Baharın sonuna yaxınlaşdıqca yay günəşi özünü göstərməyə başlayıb. İstər dəniz kənarında, istərsə də parkda gəzinti zamanı insanların çoxunun nəzərə almadığı bir risk var: tibbi adı "fotokeratit" olan günəşdən yanmış gözlər!
Bəs fotokeratit necə yaranır və buna nə səbəb olur?
Musavat.com xəbər verir ki, fotokeratit olan zaman gözlərdə şiddətli ağrı başlayır, ağrı azaldıqdan sonra cızıqlar yaranır, daha sonra isə görmə problemləri və göz yorğunluğu baş qaldırır.
Nyu-Yorkda göz cərrahiyyəsi üzrə ixtisaslaşmış oftalmoloq Dr. Jeff Dello Russoya görə, fotokeratit səbəbindən daimi görmə pozuqluğu yay aylarında normaldan daha çox olur.
"Bu, yayda çox tez-tez baş verir. Gözlərinizin qızarması və qıcıqlanmasından başqa heç bir görünən simptom olmadan fotokeratit ola bilərsiniz", - Russo bildirib.
Türkiyənin tanınmış oftalmoloqu Dr. Üzv Sezer Hacıağaoğlu mövzu ilə bağlı deyib ki, birbaşa günəşə baxmaq UVA və UVB şüalarına məruz qalmağı artırır ki, bu da gözün, demək olar ki, bütün təbəqələrinə mənfi təsir göstərir:
"Günəş dərimizdə yanıqlara səbəb olduğu kimi, fotokeratit də gözün ön şəffaf təbəqəsi olan buynuz qişada günəş işığı yanıqlarına səbəb olur. Bundan əlavə, havanın temperaturunun artması və buxarlanma nəticəsində göz yaşlarımız çox daha sürətli quruyur. Bu səbəbdən göz yaşlarımızın buynuz qişa səthindəki qoruyucu qalxan təsiri aradan qalxır və bu, görmə qabiliyyətinə mənfi təsir edir".
Həkimin sözlərinə görə, fotokeratit inkişaf etdirən bir gözdə anidən bulanıq görmə, qızartı, ağrı, sancma və sulanma kimi problemlər olur:
“Uzun müddət günəş işığına məruz qaldıqdan sonra bu əlamətlərdən biri görünsə və keçməsə, göz həkiminə müraciət edilməlidir”.
Oftalmoloqlar belə vəziyyətdə gözləri bol su ilə yumağı, daha sonra göz qapaqlarına soyuq kompreslər qoymağı, həmçinin göz yaşı damlalarından istifadə etməyi tövsiyə edirlər. Lakin gözləri ovuşdurmaqdan mütləq çəkinmək lazımdır.
Ən çox kimlər risk altındadır?
Dr. Muhsin Eraslan bu suala belə cavab verib:
“Buynuz qişa xəstəliyi olanlar və göz qapaqlarını hərəkət etdirə bilməyənlər və ya hərəkət qabiliyyəti azalmış insanlar risk altındadır”.
Həkimlərin fikrincə, günəş eynəkləri bu xəstəliyin qarşısını alan ən vacib vasitə kimi görünür.
Lakin keyfiyyətsiz gün eynəyi taxmaq ultrabənövşəyi (UV) zərərin inkişafı üçün əsas risk faktorudur. Günəş eynəklərinin linzaları gözləri UV-dən tamamilə qorumalıdır. Tam UV qorunması o deməkdir ki, günəş eynəyi linzaları bloklamanı ən azı 99 faiz təmin edir.
Musavat.com