Zavallı İlkinin ilkin ifadəsi – “Günahsız Abdulla”dan necə manyak Çikatilo düzəltdilər...

5-06-2023, 22:48   


İlkin Süleymanovun 18 il müddətinə azadlıqdan məhrum olunduğu gün dünya və ölkə mediasında yayılan bir xəbərin başlığına baxın: “4 uşağını öldürdüyü iddiası ilə həbs olunan qadının 20 il sonra günahsız olduğu məlum oldu”.

Qadın 20 ildir dörd divar arasındadır, bütün həyatı məhv olub, amma günahsız imiş. Heç demə, onun övladları gen mutasiyası səbəbindən özləri bir yaşa çatdıqda təbii yolla ölürmüşlər. Müasir tibbin elmi yeniliyi bu müdhiş sirrin üstünü açıb.

Ancaq bu, həm də o deməkdir ki, 20 il əvvəl prokurorlar və hakimlər əllərində qadının təqsirinə dair gerçək və ciddi sübutlar olmadan ittiham irəli sürüblər və zavallı qadını məsum olduğu halda ağır cəzaya məhkum ediblər.

Günümüzdə və öz ölkəmizdə isə bir İlkin Süleymanov vaqiəsi var. Onun 39 il öncə gürcü yazıçısı Mixail Cavaxişvilinin məşhur əsəri əsasında lentə alınan “Günahsız Abdulla” tele-tamaşasının qəhrəmanına döndərilməsi hamımızın gözü qarşısında baş verir. Ancaq bizim “günahsız Abdulla”mızın hökmü başqa bir qatil-manyakın hökmünü xatırladır. Bu barədə sonrakı abzaslarda.

Bu prosesi izləyən bütün vicdanlı jurnalistlər sırf işin materiallarına dayanaraq əmindirlər və birmənalı şəkildə bildirirlər ki, 12 yaşlı qızın qatili İlkin Süleymanov deyil, onu sadəcə, şərləyiblər, fikirləşiblər və “günah keçisi” kimi onu, özünü müdafiə edə bibilməyəcək birini seçiblər.

İstintaqın materiallarında o qədər ziddiyyətlər, uyğunsuzluqlar, dolaşıqlar, sübut yetərsizlikləri var idi ki, İlkin Süleymanova cəza kəsilməsinin absurd olacağı öncədən aydın idi. Lakin “cinayət işini” açmaq və kimisə mühakimə etmək ehtirasına qapılmış adamlar ağına-bozuna baxmadan məhkəmə hökmü çıxardılar. Bu işin bu şəkil almasında sabiq baş prokuror Zakir Qaralovun adı çəkilir. Məhz o, yuxarıdan aldığı göstəriş əsasında qalmaqallı qətl hadisəsini tezliklə açmaq vədi vermiş, elə ertəsi gün “günahkar”ı seçib tutumuşdular.

(Z.Qaralov 2000-ci ilin avqustunda da telekameralar qarşısında qalmaqallı işin – “təyyarəqaçırma” olayının əsas təşkilatçı fiqurantının tutulduğuna dair əmin-arxayın bəyanat vermişdi və 45 gündən sonra o iş fıs çıxmışdı, o isə xəcalət çəkmədən uzun illər baş prokuror postunda qaldı).

Belə görünür ki, ittihamçı tərəfin əlində ən tutarlı dəlil İlkin Süleymanovun ibtidai istintaqa verdiyi “etiraf”dır. Həmin etirafın necə alındığı hələ sovet dövrünün ilk vaxtlarından bəllidir. İndiyədək min dəfələrlə sübut olunub ki, “ilkin ifadə”lər əsasən işgəncə yoluyla alınır, şübhəli şəxs öldürüləcəyindən qorxaraq, yaxud da məruz qaldığı işgəncənin ağrı-acısına tab gətirməyərək, “günahını etiraf edir”, canını qurtarır. 1937-38-ci illərdə bu şərtlər altında ilkin istintaqda etdiyi etirafa görə yüz minlərlə adam güllələnib və onların 90 faizi sonradan bəraət alıb.

Şübhəsiz ki, İlkin Süleymanov da qətl törətdiyini təzyiq altında “boynuna alıb”. Başqa variantı olmayıb. Ancaq uzun çəkən məhkəmə prosesində o, yalnız həqiqəti danışdı, nə özü, nə vəkilləri, nə də yaxınları onun qətl törətmə ehtimalını yaxına buraxmadı.

Yüngülvari də olsa qəribəliyi olan bir şəxsdə bu qədər iradə haradandır? Qətiyyən mümkün deyil ki, belə bir adam bu cür sarsılmaz iradəyə sahib olsun. Heç bir qatil dirəşə bilməzdi, qətl törədibsə, bir yerdə sınar, hər şeyi boynuna alardı. Bu dirəniş günahsız adamın dirənişiydi. Yalnız günahsız adam sona qədər beləcə dayana bilər. Məşhur rusiyalı serial qatil, seksual manyak Andrey Çikatilo istintaqın və məhkəmənin ağır psixoloji mühitinə, təsirlərinə dözməyərək, törətdiyi bütün qətlləri etiraf etmişdi, hətta istintaqa məlum olmayanları da detallı şəkildə sadalamışdı. İndi İlkin Süleymanov Çikatilodan daha iradəli və daha hiyləgər oldumu? Bu ehtimal 0-ın altındadır.

Bu işlə ilgili olan adamlar az qala əsl qatilin adını çəkir, ünvanını da göstərirlər, amma baxan yoxdur. Sanki onlar tezliklə kiminsə bu qalmaqallı işə görə mühakimə olunmasını, söhbətin bağlanmasını istəyirlər.

Ortada maraqlı tərəflərin olduğu da bildirilir. Bu hökmü qətli törədənin və işi ört-basdır etməyə çalışanların işbirliyinin nəticəsi sayanlar dediklərinə əmindirlər. Başqa vaxt belə qalmaqallı qətlə görə 3-cü, 5-ci dərəcəli adamları da istintaqa cəlb edər, işi böyüdərdilər, İlkin qohumlarının ortaya qoyduqları dəlil-sübuta, çəkdikləri adlara məhəl qoyan yoxdur.

Əgər bir naxoş adam zərərçəkəni uzun müddət girov saxlayıb, sonda öldürübsə, o kənd yerində heç cür bunu təkbaşına edə, girovu bu qədər dəqiqliklə gizlədə bilməzdi, mütləq kimsə bilməliydi və ona kömək etməliydi. Adam mühakimə edilirsə, demək, ona kömək edənlər də mühakimə olunmalıydı. Bəs İlkinin yaxınlarından, əzizlərindən kimsə istintaqa, məsuliyyətə cəlb olundumu? Olunmadı.

Ona görə ki, istintaqçılar yaxşı bilirdilər, belə bir işə qol qoysalar ağ olar, bir ailədən birini şərləyiblər, bəsdir, ikincini, üçüncünü şərləmək mümkün deyil. Heç bu qədər günahsız adamı mühakimə etmək, dalında durmaq da olmaz, o “torba” mütləq cırılar.

Yəqin ki, elə də olacaq, İlkin Süleymanovu onun üçün tikilmiş “torba”nın içinə salsalar da, ağzını büzə bilməyəcəklər.

Uzun sözün qısası, Ali Məhkəmə bu işi nəzarətə götürməli, yenidən ibtidai istintaqa qaytarmalıdır. Hər şey yenidən araşdırılmalıdır. Ortada çoxlu suallar var və onların hamısına doğru-dürüst cavablar verilməlidir. Uyğunsuzluqlar, ziddiyətlər izah edilməlidir. İctimaiyyət bu məsələ ilə bağlı heç vaxt olmadığı qədər narahatdır, əsl qatilin himayə olunmasına, təqsirsiz şəxsin məhkum olunmasına qarşıdır. Ortada dövlətin reputasiyası məsələsi var, çünki məşhur ifadə ilə desək, ədalət dövlətin (mülkün) təməlidir. 3-5 min, lap olsun, 30-40 min manat pula görə dövlətin ədaləti müzakirə mövzusu olmamalıdır.

musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar