İrandan Azərbaycana növbəti hücum: “Şeytan” niyə vuruldu? – Gizlinlər üzə çıxır

22-05-2023, 21:14   


GünazTV-nin (Güney Azərbaycan TV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz Birləşmiş Ştatların Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb.

Prinsip etibarilə ABŞ-da belə hadisələr tez-tez baş verir. Xüsusilə də Kaliforniyada. Bu mənada Əhməd Obalı və oğlu Dənizin döyülməsi də ilk baxışdan sadə hadisə kimi görünə bilər, lakin məsələnin pərdəarxası məqamlarının olduğu aydındır.
ABŞ-dakı “şeytan”

Əhməd Obalı və ailəsi ABŞ vətəndaşlarıdır. Onun uzun illər mühacir həyatı yaşamasına səbəb isə İranın fars molla rejiminə qarşı mübarizə aparmasıdır. Qeyd etdiyim kimi, o, İran rejiminə qarşı mübarizə aparan Günaz TV-nin rəhbəri və qurucusudur.

Əhməd bəyin bu mübarizəsi, şübhəsiz ki, ona kifayət qədər düşmən qazandırıb. Təsadüfi deyil ki, molla rejimi onu “şeytan” adlandırır. Çünki Əhməd Obalı İranın “Səhər” televiziya kanalı vasitəsilə Azərbaycan əleyhinə apardığı dövlət təbliğatına qarşı davamlı mübarizə sərgiləyib, arqumentli cavablar verib.

Əmri taxtsız “şah” verib?

Əhməd Obalıya və oğluna qarşı hücum sifarişli və planlı şəkildə həyata keçirilib. Obalının barmaqlarının qırılması və boynunu qırmağa cəhd edilməsi hadisəni törədənlərin xüsusi təlim keçmiş şəxslər olduğunu göstərir.

Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir. Lakin hələlik konkret ad çəkməyib. Bu da hadisəni kimin və ya kimlərin törətməsi ilə bağlı müxtəlif versiyaların yaranmasına səbəb olub.

Həmin versiyalardan biri də hadisənin İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin sifarişi ilə baş tutmasıdır. Bu versiyanı gücləndirən bir sıra faktlar var:

Birincisi, İran xaricində, həmçinin ABŞ-da Rza Pəhləvini dəstəkləyən şah tərəfdarları kifayət qədərdir.

İkincisi, aydındın məsələdir ki, Güney azərbaycanlı fəallar ən az molla rejimi kimi pəhləviləri də sevmir. Eyni qaydada pəhləvilər də güneyli müxalifləri sevmir.

Lakin bütün bunlara baxmayaraq, Əhməd Obalıya və oğluna qarşı hücumun Rza Pəhləvinin təlimatı əsasında törədildiyini düşünmürəm. Məsələ ondadır ki, Rza Pəhləvi indiki məqamda taxtını geri almaq üçün sözün əsl mənasında çalışır. Bu istiqamətdə İran xaricindəki müxalif qrupları bir araya gətirməyə, vahid güc kimi birləşdirməyə çalışır. Yəni o, təkcə şah tərəfdarlarının deyil, həm də liberalların, respublikaçıların və etnik müxaliflərin dəstəyini qazanmaq istəyir.

Prinsip etibarilə molla rejimi Pəhləvi üçün daha real təhdiddir. Real təhdidi aradan qaldırmaq yerinə güney azərbaycanlı nüfuzlu bir şəxsi aradan götürmək məntiqli versiya deyil. Bu, Pəhləviyə heç bir müsbət divident qazandıra bilməz.

Bir aynanın iki üzü: Əhməd Obalı və Fazil Mustafa

Əhməd Obalıya və oğluna qarşı hücumun əmri və ya fitvası aydın məsələdir ki, İran hakimiyyətindən gəlib. Hadisəni törədən şəxslərin də SEPAH üzvləri olması ehtimalı böyükdür.

Mümkündür ki, Obalıya hücum edən şəxslər əvvəlcə boynunu qırmağa cəhd ediblər. Bu heç də göründüyü kimi sadə bir iş deyil. Bu mənada ona və oğluna hücum edən şəxslərin xüsusi təlim keçmiş şəxslər olduğu ehtimalı yaranır.

Obalının barmaqlarının qırılmasına gəldikdə isə burada iki versiya diqqət çəkir:

Birncisi, o, müqavimət göstərib və terrorçular onun müqavimətini qırmaq üçün bunu ediblər.

İkincisi, hücum edən şəxslər onun barmaqlarını qıraraq simvolik xəbərdarlıq ediblər.

Nəticənin nə və necə olmasından asılı olmayaraq onu demək olar ki, Əhməd Obalıya qarşı hücumun pərdəarxasında İran dayanır.

Obalı və oğluna hücum deputat Fazil Mustafaya hücumu da gündəmə gətirir. Bu hadisənin də pərdarxasında İranın olduğuna dair ciddi şübhələr vardı və bu gün də qalmaqdadır.

İran bir il ərzində iki nüfuzlu azərbaycanlıya qarşı hücum aktı gerçəkləşdirir. Faktiki olaraq Fazil Mustafanın timsalında Şimali Azərbaycana, Əhməd Obalının timsalında isə Güney Azərbaycana sanki mesaj verilir.

Bu həm də İranın içində olduğu qorxunun, təlaşın və təşvişin göstəricisidir. Azərbaycanlı və ya Azərbaycan əsilli şəxslərə qarşı silsilə hücumları həyata keçirən Tehran bu yolla həm psixoloji üstünlüyü ələ almaq, həm də xalqın milli şüurunun oyanmasının qarşısını almaq istəyir.

 

Turan Rzayev

Hurriyyet.Az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.