"UKRAYNA ORDUSU BU İSTİQAMƏTDƏ BİRİNCİ MÜDAFİƏ XƏTTİNİ YARIB" - Rusiya Ukrayna əks-hücumunun başladığını elan etdi, Kiyev isə susur

5-06-2023, 15:25   



“Bir çox Rusiya bloqerləri bildirirlər ki, Ukrayna ordusu Rusiya müdafiəsinin birinci xəttini yarıblar və bu rayonda 500 metrdən 3 kilometrə qədər irəliləyiblər”.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) bugünkü hesabatında belə deyilir. Hesabatda söz açılan rayon isə Zaporojye vilayətinə aiddir.

ISW bildirir ki, həqiqətən də iyunun 4-də Ukrayna ordusu Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin şərqində taktiki uğurlara və irəliləyişə nail olub. İnstitutun mütəxəssiləri bir çox videogörüntülərin geolakasiyasını təhlil etdikdən sonra Ukrayna ordusunun Rivnopolun şimal-şərq hissəsində irəlilədiyi qənatəinə gəliblər.

Rusiyalı hərbi bloqerlər isə ukraynalıların artıq Novodarovka və Neskuçnı yaşayış məntəqələrini azad etdiklərini yazırlar. ISW bu xəbərləri təsdiqləsə də, bunun Ukrayna ordusunun genişmiqyaslı əks-hücumun başlanğıcı olub-olmadığını müəyyən edə bilməyib. Belə ki, institutun hesabatına görə, əməliyyatlar hələlik məhdud xarakterlidir və döyüşlərə böyük miqdarda hərbi qüvvənin cəlb olunduğunu söyləmək olmur.

Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi guya artıq Ukrayna ordusunun geniş miqyaslı əks-hücumunun başlandığını, lakin Rusiya ordusunun qarşı tərəfin həmlələrinin qarşısını aldığını bəyan edib. Nazirliyin bugünkü məlumatında deyilir ki, guya Ukrayna ordusu “cənubi Donetsk” cəbhəsində 5 istiqamətdə hücuma keçib. Hücumda altı mexanikləşdirilmiş və iki tank batalyonu iştirak edib. Nazirlik iddia edir ki, əməliyyata guya Ukraynanın strateji ehtiyatlarına aid iki briqada cəlb olunub. Hətta Ukraynanın hücuma keçdiyi 5 istiqamətdən birindəki komanda-idarəetmə məntəqəsində şəxsən Baş Qərargah rəisi Valeri Gerasimovun özünün olduğu bildirilir. Nəticədə guya Ukraynanın hücum cəhdi tam uğursuzluğa düçar olub, iki yüz əlli ukraynalı döyüşçü, 16 ədəd tank və zirehli texnika məhv edilib.

Ancaq rəsmi Kiyev nə rusiyalı bloqerlərin və ABŞ Müharibə Araşdırmaları İnstitutunun Rusiya müdafiəsinin birinci xəttinin yarılması, bir neçə yaşayış məntəqəsinin azad edilməsi barədə xəbərə, nə də Rusiya Müdafiə nazirliyinin bəyanatına şərh vermir. Ukrayna Baş Qərargahının son hesabatında yalnız Rusiya tərəfinin Baxmut və digər istiqamətlərdə aktivlik göstərməyə çalışdığı, lakin bütün istiqamətlərdə cavab tədbirlərinin görüldüyü barədə məlumat yayıb.

Zaporojyedəki işğalçı administrasiyanın “rəhbərlərindən” biri, kollobarant Vladimir Roqov isə öz “teleqram” kanalında Ukrayna ordusunun bu gün səhərdən etibarən böyük qüvvələrlə Zaporojye vilayətinə aid Vremevsk istiqamətində hücuma keçdiyini və geniş ərazidə cəbhəni yarmağa çalışdığını yazıb.

Bu arada Ukrayna Silahlı Qüvvələrinə informasiya dəstəyi verən “StartKom” “teleqram” kanalı Ukrayna əhalisinə xəbərdarlıq edib. Kanal bildirib ki, Rusiya informasiya müharibəsi çərçivəsində guya Ukraynanın geniş miqyaslı əks-hücuma keçdiyi və uğursuzluğa düçar olduğuna dair kütləvi dezinformasiyalar yaymağa başlayır. Bu zaman köhnə, montaj edilmiş, yaxud səhnələşdirilmiş videokadrlardan istifadə olunacaq, guya əsir düşmüş ukraynalı hərbçilər, vurulmuş hərbi texnikalar göstəriləcək. Məqsəd əhali arasında ümidsizlik və inamsızlıq, mənfi əhval-ruhiyyə, ruh düşkünlüyü yaratmaqdır. Buna görə “StartKom” əhalini yalnız Ukrayna hərbi-siyasi rəhbərliyinin rəsmi açıqlamalarına inanmağa və istinad etməyə çağırıb.

Beləliklə də cəbhədə gerçəkdən nə baş verdiyi barədə obyektiv məlumat almaq çətindir. Ancaq o da məlumdur ki, Ukrayna hərbi-siyasi rəhbərliyi Xarkov və Xerson əks-hücum əməliyyatlarında son ana – konkret yaşayış məntəqələri azad olunana və şəhərlərə Ukrayna bayrağı sancılana qədər heç bir rəsmi məlumat yaymırdı. Hazırda hamının gözlədiyi geniş miqyaslı əks-hücumda da eyni strategiyadan istifadə olunacağı istisna olunmur. Odur ki, ola bilsin əks-hücum gerçəkdən də başlayıb və onun əks-sədası yaxın günlərdə özünü büruzə verə bilər...

C.Məmmədov

“AzPolitika.info” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar