"DEDİ Kİ, CƏNABIN GÖSTƏRİŞİDİR, XIRDAÇILIQ ELƏMƏ..." - Sahibkarlar sensasiyalı faktları açıqladılar

23-06-2023, 11:10   



“MTN işi” üzrə zərərçəkənlərin bir qismi ölkə başçısına müraciət edib. Onlar “Yeni Müsavat”a deyiblər ki, Eldar Mahmudov və başının dəstəsi tərəfindən onlara qarşı törədilən cinayətin tam və hərtərəfli araşdırılmasını istəyirlər. Bunun üçün apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair məhkəməyə şikayət təqdim ediblər.

Mahmudovunn Ağır Cinayətlər Məhkəməsindəki dostları...

Zərərçəkən Zaur Əliyev deyir ki, onların şikayətinin araşdırılmasının qarşısının alınmasına yönəlik addımlar atılır: “Prezidentin qətiyyətli göstərişlə Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar quldur dəstə darmadağın edildi, Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldı. Çox təəssüf ki, Eldar Mahmudovun mütəşəkkil cinayətkar quldur dəstəsinin bütün dövlət orqanlarına, xüsusən də Bakı Ağır Cinayətlər Məhkəməsindəki komanda üzvləri bu gün də fəaliyyətdədir. Hər kəsə bəllidir ki, Eldar Mahmudovun kadrları olan müstəntiqlər Bakı Ağır Cinayətlər Məhkəməsinə, Bakı Apelyasiya Məhkəməsinə və digər instansiyalara hakim təyinatı alıblar. Biz zərərçəkənlər illərlə Eldar Mahmudovun MTN-də qurduğu cinayət yuvasının dağıdılmasını gözləmişik ki, bizə qarşı cinayətlərin araşdırılmasına nail olaq. MTN-in dağıdılmasından 7 il ötməsinə baxmayaraq, biz tam olaraq hüquqlarımızı bərpa edə bilməmişik. Təsəvvür edin ki, barəmizdəki saxta məhkəmə hökmündən şikayətvermə müddətinin a bərpa edilməsinə dair şikayət vermişik. Həmin şikayətimiz sirli şəkildə Eldar Mahmudovun dövründə MTN-də çalışmış, elə o dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunmuş Telman Hüseynovun icraatına verilib. Bu isə şikayətin nəticəsini bəri başdan bəlli edir. Şikayət təmin olunmayacaq!”

Telman Hüseynov spiker təyin edildi Pravda.az

Telman Hüseynov

“Məndən 2 keçiyə görə 500 min manat istədilər”

2010-cu ilin martında Zaur Əliyevlə birgə həbs olunan Əhməd Mirzəyev bildirib ki, onu şərləməklə saxta ittihamlar irəli sürüblər: “Ortaya 2 qızıl keçi, bir də daş balta atdılar. Dedilər ki, bu əşyalar əntiq əşyalardır və guya mən mütəşəkkil dəstə üzvü olaraq həmin əşyaları ölkəyə gətirmişik. Məndən 2 keçiyə görə 500 min manat istədilər. Pulu verməkdən imtina etdim. Saxta cinayət işi uydurdular və məni həbs adıyla girov saxladılar. Bir aya yaxın MTN-in istintaq təcridxanasında qanunsuz saxladılar. Ortaya daşdan yonulmuş, mənə hədiyyə olunan suvenir baltanı, yanına da 2 ədəd qızıldan olan keçiləri qoydular. Yazdılar ki, guya balta da, keçilər də qədimi əntiq əşyadır. Sürücümü də tutdular, bununla da bizi mütəşəkkil dəstə kimi təqdim etdilər. Mətbuata, televiziyaya yalan məlumat ötürdülər ki, guya böyük bir mütəşəkkil dəstəni ifşa ediblər. Biz qaçaqmalçı kimi təqdim edib mətbuatda, efirdə biabır etdilər. Bütün bunlar yeganə məqsədə xidmət edirdi - bizdən pul qoparmaq. İndi də məlum olur ki, qızıl keçilər, ümumiyyətlə, cinayət işinin içində yoxdur. Yəni 2 qızıl keçini də işdən çıxarmaqla oğurlayıblar. Halbuki mən ölkədən çıxmamışdım ki, qaçaqmalçılıq da edim”.

"Təhsin Ağayev dedi ki, "sən bir qızıl balıqsan ki, düşmüsən torumuza", yarım milyon manat verməlisən"

Sahibkar Əhməd Mirzəyevin sözlərinə görə, sonradan ondan 500 min dollar alıblar və 2015-ci ildə Prezidentin göstərişi ilə MTN-də əməliyyat keçirilən günə qədər də ondan əl çəkməyiblər. Sahibkar MTN tərəfindən qondarma ittihamla üzləşdiyini, qanunsuz olaraq məhkum edildiyini söyləyib. Əhməd Mirzəyev MTN-də başına gətirilən müsibətlərdən sonra həyatının alt-üst olduğunu, xəstəlik tapdığını da deyir. 2010-cu il martın 27-də MTN-ə çağırılan sahibkar oranı 21 gün sonra, çox ağır şərtlər altında tərk edə bilib: “Martın 27-si, Novruz bayramı tətili idi. Məni ora çağıranda hansısa anlaşılmazlıq olduğunu düşündüm. Orada bu gün tülkü kimi özünü xəstəliyə vuran Təhsin Ağayevin - MTN-in İstintaq Baş İdarəsinin rəis müavinin yanına apardılar. O, elə söhbət aparırdı ki, onun barəmdə xeyli məlumat topladığını başa düşdüm. Deyirdi ki, qaçaqmalçılıqla məşğulam, ona görə də yarım milyon manat verməliyəm. Çaşqın duruma düşmüşdüm. Anlamırdım ki, həmin pulu niyə verməliyəm, hansı qaçaqmalçılıqdan söhbət gedir. Ona dedim ki, özünüz də bilirsiniz ki, restoran biznesi ilə məşğul oluram. Mən qaçaqmalçı deyiləm. O qədər pulumun olmadığını onlara dedim. Həmin pulu niyə verməli olduğumu soruşdum. Cavab verdi ki, biznesin var, pulun var, verməlisən. Dedi ki, "sən bir qızıl balıqsan ki, düşmüsən torumuza". Obyektim haqda da məlumat verirdi. Başa düşürdüm ki, barəmdə məlumat yığıblar. Pulumun olmadığını deyirdim, Təhsin Ağayev isə deyirdi ki, pulu verməyəcəksən, buradan da çıxmayacaqsan! Ona dedim ki, axı mənim heç bir günahım yoxdur. Məni pula görə saxlamısızsa, xırda-para verim, əl çəkin. Təhsin Ağayev dedi ki, cənabın - yəni Eldar Mahmudovun göstərişidir, xırdaçılıq eləmə, işləyiriksə, adımıza layiq hesabla işləyək. Sonradan bildim ki, cənab dedikləri nazirləri Eldar Mahmudovdur".

Qızıl keçi, İstintaq İdarəsinin rəisi, kafel satan, 500 min dollar, üstəlik  25 min dollara kostyum...

“Dedilər ki, sənin buradan çıxmağının bir yolu var: pul...”

Əhməd Mirzəyevin sözlərinə görə, onu həmin gün həbs ediblər: “Elə həmin gün heç bir günahım olmaya-olmaya həbs edib aparıb istintaq təcridxanasına yerləşdirdilər. Dedilər ki, guya Zaur adlı bir keçmiş prokurorluq işçisi ilə qaçaqmalçılıq etmişəm, ölkəyə qədim əntiq əşyalar olan qızıldan keçi və qanadlı qoyun heykəlləri gətirmişəm. Gedib Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan qeydiyyatsız, tarixsiz, yəni saxta bir arayış alıblar. Guya həmin keçi ilə qanadlı qoyun, özlərinin dediyi kimi, əntiq əşyalardır. Həmin saxta arayışı əsas gətirib məni həbs etdilər. Onlara dedim ki, axı mən ölkədən heç yana getməmişəm, sərhəd keçməmişəm, necə qaçaqmaqlçılıq edə bilərəm? Dedilər ki, artıq suallar vermə, sənin buradan çıxmağının bir yolu var - pul verməlisən...”

Əhməd Mirzəyev deyir ki, o, girovluqda olarkən, qardaşı vəkillə müqavilə bağlayıb: “Vəkil yanıma gəldi, durumumu dedim. Ailəmə çatdırdı. Həmin günlərdə Təhsin Ağayev məndən pulu verib-verməyəcəyimi soruşurdu. Qardaşıma xəbər göndərmişdim ki, məndən 500 min manat tələb edirlər, verməsəm, buraxmayacaqlar. Ondan həmin məbləği düzəldib verməsini istəmişdim. 2 gün sonra vəkil gəlib dedi ki, pul düzəlmir. Bunu Təhsin Ağayevə dedim. Dedi ki, manatla verə bilmirsənsə, dollarla ver - yəni 500 min dollar tələb etdi. Mənə müstəntiq Elşən Murtuzovun xidməti otağında qardaşıma məktub yazdırdılar. Məktubda qardaşımdan 500 min dolları düzəldib verməsini xahiş edirdim. Lakin qardaşım həmin pulu düzəldə bilmirdi. Təhsin Ağayev bunu biləndə dedi ki, sənin Bakıda obyektin var, tapşıracağam, aparıb "Azəriqazbank"a girov qoysunlar. Mən həbsdə olanda iştirakım olmadan obyektim həmin bankda girov qoyuldu, pulu da götürdülər. Bundan sonra məni zaminə buraxdılar. Həyatımda ilk dəfə istintaqda gördüyüm hüquqşünas Zaur Əliyev isə həbsdə qaldı. Təhsin Ağayev dedi ki, hər ikinizi məhkəməyə göndərəcəyəm, barənizdə formal ittiham hökmü çıxacaq, amma özünüzü şərti verib azad edəcəklər".

“Saxta, başdan-ayağa quraşdırma bir ittihama görə hakim 100 min manat tələb etdi”

Sahibkar deyir ki, 21 gün MTN-də saxlanıldıqdan sonra azad olunub. Aylar sonra isə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Məhkəmədə də dedilər ki, oradan gələn ittihamlar təsdiqlənməlidir. Biz sənə ancaq şərti cəza verməklə kömək edə bilərik. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev dedi ki, 100 min manat verəcəksən, barəndə 5 il şərti cəza çıxarılacaq. Məhkəmədə bir ekspertiza rəyi ortaya çıxdı. Rəyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi vermişdi. Rəydən belə aydın olurdu ki, MTN-də qədim əntiq əşya, tarixi əhəmiyyət kəsb edən eksponat kimi təqdim olunan keçi ilə qanadlı, buynuzlu qoyunun vur-tut üst-üstə 630 manat qiyməti var. Üstəlik, bir dekorativ baltanı da işə əlavə etmişdilər. Məlum oldu ki, həmin balta dekorativ əşya olduğundan qiymətləndirməyiblər. Yəni qəpik-quruş dəyəri var. Bu cür saxta, başdan-ayağa quraşdırma bir ittihamla həbs olunmamağım üçün məhkəmə məndən 100 min manat tələb edirdi. Uzun söhbətlərdən sonra manatı dollara çevirib 100 min dollar aldılar. Saxta hökmlə mənə 5 il şərti cəza verib buraxdılar”.


Əfqan Hacıyev


Əhməd Mirzəyev deyib ki, Rusiyada qazandığı pulu bura gətirib ölkədə biznes qurub: “Burada öz azərbaycanlılarıma iş yeri açıb vətəndə yaşayırdım. Bu adamlar mənim həyatımı qaraltdılar. İllərdir ki, banka borc ödəyirəm. Üstəlik, pulu alsalar da, mənə şərti cəza kəsdirsələr də, əl çəkmədilər. Düz 2015-ci ilin oktyabrında qədər Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev məni təhdid etdi. Gah dedi kostyum al, gah dedi bağımı təmir elətdir, gah da dedi ki, qızıl "Vertu" telefon al gətir. 5 il evinə, ofislərinə, iş yerinə mənə “Slavyanka” suyu daşıtdırdı. Mən Prezident İlham Əliyevə güvənirəm. İş üzrə qanuni qərar qəbul olunmasını, barəmizdəki saxta hökmün ləğv edilib bizə bəraət verilməsini xahiş edirəm".

azpolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar