“MUĞANBANK”DA VƏZİYYƏT DAHA PİSDİR” – “Bu qərardan ən çox sevinən Əmanətlərin Sığortalanması Fondu olacaq...”

17-05-2023, 18:36   



“Günaybank”ın bağlanması qərarı bir növ digər kiçik və orta banklar üçün xəbərdarlıq siqnalı kimi qəbul olunur. Artıq bir çox mütəxəssislər Azərbaycanın maliyyə bazarındakı bankların sayının ölkə iqtisadiyyatının tələbatından artıq olduğu fikrindədirlər. Elə bu bankların illik maliyyə göstəriciləri də onu deməyə əsas verir ki, onların bir çoxu getdikcə bazardakı yerlərini itirməkdə və “əriməkdədir”.

Ötən 2022-ci ilin yekun hesabatlarına diqqət yetirsək görərik ki, məsələn, hazırda bağlanma qərarı verilən “Günaybank” heç də ölkənin ən az mənfəət əldə edən, yaxud ən böyük ziyanla işləyən bankı olmayıb. Ötən ilin nəticələrinə görə, “Günaybank” 490 min manat xalis mənfəət əldə etdiyi halda, məsələn, “Muğanbank”-ın mənfəəti cəmi 56 min 650 manat təşkil edib. Beləliklə də “Muğanbank” Azərbaycanda ən az mənfəət əldə edən bank olub. 

Bu siyahıda sonuncu yerləri “Günaybank” və “Muğanbank”la birgə 4.9 milyon manat ziyan edən “Bank BTB” bölüşür. Ramiz Mehdiyevin ailə bankı kimi tanınan bu bankın təkcə mənfəət-zərər deyil, başqa bir çox göstəriciləri də kəskin şəkildə enib. Özü də bu tendensiya son bir neçə ildə, Ramiz Mehdiyev vəzifəsilə vidalaşandan sonra mütəmadi olaraq müşahidə edilir. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəəti 16 milyon 653 min manat azalaraq 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşüb. Ötən il isə bu göstərici demək olar, 5 milyon manat təşkil edib. Odur ki, növbəti bağlanacaq banklar sırasında “Bank BTB”-nin də olacağı ehtimal edilir.

Bankların hazırkı vəziyyətini və perspektivini müəyyən edən daha bir olduqca önəmli göstərici isə kapitalın mənfəətliliyi əmsalıdır. Bankların öz kapitallarından istifadə səviyyəsini, ümumi effektivliyini göstərən bu göstərici üzrə də “Günaybank” “Muğanbank” və “Bank BTB”-ni üstələyir. ROE əmsalı kimi də tanınan bu əmsala görə son üçlük “Unibank”, “Muğanbank” və “Bank BTB”-dən ibarətdir. “Günaybank isə sondan dördüncüdür. “Günaybank”da bu göstərici 0.7 faiz olduğu halda, “Unibank”da 0.5 faiz, “Muğanbank”da isə cəmi 0.1 faiz təşkil edib. Sonuncu yerdəki “Bank BTB”-də bu rəqəm mənfi 9.9 faizdir. Bütün bunlar o deməkdir ki, xüsusilə də “Muğanbank”ı və “Bank BTB”-ni risk zonasında olan banklar hesab etmək olar.

Bir sözlə, Azərbaycanın bank sektorunda “yarpaq tökümü” davam edəcək. “Günaybank”-ın ardınca hansı bankların gedəcəyi isə artıq təxmini də olsa görünür.

Qeyd edək ki, maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov da "APA-Economiks"ə deyib ki, “Günaybank”ın lisenziyasının ləğvi ilə bağlı əsaslandırmanı bir neçə əsas bankı çıxmaq şərti ilə bütün bazara aid etmək olar: “Məsələn, məndə olan məlumata görə, “Muğan Bank”ın kapital göstəriciləri daha pisdir. Problemli kreditləri daha çoxdur. Bəlkə daha pis vəziyyətdə olan banklar var”.


Əkrəm Həsənov qeyd edib ki, “Günay Bank”ın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib: ““Günay Bank” iyul ayının 5-nə səhmdarların ümumi yığıncağını keçirib, kapital artımına gedəcəyini açıqlamışdı. Bunu Mərkəzi Bank da bilirdi. Bu halda bankın lisenziyasını ləğvetmə qərarı özü sual doğurur”.

Bankda qalan şirkətlərin vəsaitləri və əməkhaqlarına gəlincə, ekspert bildirib ki, bu, növbəlilik əsasında həyata keçiriləcək: "Təyin olunacaq ləğvedici, yəni Əmanətlərin Sığortalanması Fondu əvvəlcə sığortaladığı vəsaitləri, yəni 38 milyon manatı və bununla bağlı xərclərini qarşılayacaq. Sonrakı mərhələdə bankdan əmək haqqı alan vətəndaşların vəsaitləri, bankın kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri icra ediləcək. Hüquqi şəxslərin bankdakı vəsaitləri, o cümlədən sığortasız əmanətlərin taleyi isə sual altındadır. Ləğvetmədə olan banklarda vətəndaşlar illərdir ki, vəsaitlərini geri ala bilmirlər".

Ə.Həsənov “AzPolitika.info”-ya açıqlamasında isə bildirib ki, Azərbaycanda istənilən kiçik və orta bankın bağlanmaq təhlükəsi var.

“Günay Bank”ın lisenziyasının ləğvi bank sektorunda inhisarlaşmanın davamıdır. Mərkəzi Bank özü də etiraf edir ki, bu kiçik bankın bağlanması bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. Bank nəzarəti formal yox, riskyönümlü olmalıdır. Sistem üçün risk törətməyən bank niyə bağlansın ki? Əslində, "Günay Bank" və onun kimi bəzi kiçik və orta banklar iri banklarımızın hamısından daha səmərəli və təhlükəsizdir”, - ekspert əlavə edib .

Ə.Həsənov hesab edir ki, bu xəbərə ən çox sevinən də Əmanətlərin Sığortalanması Fondu olacaq. “Hansı ki, ləğv edilən bankların olan-qalan əmlakının başına daş salmaqda mahirdir”, - hüquqşünas vurğulayıb.

İqtisadiyyat şöbəsi

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.