15:51
Sinan Oğanın oynaya biləcəyi rolu, onun yığdığı 5.3% səsin əhəmiyyətini başa düşmək üçün ilk növbədə seçkilərin arifmetikasını başa düşmək lazımdır. Prezident seçkisi parlament seçkisi deyil, burda partiyaların səslərini və yaxud da seçilmiş deputatları bir bloka toplamaq olmur. Yəni burda 5+3 həmişə 8 eləmir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev deyib.
O bildirib ki, Sinan Oğan 3 milyona yaxın səs yığıb, amma o səsin sahibi deyil:
“Bu 3 milyon seçici HDP seçicisi kimi ağa, şeyx və ya terrorçu barmağını qaldırdı deyə, bir partiyaya səs vermir. Bu kütlə əsasən millətçi və atatürkçülərdən ibarətdir. Millətçi olduğu üçün HDP ortağı Kamal Kılıçdaroğluya səs verə bilmir. Eyni zamanda atatürkçü olduğu üçün dindar AKP namizədi onlara doğma gəlmir. Bu kütlənin seçimində daha çox millətçi və ya sekulyar atatürkçü damarının ağır basması rol oynayacaq, nəinki Sinan Oğan və ya Zəfər Partiyasının istiqamət verməsi. Bu kütlə elə parlament seçkisində Zəfər Partiyası yerinə səsini MHP və İYİ-yə verməklə, seçimini göstərib.
Bütün bunları Sinan Oğan bilirmi? Bilir. Bəs niyə qəbul edilməyəcək dərəcədə ağır şərtlər irəli sürür? Artıq Millət Məclisində olan Hüdapar üzvləri geri qayıtmayacaq, bunu bilir; Ərdoğan yenidən parlamentar sistemə dönməyəcək, bunu da bilir; Kılıçdaroğlu ən yüksək səs topladığı HDP seçicisini tərk edə bilməyəcək, bunu da bilir. Kılıçdaroğlu HDP səsləri olmasaydı, heç 40% də yığa bilməzdi. Bir də bu ağır şərtlərin üstünə, əlavə olaraq bir neçə nazirlik, ordu və polisə nəzarət istəyir. Həm də olmayan 5% ilə. Bilir ki, verilməyəcək”.
Ekspertin sözlərinə görə, Sinan Oğanın istədiyi də elə budur:
“Sinan Oğan heç kəslə anlaşmaq istəmir. Tərəflərin biri ilə anlaşmaq digərinin seçicisini itirmək deməkdir. Sinan gələcəyə oynayır. Hakimiyyətə gələcəyi təqdirdə yerinə yetirəcəyi şərtləri göstərir. Eyni zamanda da uzlaşmadan qaçan adam olmaq istəmir. İstəyir ki, qarşı tərəflər qaçsın. Özü də demişdi, biz 20 illik iqtidarı istəmirik, ancaq 20 illik iqtidar qarşısında da 20 illik bacarıqsız müxalifəti istəmirik.
Çünki Sinan Oğan Türkiyə siyasi səhnəsindəki boşluğu görür. Bu seçki ilə Bay Kamal arxivləndi, tarixə qovuşdu. Ərdoğan və Baxçalı da həm yaşlıdırlar, həm də uzun müddətdir hakimiyyətdədirlər, ya iqtisadiyyatdakı problemlər, yaşlarının çoxluğu, ya da növbəti seçki - birində büdrəyəcəklər. Artıq yaş 70-i keçib.
İncənin də yaşı az deyil, həm də ikinci dəfə geri çəkilməsinə görə bir az vəziyyəti çətindir. Maral xanım isə siyasi xarizmasının üstündən xətt çəkdi. “Qumar masası”, “notariat masası” dediyi yerə geri qayıtdı, hətta nəinki öz partiyası, CHP-dən belə fərqli namizəd, ya Yavaş, ya da İmamoğlunu namizəd kimi təsdiqlədə bilmədi. CHP-nin əlavəsi olduğunu göstərdi, səslərini əritdi.
Xülasə, Türkiyədə siyasi vitrin gec-tez dəyişəcək. Sinan doğru yerdə doğru vaxtda ortaya çıxdı. Özü də dediyi kimi, bu seçkiyə yox, iqtisadi və ya siyasi vəziyyətin diktə edəcəyi növbəti seçkiyə hazırlıq görür. Özünün dediyi kimi, köhnə siyasət artıq köhnəlib, yeni siyasəti isə o təmsil edir. Bu seçki sadəcə reklam xarakteri daşıyır onun üçün. Özü özünü bitirməsə, böyük siyasi səhv etməsə, növbəti 15-20 ilin önəmli siyasi xadimi olacaq Sinan Oğan”.