Ukraynanın Rusiyanın nəzarətində olan hissəsində dağılan böyük bəndin aşağı axınında minlərlə insan təxliyə edilir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı günahlandırıb və Nova Kaxovkadakı bəndin dağıdılmasından sonra 80 şəhər və kəndin su altında qala biləcəyini deyib.
Dağılan bəndin üzərində olduğu Dnepr çayının aşağı axarında yerləşən Xerson şəhəri üçün bu daşqın fəlakətlə nəticələnə bilən risk hesab olunur.
Rusiya nəzarəti altında olan bəndin dağıdılmasında rolunu inkar edib, əvəzində Ukraynanı atəş açaraq bəndi partlatmaqda günahlandırıb.
BBC nə Ukrayna, nə də Rusiyanın iddiasını təsdiqləyə bilməyib.
Stratpoints Fondunun hərbi eksperti, Polşa hərbi əks-kəşfiyyatının keçmiş rəis müavini Maciej Matysiakın sözlərinə görə, Kaxovka su elektrik stansiyası bəndinin dağılması nəticəsində Rusiya qoşunları Ukraynanın gözlənilən əks-hücumuna qarşı müdafiə mövqelərini yaxşılaşdırıblar.
Ekspert hesab edir ki, cəbhə xəttində yerləşən nəhəng bəndin dağıdılması nəticəsində yaranan daşqın Ukrayna silahlı qüvvələrinin bir aya qədər ərazidə tank və ya piyada döyüş maşınları kimi ağır silahlardan istifadə etməsinə mane olacaq.
"Hər zaman faydalananı axtarın. Hazırda qazanc Rusiya tərəfindədir, çünki Kaxovkada bəndin partlaması Ukrayna ordusundan hücum hərəkəti gözləyən ruslar üçün çox yaxşı müdafiə mövqeləri yaradır", - Maciej Matysiak deyib.
"Reuters"ə müsahibəsində analitik bildirib ki, Rusiya qoşunlarının daşqın səbəbindən ciddi təchizat problemi olmayacaq.
"Ruslar öz nəzarətlərində olan cənub dəhlizinə - Rusiya ilə Krım arasındakı quru dəhlizinə nəzarət edirlər, orada onlar xeyli ərazini işğal ediblər, həmin bölgədə çoxlu yollar, körpülər var. Ona görə də onlar üçün problem olmamalıdır", - Maciej Matysiak deyib.
"Reuters" yazıb ki, Dnepr çayı üzərindəki bəndin dağıdılması nəticəsində Ukraynanın gözlənilən əks-hücumunun mənzərəsi indi bulanıqdır və müharibə zonasında yaşayan mülki əhalini ekoloji fəlakət riski qarşısında qoyub.
Bununla belə, Maciej Matysiak güman edir ki, hücum zamanı Ukrayna qoşunları çayı şimaldan, Dnepr şəhəri yaxınlığından keçərək su basmış ərazilərdən yan keçə biləcəklər.
O inanır ki, daşqın Ukrayna xüsusi əməliyyat qüvvələrinin əks-hücumuna heç bir şəkildə mane olmayacaq, çünki "yüngül silahlanmış mobil birləşmələr Dneprdən və ya su basmış ərazilərdən kifayət qədər asanlıqla keçə bilər".
Dnepr üzərindən keçidlər tikmək və Rusiyanın müdafiə xətlərini yarmaq üçün lazım olan ağır texnika və silahlardan istifadəyə gəlincə, ekspertin fikrincə, hava şəraitindən asılı olaraq, torpaq kifayət qədər tez quruya bilər ki, tırtıllı maşınlar onun üzərində təxminən 10 dəqiqə hərəkət etsin.
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı çıxış edərək, bəndin dağıdılmasının Ukraynanın öz ərazisini azad etmək üçün əməliyyatını davam etdirməsinə təsir etmədiyini və Ukrayna Silahlı Qüvvələrinin hərbi komandanlığının hesabatlarından belə nəticə çıxardığını bildirib.
Xerson vilayətinin cənubunda yerləşən, hazırda Rusiya işğalı altında olan Novaya Kaxovka şəhərində minlərlə ev su atında qala bilər.
Ukraynanın Baş prokuroru Andrey Kostin bildirib ki, su elektrik stansiyasının bəndinin dağıdılmasından sonra su basmış ərazilərdən 17 mindən çox insan təxliyə edilir.
"40 mindən çox insan su basmış [ərazilərdə] qalmaq təhlükəsi ilə üz-üzədir."
Andrey Kostinin sözlərinə görə, Dnepr çayının Rusiya tərəfindən işğal olunmuş tərəfində daha 25 min insan təxliyə edilməlidir.
Bundan əvvəl Xersonun regional qubernatoru bəndin dağılmasından sonra ərazidəki azı səkkiz müxtəlif yaşayış məntəqəsinin su altında qaldığını deyib. Oleksandr Prokudin rəsmilərin daha çox daşqınlara hazırlaşdığını deyib.
Prokudin Telegram-da qeyd edib ki, risk altında olan bölgələrdə yaşayan sakinlər avtobuslarla Xersona təxliyə olunur, daha sonra onlar paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərinə köçürüləcəklər.
O əlavə edib ki, təxliyə qatarı günorta Xersondan Mykolayv şəhərinə yola düşəcək.
BMT-nin atom energetikasına nəzarət idarəsinin rəhbəri bildirib ki, Zaporojye nüvə stansiyasında soyuducu suyun olmaması onun dizel generatorunun sıradan çıxmasına səbəb ola bilər.
Atom stansiyasının ətrafı - dağıdılmış bəndin yaxınlığındakı sahə - Rusiyanın nəzarətində olan Ukrayna ərazisindədir.
"Əsas soyutma su sistemlərində uzun müddət soyuducu suyun olmaması yanacağın əriməsinə və qəza dizel generatorlarının sıradan çıxmasına səbəb ola bilər", - Beynəlxalq Atom Energetikası Agentliyinin rəhbəri Rafael Grossi deyib.
Lakin onun sözlərinə görə, "stansiyanın təhlükəsizliyi üçün dərhal risk" yoxdur və ərazidə iri soyuducu hovuz da daxil, bir sıra alternativ su mənbələri var.
Jeremy Howell
BBC News
Bundan əvvəl Aİ Şurasının Prezidenti Charles Michel Rusiyanı Novaya Kaxovkadakı bəndə hücumda ittiham edərək, bunu "müharibə cinayəti" adlandırıb.
Londondakı King's College-in münaqişə və təhlükəsizlik üzrə eksperti professor Tracey German-ın sözlərinə görə, bəndlər mülki infrastrukturdur və ümumən etibarlı qanuni hərbi hədəflərə aid edilmir.
"Tutaq ki, bəndin ətrafında Ukrayna hərbi birləşmələri yerləşir. Silahlı münaqişə qaydalarına görə, Rusiya qüvvələri onu hərbi hədəf olaraq qəbul edə bilər. Amma bildiyimə görə, məsələ belə olmayıb".
"Bənd kimi mülki hədəfə hücum hərbi zərurətdən irəli gəlməlidir", - Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının icraçı direktoru dr. Mark Ellis əlavə edir.
"Ancaq əldə edilən hərbi üstünlük kiçikdirsə və mülki əhaliyə dəyən ziyan fəlakətlidirsə, bu, beynəlxalq hüququn pozulması olacaq".
Dr. Ellis-ə əsasən, bu meyarlar Rusiyanın cavabdeh olduğu hər hansı hücuma haqq qazandıra bilməz. Amma, eyni zamanda, Ukrayna qüvvələri 2022-ci ilin fevralında Kiyevdən şimaldakı torpaqları su altında qoyaraq, Rusiyanın paytaxta irəliləyişinin qarşısını almaq üçün İrpen bəndini dağıdanda bu, hərbi zərurətə əsaslanan addım idi.
Kaxovka bəndi çayyuxarı yerləşən yaşayış məntəqələrini su ilə təmin edən böyük su anbarını saxlayır və bu o deməkdir ki, insanların su təchizatına təsir göstərə bilər.
Bəndin saxladığı su anbarı həm də Rusiyanın nəzarəti altında olan, çayyuxarı 160 kilometrlik ərazidəki Zaporojye atom elektrik stansiyasını soyutma suyu ilə təmin edir. O, Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Kaxovka bəndi sovet vaxtı tikilib və ölkənin şimalından cənubda, dənizə qədər uzanan Dnepr çayı boyunca tikilmiş altı bənddən biridir.
Ukrayna Prezidenti bəndin dağıdılmasına görə Rusiyanı ittiham edib.
"Rus terrorçuları. Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılması yalnız bütün dünyaya təsdiq edir ki, onlar Ukrayna torpaqlarının hər yerindən qovulmalıdırlar. Onlara bir metr belə qalmamalıdır, çünki onlar hər bir metri terror üçün istifadə edirlər. Təhlükəsizliyi yalnız Ukraynanın qələbəsi bərpa edəcək. Və bu qələbə gələcək", - Volodimir Zelenskinin Twitter hesabında yayılan açıqlamada deyilir.
"Terrorçular Ukraynanı su, raket və ya başqa bir şeylə dayandıra bilməyəcəklər. Bütün xidmətlər işləyir. Mən Milli Təhlükəsizlik və Müdafiə Şurasını çağırmışam. Lütfən, yalnız rəsmi və təsdiqlənmiş məlumatları yayın".
Rəsmi Moskva hadisədə əli olması ilə bağlı ittihamları rədd edib. Kremlin nümayəndəsi SES-in dağıdılmasını Kiyev tərəfindən "planlaşdırılan təxribatın" nəticəsi adlandırıb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz onları (ittihamları) qətiyyətlə rədd edə bilərik. Rəsmən bəyan edirik ki, burada söhbət birmənalı şəkildə Ukrayna tərəfinin, Kiyevdən gələn və Kiyev rejiminin əmri ilə planlaşdırılan və həyata keçirilən məqsəd yönlü təxribatdan gedir".
Yerli idarəetmə orqanlarının sosial şəbəkələrdə yayımlanan videomüraciətində beş saat ərzində Dnepr çayında suyun səviyyəsinin "kritik" olacağı barədə xəbərdarlıq edilib.
Bəndin dağılması ilə artıq yaşayış məntəqələrini su basması görüntüləri yayılır.
Oleksandr Prokudin həm də qarşı sahildə - hazırda Rusiyanın nəzarətində olan sakinləri dərhal evlərini tərk etməyə çağırıb.
Bildirilir ki, bəndin dağılması Xerson şəhərini sular altında qoya bilər.
Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Twitter-dən bildirib ki, Rusiya Kaxovka SES-in dağıdılmasına görə məsuliyyət daşıyır.
Cənab Michel mülki infrastrukturun dağıdılmasını "açıq-aydın müharibə cinayəti" adlandırıb.
Bu iddiaların heç biri BBC tərəfindən təsdiqlənməyib.
Rusiya hadisə ilə bağlı hələlik şərh verməyib. İşğal altında olan Nova Kaxovkanın rəhbəri iddia edib ki, SES Ukraynadan atılan atəş nəticəsində zədələnib.
Tass xəbər agentliyi bölgədə fövqəladə vəziyyət elan edildiyini bildirib.