“QİYMƏTLƏR DEMƏK OLAR, HƏR GÜN, HƏR HƏFTƏ ARTIR”

12-06-2023, 09:36   



Əli Məsimli: “Bank sistemində inhisarçılıq meyllərinin aradan qaldırılması, etibarlı rəqabət mühitinin təmin edilməsi çox vacibdir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, millət vəkili Əli Məsimli cəmiyyətin gündəmində olan sosial-iqtisadi problemlər, onların həlli yolları, hökumətin yürütdüyü siyasət və qarşıda duran hədəflərlə bağlı “AzPolitika.info”nun suallarını cavablandırıb.

Müsahibənin ikinci hissəsini oxucularımıza təqdim edirik:

- Rəsmi məlumatlarda ölkədə inflyasiyanın və bahalığın ötən ilin müvafiq dövrü ilə müqayisədə səngidiyi bildirilir. Bu, nə dərəcə doğrudur?

- Bu, son vaxtlar tez-tez verilən suallar sırasındadır. Çünki qiymətlərin sürətlə artması əhalini ən çox narahat edən məsələlərdəndir. Suala əvvəlcə rəsmi statistikanın göstəriciləri üzrə baxaq: Rəsmi məlumatlara görə, 2022-ci ildə inflyasiya 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz təşkil edib. 2023-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 13,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,7 faiz təşkil edib. 2023-cü ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 115,1 faiz təşkil edib. Yenə rəsmi statistikaya görə, bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, mal və qoyun ətinin, pendirin, zeytun yağının, portağalın, almanın, soğanın, şəkərin, konfetlərin, çayın, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, təzə balığın, yumurtanın, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, kələmin, kartofun, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Göründüyü kimi, ötən il olduğu kimi, bu il də qiymətlər bir qədər aşağı-yuxarı olmaq şərtilə, təqribən eyni templə artır…

- Bütün bu sadalananlar rəsmi statistika məlumatlarıdır. Bəs real vəziyyət necədir?

- Əlbəttə, reallıqda əksər mal, məhsul və xidmətlər üzrə qiymət artımı daha yüksək templərlə davam edir və bu da əhalinin güzəranına mənfi təsir göstərir. Hökumət bu il üçün illik 6,9 % inflyasiya proqnozlaşdıranda, biz bunun real olmadığını qeyd etmişdik. İndi isə 10,4 % proqnozlaşdırılır, bunun da real olmadığını qeyd edirik. Mərkəzi Bank isə bu il üçün inflyasiyanın 8,3 faiz olacağını proqnozlaşdırıb. Amma hələlik görünən odur ki, bu il inflyasiya birrəqəmli yox, ikirəqəmli olacaq. Qlobal iqtisadiyyatda qiymətlər sahəsində ziq-zaqlar hələ davam etsə də, ümumi meyl kimi demək olar ki, inflyasiya təqdricən səngiməyə meyl götürüb. Bizdə isə qiymətlər qlobal iqtisadiyyatdakından 1,5 dəfə sürətlə, demək olar ki, hər gün, hər həftə artır. Keçən il olduğu kimi, bu il də real illik inflyasiya proqnozlaşdırılan səviyyəni ötəcək.

- Deməli maaş, pensiya artımları yenə inflyasiyanın gerisində qalacaq…

- Təbii ki, belə olan halda əmək haqlarının bu il üçün proqnozlaşdırılan səviyyəsi qiymət artımından əhalinin itkilərini kompensasiya etmək üçün yetərli olmaya bilər. Ona görə də ötən il olduğu kimi, bu il də yenidən əmək haqlarının, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirik.

- Əli müəllim, ümumilikdə əhalinin gəlirləri ilə ərzaq, gündəlik tələbat mallarının qiymətindəki yüksəliş arasında uyğunluq varmı?

- Rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 839 manat olub. Bu ilin birinci rübünə görə, 900 manatın üstündədir. Yəni, keçən ilin sonlarından bu ilin martına qədər orta əmək haqqının nominal məbləğı 61 manat və ya 7 faiz artıb. Amma işləyən əhalinin xeyli hissəsi orta əmək haqqından aşağı maaş alır. İşləyən əhalinin yarısına yaxını isə median əmək haqqı səviyyəsində, yəni orta əmək haqqının yarısına yaxın səviyyədə maaş alır. 2023-cü il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edilib. Əhalinin xeyli hissəsinin xərclərinin təxminən 60 faizi, aztəminatlı təbəqənin gəlirlərinin isə daha çox hissəsi qidaya və ərzaq məhsullarına sərf olunur. Əhalinin çox işlətdiyi malların və əzaq məhsullarının böyük hissəsinin qiymət artımı daha çoxdur. Ona görə aşağı maaş alanların aylıq gəliri minimum tələbatı qarşılamaq üçün yetərli deyil. Aztəminatlı təbəqənin güzəranının pisləşməsinin qarşısını almaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var. Son illər qiymətlər, xüsusən də əhalinin daha çox tələbat duyduğu mal və məhsulların, eləcə də xidmətlərin qiymətləri xeyli artdığından, minimum istehlak zənbili, yaşayış minimumu göstəricilərilərinə yenidən baxmaq və artırmaq, eləcə də minimum əmək haqqını da qaldırmaq istiqamətində atılan addımları davam etdirmək lazımdır. Son 10 ildə minimum əmək haqqının orta əmək haqqına nisbəti 24 faizdən 40 faizə çatdırılıb. Hesab edirik ki, bu proses davam etdirilməli və minimum əmək haqqı tədricən orta əmək haqqının 50 faizi, sonra isə 60 faizi səviyyəsinə çatdırılmalıdır. Orta əmək haqqının hazırkı səviyyəsindən çıxış etsək, minimum əmək haqqı orta əmək haqqının 50 faizi səviyyəsində 345 manatdan 450 manata, 60 faizi səviyyəsində isə 540 manata çatmış olar. Gələn ilin orta əmək haqqı proqnozu 1000 manat civarında gözlənildiyindən, həmin nisbətdə minimum əmək haqqı da göstərdiyimiz məbləğlərdən çox olar.

- Hazırda gündəmdə olan məsələlərdən biri kiçik bankların bağlanmasıdır. Mərkəzi Bankın sədri də bu günlərdə dedi ki, daha bir neçə bank bağlana bilər. Zəif, kiçik bankların bağlanmasının zəruriliyi barədə əsaslandırmaları necə qiymətləndirirsiniz? Bank sektorunun əsas problemləri nədən ibarətdir?

- Banklar iqtisadiyyatın qan-damar sistemidir. Qan-damar sistemi sağlam olmayan insanı sağlam insan adlandırmaq mümkün olmadığı kimi, bank sistemi sağlam olmayan iqtisadiyyatı da sağlam iqtisadiyyat adlandırmaq mümkün deyil. Maliyyə sektorunun 96%-i banklara məxsusdur. Azərbaycanın bank sistemi daha çox neft bumu dövrünün məntiqinə uyğun şəkildə formalaşdırılıb. Artıq Azərbaycan öz inkişafının yeni mərhələsinə keçib. Dünya iqtisadiyyatında gedən son proseslər də bank-maliyyə sektorunun dinamik iqtisadi artım üçün nə qədər vacib olduğunu bir daha təsdiq etmiş oldu. Eyni zamanda bu sahədəki nəzarət və tənzimləmə məsələlərinə baxış xeyli dəyişməyə başlayıb. Mərkəzi Bankın fəaliyyətində qiymətlərin və maliyyə sisteminin sabitliyinin təmin edilməsi əsasdır.

Yeni mərhələnin tələblərinə görə, Mərkəzi Bankın pul siyasəti elə qurulmalıdır ki, bu sahədəki idarəetmə və tənzimləmə nisbi sabit qiymətləri, maliyyə sabitliyini təmin etməklə sabit və genişlənən məşğulluğa, bu əsaslarda iqtisadiyyatın davamlı sağlamlığının və dayanıqlığının təmin edilməsinə öz real töhfəsini verə bilsin. Maliyyə-bank sistemini yeni mərhələnin tələbləri səviyyəsində qərarlaşdırmaqdan ötrü, həmin sistemdə proqram xarakterli kompleks tədbirlərin köməyi ilə islahatların həyata keçirilməsi çox vacibdir. Artıq bu istiqamətdə zəruri addımar atılmağa başlanılıb. Bank sisteminin hüquqi bazası təkmilləşdirilir. Mərkəzi Bankn vəsifəsinin genişləndirilməsi və hüquqlarının artırılması istiqamtində işlər görülür. Bunlar çox vacib və yaxşıdır.

Amma obyektiv təhlillər və monitorinqlər aparılsa, belə bir qənaət hasil olar ki, Azərbaycanda bank sistemində daha dərin islahatların həyat keçirilməsinə ehtiyac var. Bank sistemində islahatların mükəmməl hüquqi bazasını formalaşdırmaqdan ötrü Bank Məcəlləsinin qəbul edilməsi çox vacibdir. Problemli banklara baxış da rasionallaşdırılmalı, onların sağlamlaşdırılması və restrukturizasiyası üzrə işlək və səmərəli institusional və hüquqi mexanizmlər yaradılmalıdır. Bankların sağlamlaşdırılması və restrukturizasiyası üzrə effektiv alətlərin olmaması, bu məsələyə münasibtdə bankların bağlanması variantının seçilməsi ilə sonunclanır. Banklara qanunvericiliyin imkan verdiyi dərəcədə nəzarət, onların fəaliyyətinin səmərəliliyinin artırılmasına təsir edən tənzimlənmə alətlərindən istifadə edilməsi, sağlamlaşdırılması və sair bu istiqamətlərdə fəaliyyət yaxşıdır. Amma ifrat nəzarət bankların səmərəli fəaliyyət göstərməsinə və rəqabət qabiliyyətinə mənfi təsir edir.



- Son onillikdə xeyli sayda banklar bağlandı, əmanətçilərin bir qismi hələ də pullarını ala bilməyiblər. Ümumiyyətlə, bankı bağlamaq yaxşı çıxış yoludurmu?

- Əlbəttə, bankların bağlanması əmanətçılərin bir hissəsi üçün problemlər yaradır. Banklara münasibətdə bağlanma yox, sağlamlaşdırma prioritet təşkil etməlidir. Obyektiv araşdırmalardan sonra kapital dayanıqlılığının bərpası mümkün olan bankların sağlamlaşdırılması istiqamətində zəruri tədbirlər görülməlidir. Eyni zamanda bağlanan banklarda yaranmış problemlərin həlli sürətləndirilməlidir ki, həmin banklarda əmanəti olan şəxslər bu qədər problem və əziyyətlərlə qarşılaşmasın.

- Bank faiz dərəcələrinin çoxu ikirəqəmlidır. Təqnidlərə baxmayaraq, vəziyyət dəyişmir…

- İkirəqəmli faiz dərəcələri ilə kredit götürüb, onu real sektora, istehsal sahələrinə qoyub yerli istehsalı inkişaf etdirmək mümkün deyil. Bunlar ancaq ticarətdəki bir neçə aylıq müddətdəki konkretləşdirilmiş əməliyyatlar üçün müəyyən effekt verə bilər. Ona görə də bu gün əhalinin və sahibkarların böyük hissəsi bank kreditlərinin ödənişində ciddi problemlər yaşayır. Yüksək faizli kredit alanların çoxu ya bankrot vəziyyətinə düşür, ya borc içində batır və “çabalamaqla” məşğuldur, ya da ən yaxşı halda bankların ona yüksək faizlə verdiyi pulu mahiyyət etibarı ilə dövr elətdirib, əldə etdiyi gəlirin böyük hissəsini banka verməklə məşğuldur. Bu ssenarinin nəticələri də qiymət artımına təsir edən amillər sırasındadır. Bu baxımdan, bank faizlərinin aşağı düşməsinə gətirib çıxaran kompleks tədbirlər həyata keçirilməlidr. Etibarlı rıçaqlardan istifadə etməklə bank kreditlərinin iqtisadiyyatın real sektoru ilə əlaqəsi gücləndirilməli, xüsusən də regionlara sərmayə qoyuluşu və əlverişli şərtlərlə aşağı faizli kreditləşmənin, eləcə də sahibkarlara verilən kreditlərin faizinin bir hissəsinin subsidiyalaşdırılması istiqamətində atılan addımların dairəsi genişləndirilməlidir.

Bank sistemində inhisarçılıq meyllərinin aradan qaldırılması, etibarlı rəqabət mühitinin təmin edilməsi çox vacibdir. Bunun üçün yeni anti-inhisar qanunvericiliyinin qəbulu və digər zəruri addımarı özündə birləşdirən islahatlar həyata keçirilməlidir. O cümlədın məlum təhlükəsizlik tədbirləri də görməklə, Azərbaycanın perspektivli qeyri-neft istehsal sahələrini, sahibkarlığı, innovativ layihələrin maliyyələşdirilməsinin dairəsini genişləndirməkdən ötrü xarici bankların filiallarının fəaliyyətinə şərait yaradılması məqsədəuyğun olar.

(Ardı var)

E.Rüstəmli

“Azpolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.