Böyük Britaniyada aparılmış bir araşdırmanın nəticələri göstərib ki, gün ərzində 11 dəqiqəlik sürətlə yerimək, velosiped sürmək, rəqs etmək və ya tennis oynamaq kimi fiziki fəaliyyət hər 10 erkən ölümdən birinin qarşısını ala bilər.
Kembric Universitetinin bu araşdırması "British Journal of Sports Medicine" elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində yüzlərlə digər araşdırmanın nəticələri qiymətləndirilib.
Britaniyanın Milli Səhiyyə Sistemi (NHS) tövsiyə edir ki, sağlam olmaq üçün həftə ərzində toplam 150-300 dəqiqə ürək döyüntüsünü artıran, toplam 75-150 dəqiqə də tövşümə vəziyyəti yaradan idman hərəkətləri etmək lazımdır
Ancaq araşdırmalar göstərir ki, insanların çoxu tövsiyə olunan 150 dəqiqənin yarısı qədər də məşq etmir.
Mütəxəssislər vurğulayırlar ki, idmanla az da olsa məşğul olmaq heç nə etməməkdən yaxşıdır.
Onların sözlərinə görə, hətta 75 dəqiqəlik məşq belə hər 20 ürək-damar xəstəliyindən birinin və hər 30 xərçəng hadisəsindən birinin qarşısını ala bilər.
Tədqiqata rəhbərlik edən Soren Brage deyir ki, "Hərəkət etdiyinizi hiss etməlisiniz. Təngnəfəs olmasanız belə, ürəyiniz daha sürətli döyünməlidir".
Bu, ürək xəstəliyi və insult riskini 17 faiz, xərçəng riskini isə daha çox azalda bilər.
Mütəmadi idman etmək bədən yağını azaldır, yuxu rejimini qaydaya salır və ürəyi sağlamlaşdırır.
Mütəxəssislərin fikrincə, baş, boyun, mədə, leykoz və qan xərçəngi kimi bəzi xərçəng növləri üçün idman daha faydalıdır.
Ağciyər, qaraciyər, endometrioz və döş xərçənginə isə idmanın təsiri daha azdır.
NHS-in tövsiyə etdiyi həftəlik məşq normalarına az adam əməl edir. Hər üç nəfərdən ikisi həftədə toplam 150 dəqiqədən (2,5 saatdan) az məşq etdiyini deyir.
Həftə ərzində 300 dəqiqədən (5 saatdan) çox məşq edənlərsə cəmi 10 faiz təşkil edir.
"Həftə ərzində 150 dəqiqə idman sizə çətin gəlirsə, 75 dəqiqədən başlayıb tədricən tövsiyə olunan həddə çata bilərsiniz", - Brage belə deyir.
Mütəxəssislər bildirirlər ki, buna nail olmaq üçün bəzi vərdişlərdən vaz keçmək kifayətdir.
Məsələn, hər yerə maşın sürmək əvəzinə alış-verişə piyada və ya velosipedlə gedə, uşaqlarınız və ya nəvələrinizlə oyun oynaya bilərsiz.
BBC.com
.