Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxıb. Rusiya Müdafiə Nazirliyi onun vəzifə başında görüntülərini yayıb.
Qeyd olunub ki, o, xüsusi əməliyyat zonasında komanda məntəqələrindən birinə gedib və yoxlamalar aparıb.
S. Şoyqu qrup komandiri general-polkovnik Yevgeni Nikiforovun mövcud vəziyyət barədə məruzəsini dinləyib.
Müdafiə naziri şəxsi heyəti Ukrayna Silahlı Qüvvələrinin planlarını əvvəlcədən aşkarlamaq və qabaqlayıcı tədbirlər görmək barədə tapşırıq verib.
O, həmçinin fəal kəşfiyyat işlərinin davam etdirilməsini əmr edib.
Rusiyanın Müdafiə Nazirliyi qurumun rəhbəri Sergey Şoyqunun “Qərb” qoşun qrupunun “Ön xətdə idarəetmə məntəqəsi”nə baş çəkdiyini əks etdirən video yayıb.
Videonun dəqiq nə vaxt çəkildiyi və səfərin nə vaxt baş verdiyi məlum deyil.
Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini “Vaqner” düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırdı, buna cavab verəcəyini vəd etdi. Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirdi. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqladı. Amma axşam saatlarında bu planlarından əl çəkdi. Bundan əvvəl Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqları haqqında məlumat verdi. Bildirildi ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verildi.
azpolitika.info