Ərdoğanın varisi o olacaq: Sensasion isim - Video

5-06-2023, 15:22   





Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yeni qalib gəlməsinə və 5 illik müddətin cəmi bir gündür başlamasına baxmayaraq, artıq 2028-ci il üçün Ərdoğanın varisinin kim olacağı müzakirəsi başlayıb.

Axar.az xəbər verir ki, tanınmış rusiyalı siyasi ekspert Sergey Markov da “Ərdoğan 5 ildə nələr edəcək” sualına ilk olaraq “varisini seçəcək” cavabı ilə bu müzakirələrə qatılıb. Onun fikrincə, 2028-ci ildə Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini verməyəcək, ancaq ideyalarını və başlatdığı layihələri davam etdirmək üçün mütləq varisini müəyyənləşdirəcək.

3 iyunda Ərdoğanın Nazirlər Kabinetinin yeni tərkibini elan etməsindən sonra isə “varisin kimliyi” sosial şəbəkələrdə hallanmağa başlayıb. Belə ki, Hakan Fidanın XİN rəhbəri təyin olunması ilə sosial şəbəkələrin Türkiyə seqmentində onun Ərdoğanın varisi olacağına qəti əminlik ifadə olunmaqdadır. Eyni zamanda, Hakan Fidan haqda yalnız və yalnız müsbət fikirlər səsləndirilir və Ərdoğandan sonra Türkiyəni qorumağa qadir şəxs olaraq xarakterizə edilir.

Türkiyə ilə bağlı araşdırmaları ilə diqqət çəkən politoloq Ruslan Bəşirli də Hakan Fidanın personası üzərində dayanıb. O bildirib ki, Hakan Fidan bütün dünyada Türkiyə Cümhuriyyəti tarixinin ən güclü kəşfiyyat rəhbəri kimi qəbul olunur:

“MİT-ə rəhbərlik etdiyi dönəmlərdə daim ABŞ və Avropa mətbuatında onun haqqında “gizemli adam” başlığı ilə yazılar gedib. Ərdoğan isə onu Türkiyənin “sirr küpü” adlandırıb. ABŞ başda olmaqla, bir çox Qərb ölkələri Fidanı Ərdoğandan sonra ən böyük düşmənləri kimi qəbul ediblər. Məhz bu səbəbdəndir ki, FETÖ-nün 2014 və 2016-cı il çevriliş təşəbbüsləri zamanı ilk hədəf aldıqları adam MİT rəhbəri Hakan Fidan idi. Hakan Fidan Türkiyənin PKK və FETÖ-yə qarşı mübarizəsinə ən ciddi töhfə verən şəxs kimi qəbul olunur. Onun başçılığı ilə bir çox terror baronu ölkə xaricində ya yaxalanaraq Türkiyəyə gətirilib, ya da məhv edilib. Fidan Ərdoğanı həm Baydenlə, həm də Putinlə görüşlərdə müşayət etməsi ilə də tanınır”.

Ekspert Hakan Fidanın Ərdoğanın varisi olacağı haqda fikirlər toxunaraq bildirib ki, bəziləri Fidanın məhz bu posta hazırlanması üçün siyasətə gətirildiyini (XİN başçısı olduğunu – red.) düşünür.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar