13 azərbaycanlı xaricdə kimin üçün döyüşüb?

23-06-2023, 11:18   


13 azərbaycanlı xaricdə kimin üçün döyüşüb?


Suriyada həbs edilmiş 13 nəfər azərbaycanlı terrorçunun daxil olduğu “Tayfatul Mansura” təşkilatı ilə bağlı xüsusi məlumatlar üzə çıxıb. 

Yəqin ki, istintaq və məhkəmə proseslərinin gedişində həmin Azərbaycan vətəndaşlarının bu terrorçu qruplaşmaya necə qoşulması, hansı vasitələrlə Suriyaya getməsi müəyyənləşəcək. Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşlarından ibarət 13 nəfər şəxs saxlanılıb.

Onlar Azərbaycana gətirilərək barələrində cinayət işi açılıb. DTX-nin məlumatına görə, qrup üzvləri ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnib, “Tayfatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak edib.

Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycana gətiriliblər.

Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. 

“Cümhuriyət” qəzetinin apardığı araşdırmalar zamanı məlum olub ki, “Ceyş-ət-Tayfa-t Əl Mansura” (Müzəffər İcma Ordusu) adı ilə 2004-cü ildə İraqda sünni ekstremist hərbi qruplaşması kimi yaradılıb. Silahlı qruplaşma Şeyx Əbu Ömər əl-Ansari tərəfindən İraqdakı sələfilərindən təşkil olunan terror təşkilatının ilk missiyası ABŞ ordusuna və onun yerli müttəfiqlərinə qarşı vuruşmaq olub. 2006-cı ildə “Ceyş-ət-Tayfa Əl-Mansura” “Əl-Qaida” terror təşkilatının tərkibinə daxil olub.

Lakin sonradan cinayətkar dəstə İraqda şiələrə qarşı da silahlı mübarizəyə başlayıb. Terror qruplaşması ilk dəfə 2005-ci il avqustun 31-də şiələr İmam Musa əl-Kazımın məqbərəsinə yürüş edərkən Dəclə çayı üzərindəki “Əl-Əimmə” körpüsünün yaxınlığında partlayış törətməsi ilə populyarlıq qazanıb. Minaatanlardan açılan atəş nəticəsində 7 nəfər həlak olub, 35 nəfər yaralanıb. 

Körpünün uçması nəticəsində müxtəlif hesablamalara görə, 953-dən 1033-ə qədər insan ölüb, 322-dən 815-ə qədər insan yaralanıb. Bundan başqa, “Ceyş ət-Tayif Əl-Mansura” 2004-cü ilin may ayında “İnterenerqoservis” şirkətinin işçiləri, Rusiya vətəndaşları Aleksandr Qordiyenko və Andrey Meşçeryakovu girov götürüb. Qrup bəyanatında digər ölkələrdən olan təcavüzkarların İraqdan çıxarılmasını tələb edib. “Əl-Qaida”nın bir qoluna çevrilən “Ceyş-ət Tayfa-əl-Mansura” 2006-cı ildə bu terror təşkilatının daxilində “Mücahid İcması Şurası”nın yaradılmasında iştirak edib.

2006-cı il yanvarın 15-də İraqda Mücahidlərin İcma Şurası kimi tanınan təşkilat yarandığı elan edildi. “Ceyş əl-Tayfa əl-Mənsurə” İraqdakı “Əl-Qaidə”, “Tövhid Briqadaları”, “Saray əl-Cihad” qrupu, “Əl-Qurab Briqadaları” və “Əl-Əhval Briqadaları” ilə birlikdə şuranın tərkibinə daxil edilib. Sonra “Ceyş Əhli-s-Sünnə və-l-Cəmaa” (Sünnə və İcma əhli ordusu), “Ceyş əl-Fatihin” (Fəthlər Ordusu) və "Cund əs-Səhaba" (Səhabələr Ordusu) silahlı qruplaşmaların daxil olduğu “Mücahid İcması Şurası”-nın bazasında 2006-cı il oktyabrın 15-də İraq Şam İslam Dövləti terror qruplaşmasının yaradıldığı elan edildi. 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra “Ceyş-ət-Tayfa Əl-Mansura” terror fəaliyyətini daha da genişləndirib. 

Qruplaşma üzvlərinin əsasən Suriyanın şimalında və şimal-qərbindəki “Mücahidlər Ordusu” adlanan qanunsuz radikal-dini silahlı birləşmələrin tərkibində döyüşməsi barədə məlumatlar var. Araşdırmaçıların 2015-ci ildə bu “ordu”nun tərkibində müxtəlif ölkələrdən olan 30 minə yaxın sələfinin döyüşüdüyünü yazıb. Onların arasında Azərbaycanın adı konkret çəkilməsə də, qafqazlıların olduğu qeyd edilir. Təbii ki, söhbət yalnız Azərbaycandan və Şimali Qafqazdan Suriyaya getmiş terrorçulardan gedə bilər. Suriyada İslam Dövləti qurmaq məqsədilə döyüşən bu terrorçuların Həma və İdlib şəhərləri yaxınlığındakı fəaliyyəti barədə də məlumatlar var. 

2017-ci ildən başlayaraq Türkiyə Silahlı Qüvvələrinin şimalında üç böyük hərbi əməliyyat keçirməsi və ərazini öz nəzarətinə götürməsi terrorçu dəstələrin fəaliyyət dairəsini məhdudlaşdırdı. Eyni zamanda, 2017-2018-ci illərdə ABŞ-ın başçılıq etdiyi antiterror koalisiyasının İraqda və Suriyanın şimal-şərqində İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatlar, Bəşər Əsəd hakimiyyətinin Rusiyanın dəstəyi ilə ölkənin böyük hissəsinə nəzarəti bərpa etməsi “Mücahidlər Ordusu”nun böyük hissəsinin məhv edilməsinə gətirib çıxartdı.

Hazırda terror qruplarının qalıqları əsasən Suriyanın şimal-qərbində, İdlib vilayətində “Əl-Qaida”nın əsas qollarından biri olan “Fəth-əş-Şəm” (keçmiş Ən-Nüsrə Cəbhəsi) tərkibində cəmləşib. Çox güman ki, “Ceyş-ət-Tayfa əl-Mansura” üzvü olan azərbaycanlılar da məhz İdlibdə “Fəth-əş-Şəm”in tərkibində olublar. Hətta İŞİD-in yaradılmasında “Ceyş-Tayfa Əl-Mansura”nın daxil olduğu “Müzəffər İcma Ordusu”nun baza rolu oynadığı nəzərə alsaq, İD-nin çökdürülməsindən sonra orada döyüşən azərbaycanlıların da biət edərək “Əl-Qaidə”yə keçdiyi istisna deyil. Ancaq 13 nəfər terrorçunun həbsi ilə bağlı ilkin məlumatlar onların “Çeyş-ət-Tayfa Əl-Mansura”-ya İraqda deyil, Suriya ərazisində qoşulduğunu göstərir. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar