Ötən ay naməlum şəxslərin Kreml Sarayına pilotsuz uçuş aparatları ilə hücumu və bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putinin Gelencik vilayətindəki malikanəsi yaxınlığında ukraynalı təxribatçının partlamağa hazır sursatla yaxalanması Rusiya təhlükəsizlik bölmələrində təşviş yaradıb və Putinə qarşı mümkün hücum üçün ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.
Musavat.com xəbər verir ki, bu gün Qərb mediasında diqqətçəkən iddia ortaya çıxıb.
Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Strelkov iddia edib ki, “Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin Putinin çevrəsindən olan komanda ilə hərəkət edərək Rusiya liderini devirmək məqsədi güdür.
Strelkov Vaqner əsgərlərinin Ukraynanın Baxmut şəhəri ətrafındakı döyüş bölgəsindən geri çəkildiyini xatırladıb və Priqojinin Putini devirmək üçün bu əsgərlərdən istifadə edə biləcəyini önə sürüb.
O, “Vaqner” rəisinin bəzi ordu və dövlət elitalarına müharibə elan etdiyini və bunu "tək" edə bilməyəcəyini, yanında yaxın birinin olduğunu bildirib.
Rusiyanın 2014-cü ildə Krımın və Donbasın bir hissəsinin ələ keçirilməsində də mühüm rol oynayan keçmiş FSB əməkdaşı İqor Strelkov indiyə qədər Putinin yaxınlığında çox güclü çevrənin olduğuna, lakin mövcud vəziyyətin pisləşməyə başladığına diqqət çəkib.
“Əgər Priqojin Vaqnerin başında qalsa, üsyan tez və köklü şəkildə baş verəcək. Bundan sonra, xüsusən də “Vaqner” geri çəkildikdə nə olacağını bilmirəm. Çevriliş təhlükəsi aydındır. Ölkədə daxili siyasi vəziyyət ən geci yayın sonuna qədər tanınmayacaq dərəcədə dəyişə bilər” - Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri qeyd edib.
O, Putin əleyhinə olan rus partizanların Belqorod bölgəsinə son hücumlarına diqqət çəkərək, inqilab olacağını qeyd edib.
Qeyd edək ki, bir müddətdir muzdlu hərbi qruplaşma olan “Vaqner”in lideri Yevgeni Priqojin ilə Kreml administrasiyası arasında gərginlik yaşanır.
Vaxtilə Rusiya prezidenti Putinə yaxınlığı ilə tanınan və “Putinin aşpazı” adlandırılan “Vaqner”in lideri Yevgeni Priqojin son aylarda Rusiyanın yüksək rəhbərliyinə qarşı verdiyi sərt açıqlamalarla gündəmə gəlib.
Qərb mediası Priqojinin açıqlamalarının Kremllə Vaqner arasındakı böhranın sübutu olduğunu yazır.
Musavat.com