“PUTİN ABŞ-daki SEÇKİLƏRİ GÖZLƏYİR” - “Ukraynaya hərbi yardımı dayandırsaq, Rusiya çəkilməyəcək...”

12-06-2023, 18:33   



“Biz gözləyirik ki, Çin müharibəni dayandırmaq üçün Putinə təsir edəcək”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Avropa İttifaqının(Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel “Onda Cero” radiosuna müsahibəsində deyib.

Avropa diplomatiyasının başçısı bildirib ki, Putinin xaricdəki dostları ona məsləhət verməlidirlər: “Mən çinlilər kimi Putinin dostu olsaydım, ona deyərdim ki, çox böyük səhv edib və o, bu səhvi mümkün qədər tez düzəltməlidir”.

Borrel deyib ki, bu müharibənin yalnız bir hədəfi ola bilər – Rusiyanın işğal olunmuş torpaqlardan çəkilməsi.


Aİ-nin ali nümayəndəsi Ukraynaya hərbi yardımı dayandırmağa və nə yolla olursa olsun sülh əldə olunmasına çağıranları tənqid edib: “Bəs sonra nə olacaq? Siz hərbi planda Ukraynaya yardımı dayandırsanız, bu, o demək deyil ki, Rusiya çəkiləcək. Biz hamımız sülh istəyirik. Lakin biz bilməliyik ki, necə sülh istəyirik”.

Avropanın baş diplomatı Kremlin işğalçılıq müharibəsindəki hədəflərinə də toxunub və bildirib ki, Putin müharibəni uzadaraq, ABŞ-dakı Prezident seçkilərini gözləyir.

Borrel xatırladıb ki, indiyə qədər Putinlə görüşə gedən bütün Qərb liderləri eyni cavabla qayıdıblar və deyiblər ki, onun hərbi hədəfləri var: “Onun yerinə yetirmək istədiyi hərbi hədəfləri var və o, buna nail olmayınca müharibəni dayandırmağı düşünmür”.

Xatırladaq ki, gələn il ABŞ-da keçiriləcək Prezident seçkisində Co Baydenin rəqibinin yenə sabiq Prezident Donald Tramp olacağı ehtimalı var. Bir çox şərhçilər hesab edirlər ki, Putin Trampın yenidən Prezident seçilməsini və işğal olunmuş Ukrayna torpaqlarının Rusiyanın ixtiyarında qalmasına razılıq verəcəyini gözləyir. Tramp isə dolayısı ilə bu ssenarinin siqnallarını verməkdədir.

C.Məmmədov

“AzPolitika.info” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.