Bakıda qeyri-adi hadisə yaşanıb.
Xəzər rayonu Türkan qəsəbəsəsi ərazisindəki dəniz sahilinə istirahət etmək üçün gedən ailə qəribə olayın şahidi olublar.
Belə ki, sahildə və avtomobillərinin qarşısında müxtəlif tərzdə foto çəkdirən ailə üzvüləri evə gələndən sonra paylaşmaq üçün şəkilləri incələyiblər. Bu zaman qarşılarına qəribə mənzərə çıxıb.
10-a yaxın fotodan yalnız birində ailə üzvülərindən kənar iki şəxsin avtomobilin içərisində oturaq vəziyyətdə fotoda əks olunduqlarını görüblər. Ailə tanımadıqları şəxslərin fotoya neçə düşdüklərini hələ də anlamırlar.
Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini, eyni zamanda Yeni Baxış İctimai Nəzarət Cəmiyyətinin mətbuat katibi Vüqar Əmirov məlumat verib. Müsahibimiz hələ də təəccüb içində olduqlarını deyir:
“Bazar günü ailəvi dəniz kənarına çıxdıq. Bir qədər əyləndikdən, oyunlar oynadıqdan sonra fotolar çəkdirdik. Avtomobilimin qarşısında və digər məkanlarda müxtəlif pozlarda fotolar çəkdirdik. Şəkillərə nəzər salanda şok keçirdik.
Əvvəlcə elə hesab etdim ki, öz kölgəmiz avtomobilin içinə yansıyıb. Amma diqqətlə nəzər yetirəndə, sükan arxasındakı və yanındakı əks olunan şəxsin əcaib simaya malik, bir qədər də uşaq cildində olduqlarını müşahidə etdim. Hətta birinin köynəyində qan ləkəsinə bənzər məqam da gözümdən yayınmadı.
Necə ola bilər? Bu nədir? Kimdir bunlar? - deyə iki gündür özümüzə gələ bilmirik. “Bəlkə məni qara basır” deyə fikirləşdim. Fotonu yaxınlarıma göndərdim. Onlar da bu işə məəttəl qalıblar.
Dostlarımdan biri, “yəqin həmin avtomobildə nə vaxtsa qəza olub və fotoda əks olunan şəxslər orada dünyasını dəyişib, görünür ruhlarıdır” dedi. İnanın, avtomobili aldığım şəxslə əlaqə saxlayıb, nə vaxtsa bu maşınla qəza törədilib-törədilmədiyini də soruşdum. Bu maşınla qəza baş vermədiyini öyrəndim. Hələ də nə baş verdiyini anlamıram”, - deyə Vüqar Əmirov əlavə edib.
Alçina Amilqızı, Bizim.Media