Mamuka Mdinaradze təlaşda: Saakaşvili aktiv siyasətə qayıdır

17-06-2023, 20:56   


Mamuka Mdinaradze təlaşda: Saakaşvili aktiv siyasətə qayıdır 


Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili Gürcüstan siyasətində fəal iştirak etmək niyyətində olduğunu bəyan edib.

Cebhe.info gürcü mətbuatına istinadən xəbər verir ki, Saakaşvili bu barədə "Facebook"-da yazıb.

“Dünən mən Acarıstanın Ali Şurasında satqınların paradını gördüm. Gürcüstana xəyanət və ruslaşdırma cəhdi artıq bütün səviyyələrə nüfuz edib. Səhhətimin vəziyyətinə baxmayaraq, Ukraynadakı fəaliyyətimlə paralel olaraq, Gürcüstan siyasətində çox fəal iştirak etmək niyyətindəyəm”, - Saakaşvili "Facebook"-da paylaşdığı bəyanatda bildirib.

Saakaşvili həmçinin yazıb ki, Gürcüstanda Ukraynanın qələbəsini yenilikçi və cəsarətli hərəkətlərlə fəal şəkildə yaxınlaşdırmaq lazımdır.

Keçmiş prezident eyni zamanda bildirib ki, bu gündən ona qarşı bütün məhkəmə proseslərində iştirak etmək niyyətindədir və bütün milli və anti-Rusiya qüvvələrini birləşməyə çağırıb.

Xatırladaq ki, prezidentlik müddətini başa vurduqdan sonra Ukraynada yaşayıb-işləyən Mixail Saakaşvili 2021-ci ilin payızında gizli şəkildə Gürcüstana qayıdıb, bundan sonra saxlanılaraq həbs edilib.

Bir ildən artıqdır ki, o, iki aclıq aksiyasından sonra həbsxanadan köçürüldüyü Tbilisidəki "Vivamed" klinikasındadır.

Əlavə edək ki, eks-prezident Gürcüstanda Sandro Qirqvlianinin ölümü ilə bağlı qalmaqallı cinayət işində və keçmiş deputat Valeri Gelaşvilinin döyülməsində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlər Saakaşvili Gürcüstandan kənarda olarkən qiyabi olaraq verilib.

Hazırda məhkəmədə onun barəsində büdcə vəsaitlərinin mənimsənilməsi, etiraz aksiyasının dağıdılması və 2007-ci ilin noyabrında “İmedi” telekanalına müdaxilə ilə bağlı işlərə baxılır. 

Saakaşvili həmçinin ötən ilin payızında Gürcüstana qayıdarkən sərhədi qanunsuz keçməkdə də ittiham olunur.

Əlavə edək ki, Saakaşvilinin bəyanatı "Vahid Milli Hərəkat" partiyası tərəfindən müsbət qarşılanıb.

“Əsas odur ki, onun səhhəti ona Gürcüstan siyasətində fəal iştirak etməyə imkan verir”, - deyə adıçəkilən partiyanın sədri Levan Xabeişvili bildirib və Saakaşvilinin Gürcüstanda “rus oliqarx rejimi”nə qarşı mübarizədə həlledici rol oynaya biləcəyinə əminliyini bildirib.

Onu da bildirək ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze hesab edir ki, Saakaşvilinin Gürcüstan siyasətinə qayıtması ilə bağlı bəyanatı sırf keyfiyyətsiz saxta piardır.

Mdinaradzenin sözlərinə görə, Saakaşvilinin qayıdışı “Gürcü arzusu”nun xeyrinə olacaq, çünki seçicilərə “işığı qaranlıqdan” necə ayırmaq dərhal aydın olacaq.

Mdinaradze onu da xatırladıb ki, Saakaşvili siyasətə qayıtmaq üçün ilk növbədə Gürcüstan vətəndaşlığını bərpa etməli və bunun üçün bütün lazımi prosedurlardan keçməlidir.

"İndi Saakaşvili əslində əcnəbidir və ölkənin daxili işlərinə qarışmağa haqqı yoxdur", - deyə o vurğulayıb.

Bu arada Saakaşvilinin bir ildən artıqdır ki, yataraq müalicə aldığı "Vivamedi" klinikasındakı həkimlər onun vəziyyətində yaxşılaşma əlamətləri hiss etdiklərini iddia edirlər.

"Vivamedi" klinikasının klinik direktoru Zurab Çxaidze deyib ki, Saakaşvilinin  vəziyyəti yaxşılaşıb, daha aktivdir, əhvalı yaxşıdır. Eyni zamanda eks-prezidentin  hələ də çox az qidalandığı qeyd edilib.

Bildirək ki, hakim partiyaya bağlı “Xalqın Gücü” hərəkatı dərhal Saakaşvilini klinikadan həbsxanaya qaytarmağı təklif edib.
Onu da qeyd edək ki, Mixail Saakaşvilinin anası Giuli Alasaniya bildirib ki, hazırda onun oğlunun  siyasətə qarışmasının hansı formada nəzərdə tutulduğu barədə heç bir fikri yoxdur.

O, əlavə edib ki, bu barədə oğlu ilə hələ danışmayıb,  onun açıqlamasını mediadan öyrənib.

"O, barrikadalarda dayana bilməyəcək, kamerada çətinliklə ayaq üstə dayana bilər", - deyə Saakaşvilinin anası vurğulayıb.

O, eyni zamanda bildirib ki, oğlu həmişə qərarları özü verib və heç kim ona Gürcüstanı sevməyi, ölkədə baş verənlərlə maraqlanmağı qadağan edə bilməz.

Bu arada müstəqil tibbi ekspertizanın eksperti və ailə üzvləri Saakaşvilinin kritik vəziyyətindən danışıblar. Belə ki, eks-prezidentə 20-dən çox diaqnoz qoyulub.

İndi onun çəkisi təxminən 60 kq, boyu 195 santimetrdir, keçmiş prezident həbs olunduqdan sonra çəkisinin yarısını itirib.

Hökumət Saakaşvilinin müalicə üçün başqa ölkəyə köçürülməsini istisna edir. Gürcüstan hakimiyyəti israr edir ki, Saakaşvilinin kritik vəziyyəti ilə bağlı söhbətlər piar kampaniyasının tərkib hissəsidir və o, özünə xəsarət yetirən "cinayətkardır".

Əlavə edək ki, bu yaxınlarda Saakaşvili bəyan etmişdi ki, o, Rusiya Prezidenti Vladimir Putinin şəxsi məhbusudur.

Sevinc Tapdıqqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.