Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyan Azərbaycandan nəyi qoparmağa çalışır? - Qəbuledilməz tələb

2-06-2023, 18:13   


Paşinyan Azərbaycandan nəyi qoparmağa çalışır? - Qəbuledilməz tələb


Azərbaycan və Ermənistan liderlərinin Kişineuda keçirilən görüşündə 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq sərhədlərin delimitasiya aparmağa ilkin razılıq veriblər. 

Bu barədə açıqlama verən Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, müzakirələri faydalı hesab etmək olar: 

“Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub”. 

O, həmçinin Ermənistan tərəfinin anklav kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu vurğulayıb. Söhbət hələ də Ermənistanın işğalda saxladığı Qazax rayonunun yeddi kəndi (Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Barxudarlı, Qızılhacılı, Xeyrimli) və Sədərək rayonunun Kərki kəndindən gedir. 

Paşinyan bildirib ki, Sovet İttifaqının müxtəlif illərdə nəşr olunan ensiklopediyalarında Ermənistanın ərazisi 29,8 min kvadratkilometr göstərilir. Bu nöqteyi-nəzərdən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində hansı ilin xəritəsinə - 1975-ci ilə və ya məsələn, 1969-cu ilə əsaslanacağı o qədər də vacib deyil, delimitasiya prosesinin özü vacibdir. 

“Buna əsaslanaraq, 1975-ci ildən Sovet İttifaqının Baş Qərargahı tərəfindən təsdiq edilmiş xəritələri rəhbər tutmaq məqsədəuyğundur, çünki güman edilir ki, bu, Alma-Ata bəyannaməsindən əvvəl 1991-ci ilə qədər bu formatda təsdiqlənmiş sonuncu xəritədir”,- Paşinyan belə deyib. Lakin Paşinyan burada təhrifə və ya saxtalaşdırmaya yol verib. 

Əvvəla, Ermənistan SSRİ-nin tərkibinə 11 min kv.km. ərazi ilə daxil olub. Sonradan mərhələli şəkildə Azərbaycan torpaqlarını qəsb etməklə öz ərazilərini artırıb. Lakin 1963, 1969, və 1975-ci illərdə Sovet döründə nəşr olunmuş atlaslarda və Böyük Sovet Ensiklopediyasında Ermənistanın ərazisi 29,743 kv.km göstərilir.

Yəni Paşinyan yuvarlaqlaşdırma aparmaqla Azərbaycandan ərazi qoparmağa çalışır. Baş nazir işğal altındakı anklavlara toxunaraq qeyd edib ki, məsələnin həm siyasi, həm də hüquqi tərəfləri var. 

O iddia edib ki, 29,8 min kv.km Ermənistan ərazilərinə, Başkənd (Artsvaşen) kəndi, həmçinin 1990-cı illərin əvvəllərindən azərbaycanlıların nəzarətində olan Tavuş vilayətinin Bibiş (Berkaber) kəndinin əraziləri, Tatlı (Paravakar), Hönüt (Ayqevotiya), Lələkənd (Vazaşen), Zod-Xəzinəvar (Sotk-Xoznavar) məntəqəsinin əraziləri də daxildir.

Psaşinyan Zod-Xəzinəvarın ərazisinin guya işğal olunduğunu iddia edib. Lakin Paşinyan sərhədlərin 1975-ci il xəritələri əsasında delimitasiyası üçün qoşunların “güzgü” prinsipi əsasında geri çəkilməsini təklif edib. 

Bununla da Paşinyan hiyləgər manipulyasiya edərək Azərbaycan qoşunlarının şərti dövlət sərhədindəki indiki mövqelərini tərk etməsinə və ən azı 1 və ya bir neçə kilometr geri çəkilməsinə nail olmağa çalışır. Bununla da Şərqi Zəngəzurdakı strateji əhəmiyyətə malik yüksəkliklərin Azərbaycanın nəzarətindən çıxmasına çalışır. “Güzgü” prinsipi tətbiq olunarsa, sərhədlərin delimitasiyası və demarkasiyası on illərlə çəkə və işğal altındakı kəndlərin qaytarılması qeyri-müəyyən müddətə təxirə düşə bilər. 

Ermənistan isə səkkiz kəndi sərhədlərin delimitasiyası prosesi çərçivəsində və ərazi mübadiləsi əsasında qaytarmağı təklif edir. Halbuki, Ermənistan kapitulyasiya sənədinə imza atmış ölkə kimi işğal altındakı kəndləri qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Ona görə də heç bir ərazi mübadiləsindən söhbət gedə bilməz.

Hətta Azərbaycan həmin kəndləri hərbi əməliyyatlarla azad etmək hüququndan istənilən vaxt istifadə edə bilər. Buna baxmayaraq, müharibədə məğlub olmuş Ermənistan özünü diqtə edən tərəf kimi aparmağa çalışır. Paşinyanın çıxışın təhlili onun fikirlərində heç bir məntiq olmadığını göstərir. 

Paşinyan işğal altındakı 8 kəndin qaytarılması müqabilində Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsini təklif edir. Qeyd edək ki, tarixi Azərbaycan torpağı olan Başkənd 1920-ci ildə bolşevik Rusiyası tərəfindən qanunsuz olaraq Ermənistan SSR-in tərkibinə verilib. Birinci Qarabağ müharibəsi zamanı Başkənddə yaşayan ermənilər silahlanaraq yolları bağlayıb, Gədəbəy rayonunun digər kəndlərinə hücum edib dinc əhalini qətlə yetirib. 

Ona görə də Azərbaycan Ordusu 1992-ci ildə hərbi əməliyyat keçirərək Başkəndin azad olunmasına nail olub. İndi isə Nikol Paşinyan işğal altındakı əraziləri qaytarmaq müqabilində Azərbaycanın strateji əghəmiyyətə malik yüksəklikdəki kəndinin Ermənistana verilməsini istəyir. Əvvəla, 8 kənd işğal edildiyinə görə heç bir ərazi mübadiləsindən söhbət gedə bilməz. 

İkincisi, Başkənd tarixi Azərbaycan torpağıdır. 

Üçüncüsü, Azərbaycan tərəfi Sovet dönəmində Gədəbəy rayonunun qanunsuz olaraq Ermənistana verilmiş ərazilərinin, o cümlədən Tağlar kəndinin və onun 6 min hektar otlaq, meşəlik sahəsinin qaytarılması barədə məsələ qaldırmaq hüququndan istifadə edə bilər. Ermənilərin adını Berkaber qoyduğu Bibiş (başqa bir qədim adı isə Coğazdır )kəndi Erməntanın Karvansaray (İcevan) rayonunda yerləşir. 1988-89-cu illərdə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonra kənddə ermənilər yaşamağa başlayıb. 

Bibişin ərazisində yerləşən su anbarı Karvansaray rayonunu su ilə təhciz edir ki, bu da kəndin çox strateji əhəmiyyətli olduğunu göstərir. Kənddə indi də erməni əhalisi yaşayır və yaşayış məntəqəsi heç vaxt Azərbaycan ordusu tərəfindən işğal edilməyib. Əksinə, Bibiş kəndi istiqamətindən Qazax rayonunun sərhədyanı kəndləri və hərbi mövqelərimiz atəşə tutulur. Sadəcə, Paşinyan bu kəndin məsələsini gündəmə gətirməklə Bibişin Ermənistan ərazisi kimi Azərbaycan tərəfindən rəsmən tanınmasına nail olmaq istəyir. 

Digər məqsəd isə ermənilər tərəfindən ələ keçirlmiş ətraf yüksəkliklərin və su anbarına nəzarətin Ermənistanda qalmasına nail olmaqdır. Paşinyan yaxşı bilir ki, Qərbi azərbaycanlıların öz vətəninə qaytarılması məsələsi qaldırılsa, beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Bibişdə məskunlaşmış erməni sakinlər oradan çıxmalı, deportasiya edilmiş yerli əhali tarixi torpaqlarına dönməlidir. Ona görə də Ermənistan rəhbərliyi bu kəndin ermənilərə məxsus olduğuna dair güzəşt qoparmağa çalışır.

Karvansaray rayonunun kəndləri ilə bağlı məsələdə kompromis yalnız Ermənistanın Başkəndə iddiasından geri çəkiləcəyi halda mümkün ola bilər. Ancaq delimitasiya və demarkasiya prosesi 1975-ci ilin topoqrafik xəritələri əsasında aparılacaqsa, o zaman Birinci Qarabağ müharibəsində Bibiş kəndi ətrafında işğal olunmuş hakim yüksəkliklər Azərbaycana qaytarılmalıdır. 

Paşinyanın “Paravakar” adlandırdığı kəndin əsl adı Tatlıdır. Sovet dövründə Tatlı kəndi Ermənistan SSR-in ərazi-inzibati vahidinə daxil edilib və qanunsuz olaraq həmin yaşayış məntəqəsində ermənilər məskunlaşdırılıb. Ermənistanın Azərbaycana qarşı işğaçılıq müharibəsi başladıqdan sonra bu ərazidən Ağstafa rayonunun həmsərhəd Tatlı kəndi daim atəşə tutub. Hər iki kəndin Tatlı adlanması bu ərazilərin tarixi Azərbaycan torpağı olduğunu sübut edir.

Lakin Azərbaycan indiyə qədər ermənilərin “Parakavar” adlandırğı Tatlı kəndini işğal etməyib və heç vaxt ərazi iddiası irəli sürməyib. Paşinyanın Tatlı kəndinin Azərbaycan Ordusunun nəzarətində olması barədə fikirləri isə yalandır. Paşinyanın Ayqeovit adlandırdığı kəndin əsl adı Uzuntala, yaxud Hönütdür. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda yerləşən Hönüt kəndi SSRİ dönəmində qanunsuz olaraq Ermənistana verilib. Kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər.

1988-ci ildə azərbaycanlı əhali qovulduqdan sonra kənddə ermənilər məskunlaşıblar. Azərbaycan Ordusu heç vaxt Hönüt kəndini nəzarətə götürməyib və erməni əhali də oranı tərk etməyib. Azərbaycan Hönüt kəndinə ərazi iddiası da irəli sürməyib.

Paşinyanın Vazaşen adlandırdığı kəndin əsl adı Lələkənddir. Tarixi Azərbaycan torpağı olan bu kəndin adı sonradan dəyişdirilərək, Vazaşen qoyulub. Kənd Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. SSRİ dövründə Lələkənd Ermənistanın Karvansaray rayonunun ərazi-inzibati vahidinin tərkibinə verilib. 1935-ci ildə kənd Laləkənd, sonra Laləqyux, 1978-ci ilin yanvar ayında isə Ermənistan SSR Ali Sovetinin qərarı ilə ermənicə Vazaşen adlandırılıb. 

1988-ci ildə Qərbi Azərbaycanın digər ərazilərində olduğu kimi Lələkənd kəndindən də azərbaycanlı əhali deportasiya edilib. Ermənistan ordusu Birinci Qarabağ müharibəsi zamanı Lələkənddən hücuma keçərək hakim yüksəklikləri, Qazax rayonunun Sofulu və Barxudarlı kəndlərini işğal edib.

Ermənilərin həmin istiqamətdə hücuma keçərək Qazax rayonunun Bala Cəfərli kəndini işğal etməsinin qarşısını almaq üçün 1992-ci il dekabrın 29-da Azərbaycan ordusunun əks-hücum əməliyyatı keçrirlib. Lakin düşmənin əməliyyat barədə öncədən məlumatlı olması Azərbaycan əsgərlərinin pusquya düşməsi və 32 nəfərin şəhid olması ilə nəticələnib. Lakin Ermənilər Bala Cəfərli kəndini işğal edə bilməyib. Hazırda Paşinyan Lələkənd məsələsini qabartmaqla Qazax rayonunun ərazisinə düşən yüksəkliklərin Ermənistanda qalmasına nail olmağa çalışır. Hazırda Lələkənddə erməni əhali yaşayır.

Kəlbəcər rayonunun sərhədində yerləşən Zod-Xəzinavar ərazisi dedikdə isə Paşinyan dolayısı ilə 3554 metr hündürlüyə malik Böyük İşıqlı yüksəkliyinə və “Söyüdlü” (Zod) qızıl yatağının Azərbaycana məxsus hissəsinə iddiasını ortaya qoyur. Bütün bunlar isə qəbuledilməzdir. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar