiraf edir və təşkilatın Idarə Heyətinin oktyabrda keçiriləcək görüşündə bu məsələ müzakirə olunacaq. Azərbaycanın bu təşkilatın müəyyənləşdirdiyi standartlara uyğun addımlar atmadığı təsdiqlənərsə, ölkənin bu quruma üzvlüyü dayandırılacaq.

Conas Moberq onu da əlavə edib ki, təmsil etdiyi təşkilat Azərbaycanla işləyib bu ölkədə islahatların aparılmasına dəstək verməyə hazırdır.
Azadlıq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.