Moskvada keçrilən 9 may paradından sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun xəstəliyi və hətta onun zəhərlənməsi barədə söz-söhbətlər səngimək bilmir. Aydındır ki, Lukaşenko xəstədir, ancaq onun hansı xəstəlikdən əziyyət çəkdiyi bəlli deyil. Hazırda Belarus ictimaiyyətini Lukaşenkonun sağlıq durumu ilə yanaşı, ondan sonra hakimiyyətin kimin əlinə keçəcəyi məsələsi də ciddi maraqlandırır.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” saytı “Belaruslar şampan şərabı içməyə hazırlaşırlar: şimal qonşumuzda nə baş verir?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:
”Sosial şəbəkələrdə aktivlik müşahidə olunur. Belə hesab edilir ki, Lukaşenkoya bir şey olarsa, Belarus xalqı şampan şərabı içəcək. Əgər ciddi danışsaq, belə görünür ki, Lukaşenko xəstədir. Biz onun movzoleydən Aleksandrov parkına qədər olan 300 metrlik qısa məsafəni piyada qət etmək imkanına malik olmadığını gördük. Yeriyə bilmədiyinə görə, Lukaşenko onu aparmaq üçün qolf maşını xahiş edib.
O, həqiqətən də çox pis görünürdü, əlində katetrdən qalma bint vardı. Moskvadakı paradda bəlli oldu ki, o, çox zəifdir, ayrıca maşında gedir, çətinliklə hərəkət edir, liderlər üçün təşkil olunmuş nahar ziyafətində də iştirak edə bilmədi.
Lukaşenko Belarusa qayıtdıqdan sonra Qələbə meydanındakı əbədi məşəl önünə əklil qoyduqdan sonra ilk dəfə nitq söyləmədi. Onun əvəzinə nitqi yanında dayanan Müdafiə naziri Xrenin söylədi. Lukaşenkonun qrafikə uyğun keçirəcəyi toplantı isə təxirə salındı.
Ancaq bir neçə gündən sonra ortaya çıxan Lukaşenkonun zəifliyi aşkar görünür. Görəsən, o, nə dərəcədə xəstədir?
Belarus təbliğat mediası nə edəcəyini bilmir. Çünki Lukaşenko avtoritar rəhbərdir, gücdə, enerjidə və baş verənlərə anında reaksiya verməkdə maraqlıdır. Lukaşenkonun xəstələnməyi mahiyyət etibarı ilə onun rejiminin zəifləməsi deməkdir. Belə bir məqamda onun kiminlə əvəz olunacağı barəsində söhbətlər dolaşmağa başlayıb.
Problem ondadır ki, Lukaşenkonun ətrafında yaxşı mütəxəssislər yoxdur. Əgər nə zamansa belə bir şey baş versə, onu əvəzləyəcək kimsə də yoxdur. Xalq deyir ki, birdən Lukaşenko ölsə, nə olacaq?
Əlbəttə, o, gec və ya tez öləcək, axı, Lukaşenko ölümsüz deyil. Ancaq bütün bunlara baxmayaraq, o, sistemi elə qurub ki, sanki “ölümsüzdür” və əbədi mövcud olacaq.
Həqiqətən də onların real ehtiyat variantları yoxdur. Lukaşenko illər ərzində bunun belə olması üzərində xüsusilə işləyib.
Rəqiblərin olmaması üçün o, məqbul siyasətçilərin hamısını məhv edib. Bundan başqa, insanlar ümumiyyətlə, ölkədəki heç bir siyasi fiquru tanımırlar. Ortalıqda yalnız Lukaşenko var, digər soyadlar heç kimə məlum deyil. Ona görə də belə vəziyyət hakimiyyətdəkilər üçün də fəlakətdir. Əgər qəflətən nəsə baş versə, haraya qaçacaqlarını bilmirlər. Lukaşenko ölməsə də, onun xəstəliyi rejimi çalxalayır. Prinsip etibarı ilə Lukaşenko qriplə də xəstələnə bilər, yaxud bəlkə də onda kəskinləşmiş miokard infarktdır...
Əgər Lukaşenkoya doğrudan da bir şey olarsa, onun sistemi çox möhkəm qasırğaya düşəcək, çünki hər şey şaquli istiqamətdə qurulub. Bu şaquli vəziyyət bir nəfərə bərkidilib. Lukaşenko həmişə ümumi fonda kiminsə görünməsi cəhdlərini məhv edib. O, rəqabətə dözə bilmir və ona görə də daim neqtiv bir seleksiya aparılıb və qabiliyyətsiz adamalrı seçib yuxarı vəzifələrə daşıyıblar ki, ona rəqib olmasın.
Əgər biz sənədlərə baxsaq, Lukaşenkonun ölməsi halında iki orqan fəaliyyətdə olacaq. Bu, Aleksandr Volfoviçin katiblik etdiyi Təşlükəsizlik Şurası və Natalya Koçanovanın rəhbəri olduğu Respublika Şurasıdır. Hətta Təhlükəsizlik Şurasının toplantısını da Respublika Şurasının sədri aparır. Lukaşenkonun meydana çıxardığı Natalya Koçanova ona tam loyal, öz təşəbbüsü olmayan solğun bir məmurdur.
İstənilən halda hər şey Belarus xalqından asılı olacaq və onlar yenidən subyektə çevriləcəklər. Belarus xalqı bu rejimin davam etməsinə razı deyil və Lukaşenkonun tərəfdarlarından heç kimsəni qəbul etmir. Həmçinin, Belarus xalqı Rusiya tərəfindən onlara sırınacaq birisini də istəmir. Ona görə də hətta ruslar tələsik şəkildə özlərinə yaxın şəxsi kürsüdə əyləşdirsələr də, istənilən halda vəziyyətləri çox dayanıqsız olacaq.
Uzun illər ərzində qurulmuş şaquli sistem laxlayacaq, çünki Prezident kürsüsündə əyləşmək istəyən iddiaçılar çox olacaq. Baxmayaraq ki, bu iddiaçılar simasızdırlar, onlar önə çıxmaq məqamı gələndə ”axı, niyə mən olmayım” deyəcəklər. Onda onların hamısı nələrisə qamarlamaq üçün özlərini yırtacaqlar.
Hər hansı bir şeyi güc yolu ilə alırsansa, o, artıq işləməyəcək. Onlar elə zənn edirlər ki, Belarus xalqının səsini boğublar və istənilən müqaviməti repressiya ilə məhv ediblər. Xalq bunlarla əməkdaşlıq etmək niyyətindən uzaqdır. İndi Belarusun iqtisadi göstəriciləri çox bərbaddır. Hələ üstəlik sanksiyalar da öz təsirini göstərir.
Lukaşenko belə bir xoşagəlməz vəziyyətin öhdəsindən gələ bilmir, bəs görəsən başqa bir rəhbər olsa necə olacaq? Əgər sizin xalq içərisində dəstəyiniz yoxdursa, deməli, sizin rejim mövcudluğunu sürdürə bilməz. Bəs, bu qədər insanı kim yedirməlidir? Hakimiyyəti zəbt etmək mümkündür, bəs onu saxlamaq asandırmı?”
V. Nəsibov
“AzPolitika.info”