Azərbaycanda inflyasiya o qədər sürətlə gedir ki: "Artıq heç kəs onu hesablaya bilmir”

7-06-2023, 17:46   


Azərbaycanda inflyasiya o qədər sürətlə gedir ki: "Artıq heç kəs onu hesablaya bilmir”


Rayonlarda işsizlik və insanların sosial rifahının aşağı olması bir çox iqtisadçıların, deputatların və ictimai fəalların müzakirə predmentinə çevrilib. 

İşsizlikdən əziyyət çəkən sakinlər özlərinin və ailələrinin gündəlik həyatını təmin etmək üçün Bakıya üz tutmaq məcburiyyətində qalırlar.

Bəzi deputatların sözlərinə görə, rayonlarda istehsal və emal müəssisələrinin açılmasına ehtiyac var.

Qeyd edək ki, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov komitə iclasında ölkədə mövcud işsizliklə bağlı narahatlığını bildirib. 

Onun sözlərinə görə, rayonlarda işsizlik problemi insanların sosial həyatına mənfi təsir göstərir.

"Regionlarda işsizlik ciddi problemdir. Maraqlıdır dövlət büdcəsində işsizliklə əlaqədar nə qədər işlər görülüb. Rayonlarda iş yerləri yoxdur. Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarova da müraciət etdim. Rayonlarda ən azı 1 milyon manat civarında emal zavodları açmaq olar. Camaatın həyatını yaxşılaşdırmaq istəyiriksə, onlara iş verməliyik”, - deyə V.Əhmədov qeyd edib. 

Deputat, həmçinin ölkədə dərman və ərzaq məmulatlarının qiymətlərinə də münasibət bildirib. O qeyd edib ki, yaxın gələcəkdə əmək haqlarının 10% artması inflyasiya qarşısında balansı təmin edəcək.

“Mərkəzi Bank inflyasiya pronozunu 8,3%, hökumət isə 10,4% proqnozlaşdırır. Bu iki rəqəm arasında reallıq müəyyən edilməlidir”. 

Bir sıra deputatlar da ölkənin regionlarında sosial-iqtisadi problemlərlə bağlı Vahid Əhmədovla eyni fikirləri bölüşürlər.

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, rayonlarda yerli əhalinin işlə təmin olunması üçün iqtisadi zonaların yaradılması labüddür: 

“İlk növbədə qeyd edim ki, Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin 55-60% - i dövlət müəssisələrində və ya dövlət büdcəsindən maliyyələşən istehal sektorlarında çalışır. Rayonlarda bu vəziyyət özünü daha qabarıq büruzə verir. Məhz buna görə rayonlarda düzgün və sistemli iqtisadi zonalaşma həyata keçməlidir. Diqqət yetirsək görərik ki, dövlət qeydiyyatından keçən və vergi ödəyən istehsal müəssisələrinin əksəriyyəti Bakı və onun ətraf ərazilərində yerləşir.

Təbii ki, rayonlarda regional inkişafa yönələn infrastruktur qurulub və investisiyalar yatırılıb. Ancaq bu, o qədər də yetərli deyil. Rayonlarda kənd təsərrüfatı və qeyri-neft sektoruna aid təşviqedici tədbirlər görülməlidir. Eyni zamanda, sahibkarlar da yerli əhalini işlə təmin etmək üçün istehsal müəssisələrinin qurulmasına sərmaye qoymalıdırlar”. 

İqtisadçının sözlərinə görə, ölkənin bütün rayonlarında işsizlik müşahidə olunur:

“Turizm potensialına malik olan rayonlarda yerli əhali mövsum aylarında ticarətlə məşğul olurlar, xüsusi xidmətlər göstərir və öz evlərini kirayə verirlər. Bu da həmin bölgələrdə sosial-iqtisadi canlanmaya müsbət təsir göstərir. Hansı rayonlarda işsizlik daha çoxdur məsələsinə gəlincə, bu, daha çox Mərkəzi Aran rayonlarında müşahidə edilir.

Aran rayonlarında, eləcə də digər rayonlarda istehsal müəssisələrinin əksəriyyəti tam gücü ilə fəaliyyət göstərə bilmirlər. Bu da müəyyən problemlərlə bağlıdır. Məsələn, bu il Kür çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində bir çox əkin sahələrində, xüsusilə taxıl, pambıq və kənd təsərrüfatı xarakterli sahələrdə ciddi suvarma problemləri yaranmışdı. Bu kimi hallarda yerli sakinlərin əmək fəaliyyətinə cəlb olunması çətinləşir.

Bu məsələlər kompleks şəkildə həll olunmalıdır. Rayonlardakı insanların işlə bağlı Bakıya üz tutmaması üçün münasib iqtisadi zonalar yaradılmalıdır. Bununla yanaşı, regionların inkişafına yüz milyarddan artıq vəsait sərf olunub. Mütləq bu vəsaitin verimliyi, yəni hər bir manatın faydası hesablanmalıdır. İnzibati məsələlər həll olunmalı və yerli istehsal müəssisələrinə güzəştlər olunmalıdır”. 

Əmək haqlarında gözlənilən 10 % artım məsələsinə toxunan A.İbrahimov vurğulayıb ki, bu artım inflyasiya qarşısında balansı təmin etməyəcək: 

“Artıq bir çox banklarda illik inflyasiya əmsalının hesablanması üzrə işlər aparılır. Misal üçün, ipotekaların verilməsində və kreditlərin ödənişlərində bu əmsala diqqət göstərilir. Amma inflyasiya o qədər sürətlə gedir ki, artıq heç kəs onu hesablaya bilmir. Bəzi məhsulların qiymətlərində 93 % artım müşahidə olunur.

Elə məhsullar var ki, orada ikiqat artım var. O ki qaldı əmək haqlarının 10 % artırılmasına, bu, müsbət addım hesab oluna bilər, amma mövcud qiymətlərlə heç bir balans yarada bilməz”. 

Sonda Asif İbrahimov ölkədə real inflyasiya rəqəmini də açıqlayıb: 

“Qeyri-hökumət təşkilatlarının hesabatına əsasən, Azərbaycanda indiki inflyasiya rəqəmi cütrəqəmlidir. Yəni hökumətin hesabatında qeyd olunan 10 % rəqəmdən bir az çoxdur. Məsələn, vətəndaş vaxtilə 12 manata aldığı yağı indi 18 manata alır. Bu, bir çox məhsullarda da belədir”. 

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.