Çöhrəqanlıdan Obalıya qarşı inanılmaz ittihamlar - Video

23-05-2023, 14:06   




ABŞ-da yaşayan tanınmış milli fəal, Günaz TV-nin rəhbəri Əhməd Obalı və oğluna qarşı sui-qəsd cəhdi, ata-oğulun vəhşicəsinə döyülməsi Güney təşkilatları və milli fəallarının kəskin reaksiyasına səbəb olub.

Axar.az xəbər verir ki, güneylilər birmənalı olaraq hadisəni terror cəhdi kimi qiymətləndirir, burda İranın əli olduğuna inandıqları haqda bəyanatlar yayır və teraktı pisləyirlər.

Yalnız GAMOH sədri Mahmudəli Çöhrəqanlı hadisənin birmənalı olaraq sui-qəsd və terror hadisəsi kimi qiymətləndirilməsinin tərəfdarı olmadığı haqda açıqlama verib. O bildirib ki, əgər terrordursa, bunu ABŞ xüsusi xidmət orqanları elan edəcək. Bunun ardınca isə Əhməd Obalının restoranlarının olduğunu, bu restoranlarda münaqişələr yaşandığını və hadisənin də şəxsi zəmində ola biləcəyini istisna etməyib.

Çöhrəqanlının bu açıqlaması güneylilərin kəskin etirazına səbəb olub. Onlar M.Çöhrəqanlının bu mövqeyinin İran fars-molla rejiminin yanaşması ilə üst-üstə düşdüyünü bildirib, GAMOH sədrini Əhməd Obalıya qısqanc münasibətə görə ittiham ediblər.

Bunun sübutlarından biri kimi isə Əhməd Obalının Azərbaycandan qayıdandan bir gün sonra, həm də ABŞ-ın tamamilə başqa ştatında – Kaliforniyada - döyüldüyünü göstəriblər. Belə ki, Əhməd Obalı və oğlu sui-qəsdə yaşadıqları ştatda, yəni Çikaqoda - məruz qalmayıblar və beləliklə, hansısa “məişət qalmaqalı” ehtimalı sıradan çıxır.

Güneylilərin bu münasibətindən sonra Mahmudəli Çöhrəqanlı bir Yutub kanalına açıqlamasında Obalıya qısqanc münasibəti və yanlış yanaşmasına görə qınandığı səbəbindən ona bu ittihamları səsləndirənləri deyil, nədənsə, bunları dərc edən saytımızı hədəf alıb və ağır ifadələr işlədib.

Güneyli milli fəallar isə Çöhrəqanlının Obalıya qarşı qısqanc münasibətinin, onun Əhməd Obalının nüfuzundan narahat olmasının kökünün daha uzaq illərə və daha dərinə getdiyini təsdiq edən faktları redaksiyamıza təqdim ediblər.

Təqdim olunan videolardan birində Mahmudəli Çöhrəqanlının oğlu Alparslanın Əhməd Obalı və oğlu Dənizin ünvanına yağdırdığı aşağılayıcı ifadələr əksini tapıb.

Alparslan Çöhrəqanlı Əhməd Obalı və oğlunun milli hərəkatda zərrə qədər rolu olmadığını bildirir, onların ümumiyyətlə türk kimliyini şübhə altına alır, Obalıların guya ərəb olduğunu deyir, imkanlarının geniş olmasından, bahalı həyat yaşamasından yana-yana danışır.

A.Çöhrəqanlı hətta Obalının İsrail kəşfiyyatı ilə əlaqəli olmasından, var-dövlətinin əsasında da bunun dayanmasından bəhs edir.

Əhməd Obalının əleyhinə inanılmaz ittihamlar səsləndirən və bunu sosial şəbəkə hesablarında yayan, “sənədli filmlər” hazırlayan Çöhrəqanlıların hazırda can çəkişən və ağır vəziyyətdə olan Günaz TV rəhbərinə sui-qəsd cəhdini “məişət səviyyəsinə” endirmə çabalarından təbii heç nə ola bilməz.

Yeri gəlmişkən, Mahmudəli Çöhrəqanlının saytımızı heç bir səbəb olmadan hədəfə çevirdiyi məlum açıqlamasında da Obalıya sui-qəsd olunmasını şübhə altına alır, yəni əvvəlki açıqlamasını təsdiqləyir, eyni zamanda ad çəkmədən Obalının var-dövlətindən bəhs edir...



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar