Çərşənbə axşamı günü Gədəbəydə qızıl mədəninin tullantıxanasının ləğvini tələb edən Söyüdlü kənd sakinləri ilə polis arasında baş vermiş qarşıdırmadan sonra "5 nəfər saxlanılıb".
Sosial mediada yayılmış videolarda polisin etirazçıların gözlərinə nəsə sıxdığı görünür. Sakinlər BBC-yə bunun gözyaşardıcı qaz olduğunu deyiblər.
Bu barədə BBC-yə kəndin adını açıqlamaq istəməyən sakini məlumat verib. Onun sözlərinə görə, hazırda kənddə sakitlikdir:
"Kəndin ağsaqqalları yığışıb, məsələ ilə bağlı öz aralarında söhbət etdilər. Qərara gəlmişik ki, geri çəkilək. Çünki gücümüz çatmır. Ora gedən kimi polisləri tökürlər, camaatı vururlar, qadınlara əl qaldırırlar".
Söyüdlü sakini deyir ki, ötən gün baş vermiş etirazdan sonra saxlanılan 5 nəfərdən biri kəndin 80 yaşlı ağsaqqalı olub.
"Məhkəmə qərarı ilə onu 1500 manat cərimə edib, buraxıblar", kənd sakini deyir.
Kəndli bildirir ki, saxlanılan digər 4 nəfər haqda hansı qərar verildiyi ilə bağlı sakinlərdə məlumat yoxdur:
"Amma deyilənə görə, polis bölmədə onlardan birini dəyənəklə vuraraq, ayağını sındırıb".
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC-yə deyib ki, hazırda "DİN-in mətbuat xidmətində hadisə ilə bağlı hər hansı bir məlumat yoxdur".
"DİN-nin bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub, müvafiq xidməti yoxlama aparılır, yoxlamanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək", o deyib.
Ötən gün Söyüdlü sakinlərinin bildirdiyinə görə, polis kəndlilərin etirazını dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllədən istifadə edib.
Sosial mediada yayılmış videolarda polisin etirazçıların gözlərinə nəsə sıxdığı görünür.
Daxili İşlər Nazirliyi bildirib ki, sakinlər süni gölün tikintisinə qanunsuz müdaxilə ediblər.