Yaxın zamanda Cənubi Asiyada kütləvi insan tələfatına gətirib çıxaracaq genişmiqyaslı münaqişə ocağına şahid ola bilərik.
Bu münaqişə bütöv regionda kəskin siyasi problemlərə səbəb olacaq, yəni həssas stabil vəziyyəti dərin uçuruma aparacaq. Bu münaqişə çox qan axıda bilər.
Qeyd edək ki, mayın 27-də İranın Sərhəd Qoşunları və “Taliban” rejiminə məxsus qüvvələr arasında ciddi toqquşma baş verib. Hər iki tərəfin media qurumları, o cümlədən beynəlxalq media şəbəkələrinin məlumatlarına görə, hər iki tərəf müəyyən itkilərlə üzləşib.
“Twitter”-də “Taliban”a məxsus səhifədə bildirilir ki, qarşıdurma zamanı əfqan döyüşçüləri İranın 18 sərhəd obyektini məhv edib.
Onların sözlərinə görə, İran hərbçiləri indiyədək güclü müqavimət göstərməyib. Həmçinin iddia edilib ki, “Taliban” İranın sərhəd ərazilərində bəzi mövqeləri nəzarətə götürüb. Bir çox informasiya portallarında qeyd olunur ki, Tehran və “Taliban” arasında hərbi-siyasi toqquşmaya İran-Əfqanistan sərhəd ərazilərində təbii su resurslarının paylaşılması üzrə mübahisə səbəb olub.
Bölgədə mövcud durumu şərh edən portallarda vurğulanır ki, İran və Əfqanistan arasında sərhəd bölgələrdə eskalasiya olduqca yayğındır. Bu bölgədə istər ərazi iddiaları, istərsə qaçaqmalçılıq, istərsə də su böhranı ucbatından qarşıdurmaya gətirib çıxaran hadisələr baş verir. İran ordusu və “Taliban” döyüşçüləri arasında mütəmadi olaraq toqquşmaların intensivləşməsi, daha doğrusu, bu qarşıdurmanın kulminasiya nöqtəsinə çatması İran və Əfqanistan arasında müharibəyə gətirib çıxara bilər.
Bəzi güc mərkəzlərinin hər iki tərəfin bir-biri ilə savaşmasında maraqlı olması bir kənara qalsın, bu müharibənin baş verməsi təkcə İran və Əfqanistana yox, həmçinin regionda yerləşən digər ölkələrə - Türkmənistan, Özbəkistan və Pakistana da mənfi təsir göstərəcək. İran və Əfqanistanda məskunlaşan xalqlar bu müharibədən çox zərər çəkəcəklər.
Bir mühüm məqamı da əlavə edək ki, Tehran Əfqanistanda şiə məzhəbinə etiqad edən Xəzər türklərini “Taliban” rejiminə qarşı üsyana qaldırdığı təqdirdə “Taliban” rəhbərliyi də İranın sünnilərin kütləvi şəkildə məskunladığı Bəlucistan və Sistan əyalətində vəziyyəti gərginləşdirməyə çalışacaq. Onsuz da İranın SEPAH qüvvələri və kəşfiyyat orqanları bəluclardan ibarət “Cundullah” terror təşkilatının təhlükələrindən ehtiyat edirlər. Yəni “Taliban”ın milli və dini azadlıqlıqları tapdalanan bəluclardan Tehrana qarşı rahatlıqla istifadə etməsi mümkündür.
İran və Əfqanistan arasında hərbi-siyasi vəziyyətin daha da gərginləşməsi və ya hər iki tərəfin bir-birinə qarşı müharibəyə cəlb olunması Tehranın, o cümlədən Pekin və İslamabadın regional kommunikasiya ilə bağlı layihələrini uğursuzluğa düçar edəcək. Belə desək, Çin-Pakistan iqtisadi koridoru, həmçinin Çinlə Mərkəzi Asiyanı İran və Türkiyə ilə birləşdirən Cənub dəhlizi yararsız vəziyyətə düşücək.
Pekində çox yaxşı anlayırlar ki, hərbi toqquşmaların yaşandığı bölgələrə dəmir yolu çəkmək, yaxud bu bölgələrdən avtomobil yolu ilə Türkiyə və Avropaya yük daşımaq qeyri-mümkündür. Belə olan təqdirdə Çin rəhbərliyi Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən keçən Orta dəhlizin aktivləşməsinə üstünlük verəcək. Nəzərə alaq ki, Çin tərəfindən tərtib edilən “Bir kəmər, bir yol layihəsi”nin şimal və cənub qollarından fərqli olaraq Orta dəhliz Asiya və Avropa arasında məsafəni müəyyən mənada azaldacaq.
Bu da yüklərin daşınmasında vəsaitlərin lazımi çərçivədə xərclənməsinə şərait yaradacaq. Onsuz da bu dəhlizin tam şəkildə reallaşması istiqamətində müəyyən irəliləyişlər əldə edilib. Misal üçün, Qazaxıstan və Azərbaycan hökumətləri Xəzər dənizi üzərindən yüklərin daşınması prosedurlarının sadələşdirilməsi ilə bağlı müəyyən razılaşmalar imzalayıblar. Eləcə də rəsmi Pekin bu dəhliz çərçivəsində layihələrin həyata keçirilməsinə investisiya yatırmağa hazır olduğunu bildirib.
Bununla yanaşı, Xəzər dənizində Qazaxıstanın Aktau və Azərbaycanın Ələt limanı artıq müasir infrastruktur ilə təmin edilib və bu limanlar ətrafında geniş iqtisadi zonaların əsası qoyulub. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xətti də Orta dəhlizin konsepsiyasında ən mühüm prioritet hesab olunur. Həm Qafqazda, həm də Türkiyədə bu dəmir yolu artıq öz faydalarını verməkdədir.
Bununla bərabər, Zəngəzur dəhlizi konsepsiyasını da diqqətdə saxlamaq lazımdır. Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da və 2021-ci ilin yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsinə əsasən Ermənistan ərazisində Azərbaycanın qərb əraziləri ilə Naxçıvan arasında avtomobil və dəmir yolu xətləri yenidən bərpa olunmalıdır. Artıq həm Bakı, həm də İrəvan regional kommunikasiyaların açılması istiqamətində zəruri tədbirlərin görülməsi üçün ümumi razılığa gəlib.
Yaxın zamanda bu məsələnin tam nizamlanması üçün Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan hökumətləri arasında növbəti sənədin imzalanması gözlənilir. Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması istiqamətində işlərin görüldüyü təqdirdə Türkiyə də Naxçıvana dəmir yolu xəttinin çəkilməsini planlaşdıracaq. Belə olan halda Cənubi Qafqaz və Mərkəzi Asiya üçün xüsusi iqtisadi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi tam şəkildə həyata keçəcək.
Bu dəhliz nəinki Azərbaycan, Ermənistan və Türkiyəyə üstünlüklər qazandıracaq, hətta Orta dəhlizin məsafəsini daha da qısalaşdırıcaq. Ümid edirik ki, Orta dəhlizin aktivləşməsindən ötrü atılan addımlar və görülən tədbirlər öz bəhrəsini verəcək.
Yunis Abdullayev
Cebhe.info