IDI səbəb kimi qlobal maliyyə böhranı, iqlim dəyişikliyi, Rusiya-Ukrayna müharibəsi və Azərbaycandakı vergi-gömrük rüsumlarını görür
Azərbaycanda inflyasiyanın həddi hər keçən il artıb.
2021-ci ildə 6,7 faiz, 2022-ci ildə 13,9 faizə çatıb.
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Azərbaycanda ərzaq inflyasiyasının qiymətləndirilməsi ilə bağlı hazırladığı sənəddə belə deyilir.
IDI bildirir ki, Azərbaycanda qida məhsullarında inflyasiya səviyyəsi 20 faizə çatıb. Bu, qlobal maliyyə böhranının baş verdiyi 2008-ci ildən bəri ölkədə qeydə alınan ən yüksək inflyasiya göstəricisidir:
“Son 20 ildə ölkədə inflyasiya səviyyəsi bir-birindən kəskin fərqlənib. 2003-cü ildə 2,2 faiz olan inflyasiya 2008-ci il qlobal maliyə böhranına qədər ildə təxminən 3 faiz artıb. İnflyasiya səviyyəsi 2005-cı ildə 9,7 faizdən 2006-cı ildə 8,3 %-ə düşdüyü halda, 2007-ci ildə iki dəfə artaraq 16,7 faizə çatıb. Qlobal maliyyə böhranının müşahidə olunduğu ildə Azərbaycanda inflyasiya səviyyəsi 1996-cı ildən sonra maksimum həddə çataraq 20,8 faizə bərabər olub”.
Hesabatda qeyd edilir ki, 2009-cu ildən etibarən normallaşmağa başlayan inflyasiya 2008-dən sonra ilk dəfə devalvasiyanın təsiri nəticəsində 2016-cı ildə ikirəqəmli ədədlə ifadə olunub.
2016, 2017-ci illərdə müafiq olaraq 12,4 və 12,9 faiz təşkil edib.
IDI hesab edir ki, Azərbaycan və qonşu ölkələr istər 2015-ci ildə baş vermiş devalvasiyasından, istər 2020-ci ildə dünyanı bürüyən pandemiyadan, istərsə də 2022-ci il başlamış Rusiya-Ukrayna müharibəsində ən çox əziyyət çəkən ölkələrdən olub.
Bəs inflyasiyanı doğuran səbəblər nələrdir?
Təşkilat bildirir ki, son dövrlər Azərbaycanda ərzaq qiymətlərinin xeyli bahalaşması müşahidə olunur.
Bu bahalaşma isə 2015-2016-cı illərdə baş vermiş devalvasiyadan sonra ən yüksək həddədir.
“Ərzaq qiymətlərinin artması qlobal və daxili səbəblərdən qaynaqlanır”, – deyə hesabatda bildirilir.
Hesabat müəllifləri hesab edirlər ki, qlobal miqyasda inflyasiyanın artmasının ən böyük səbəbi 2020-ci ildəki pandemiya ilə bağlı məhdudiyyətlərdir.
Pandemiya istehsal, emal, pərakəndə satış da daxil olmaqla qida tədarükündə problemlər yaradıb:
“Qapanmalara gedən ölkələrdə insanların evdə qalmağa məcbur edilməsi restoran və digər iaşə obyektlərinin öz müştərilərini itirməsi ilə nəticələnib. Ərzaq mağazaları isə əksinə güclü müştəri axını ilə üzləşib. Nəticədə bəzi mağaza və dükanlarda məhsul qıtlğı yaşanıb və bu da məhsulların qiymətində artıma rəvac verib”.
Eyni zamanda, IDI qeyd edir ki, pandemiya vaxtı insanların təsərrüfat fəaliyyəti ilə məşğul olması da çətinləşib. Sahələrdən məhsul yığımında problemlər yaranıb.
Digər tərəfdən, daşınma xərclərinin artması logistik problemləri ortaya çıxarıb ki, bu da quru, hava və dəniz yolları ilə daşınmalarda qiymətlərin kəskin artmasına gətirib çıxarıb:
“Bütün bunlar da nəticədə məhsulun maya dəyərinin qalxmasına birbaşa təsir etdi”.
İqlim dəyişikliyi…
Təşkilat bildirir ki, ərzaq qiymətlərinin artmasına təsir edən digər bir amil iqlim dəyişiklikləridir:
“İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 4-cü Hesabatında göstərildiyi kimi son 100 ildə Yer kürəsində orta illik temperatur 0,80o C artıb, okeanın səviyyəsi 15-25 sm qalxıb və okeanların qızma dərinliyi 3000 metrə çatıb. Azərbaycan da qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,3o C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperaturun 1,1-1,3o C artması müşahidə olunub”.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin açıqladığı məlumata görə, hazırda Azərbaycanda kənd təsərüfatına yararlı 1 milyon 400 min hektar torpaq sahəsi var. Bu torpaqların beşdə birində şoranlaşma problemi yaşanır.
Müharibələr…
IDI-nin hesabatında qeyd edilir ki, ərzaq qiymətlərinin qalxmasının digər bir böyük səbəbi Rusiya-Ukrayna münaqişəsidir.
2022-ci ilin fevralından Qara dəniz regionunda artan gərginlik, Rusiyanın Ukraynanın ərazisini işğal eyməsi, dünyada və Azərbaycanda qiymət artımlarına, tədarük zəncirinin pozulmasına və pandemiyadan sonra bərpa olunmağa çalışan qlobal ərzaq bazarında risklərin yaranmasına səbəb olub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabatında dünya buğda ixracının 30 faizindən çoxunun təkcə Ukrayna və Rusiyanın payına düşdüyünü açıqlayıb.
Hesabatda vurğulanır ki, 2022-ci ilin sentyabr ayında ərzaq məhsullarının ümumi illik inflyasiyanın formalaşmasında payı 60 faizə bərabər olub:
“Yəni ərzaq qiymətlərinin artması inflyasiyanın bu cür çox olmasında əsas amildir. Buna görə də inflyasiyanın müəyyən edərkən ən birinci qiymət artımlarının səbəbləri, onların inflyasiyaya təsirləri araşdırılmalıdır”.
Hesabat müəllifləri düşünürlər ki, Azərbaycanda inflyasiyanının yaranmasının daxili səbəbləri bunlardır:
— Pul kredit və vergi sahəsində düzgün olmayan siyasətin aparılması.
— Pul tədavülü qanununa əməl olunmaması.
— Büdcə kəsirinin mövcudluğu.
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) açıqladığı “World Tariff Profiles 2022” hesabatında 2021-ci ildə Azərbaycanın “sadə orta ən əlverişli rejim” gömrük tarifi 8.5 faizə bərabər olub.
Cənubi Qafqaz ölkələrindən Gürcüstanda bu göstərici cəmi 1.4 faizə bərabərdir. Yəni Azərbaycana nəzərən 6 dəfə daha aşağı.
Ermənistanda isə müvafiq göstərici Azərbaycanla müqayisədə 26 faizdaha az – 6.3 faizə bərabərdir.
ÜTT-nin açıqladığı hesabatda gömrük rüsumları kənd təssərüfatı və qeyri-kənd təssərüfatı olmaqla iki formada təsnifləşdirilib.
Həmin hesabata görə, Azərbaycanda 2021-ci ildə kənd təsərüfatı məhsulları üçün tətbiq olunan “sadə orta ən əlverişli rejim” tarifi 13,9 %-ə bərabər olub. Bu göstərici Ermənistanda 8,1 faizə, Gürcüstanda 6 faizə, Rusiyada isə 9,1 faizə bərabərdir.
Nəticə və tövsiyələr
Hesabatın sonunda bildirilir ki, Azərbaycanda bu gün inflyasiyanının bülə artımı əsasən, xarici təsirlərin yaratdığı mənfi nəticələrlə bağlıdır:
“Xüsusən ərzaq inflyasiyasının sürətli artımı bunu deməyə əsas verir ki, kənd təsərrüfatı hələ də böyük həcmdə idxaldan aslı olaraq qalır. Bu isə ölkənin vətəndaşlarının ərzaqla təminetmə səviyyəsini və ərzaq təhsükəsizliyi məsələsini ön plana gətirir”.
Sənəddə qeyd edilir ki, yerli istehsalı sitmullaşdırmaq və idxaldan asılılığı azaltmaq məqsədilə hökumətin güzəştli vergi və gömrük rüsumlarının tətbiqi, kiçik və orta sahibkarlara subsidiyaların verilməsi kimi tədbirlər həyata keçirməsinə rəğmən iqtisadiyyatın idxaldan asılılığı hələ də yüksək səviyyədə qalır:
“Onu da nəzərə almaq lazmdır ki, inflyasiyanın bu cür artımı təkcə dünyada baş verən qeyri-stabil durumlarla bağlı deyil, həmçinin ölkə daxilində dövlətin apardığı
antiinflyasiya siyasətindəki bəzi boşluqlarla, bazar iqtisadiyyatında qiymətlərin müəyyənləşdirilməsindəki çətinliklərlə, bazarlarda inhisarların mövcudluğu ilə əlaqədardır”.
“Bütün bunları nəzərə alaraq, hökumətin ölkədə daxili istehsalı stimullaşdırmaqla bağlımexanizmlərini təkmilləşdirməsi tövsiyə edilə bilər. Çünki idxaldan yüksək asılılıq davam etdikdə, xarici iqtisadi proseslərin ölkədə qiymət artımlarına təsiri yüksək olaraq qalmaqdadavam edəcək”, – deyə sənəddə bildirilir.
IDI hesab edir ki, Azərbaycan iqtisadiyyatında rəqabət mühitinin inkişaf etdirilməsi də qiymətlərin formalaşmasına müsbət təsir imkanlarına malikdir.