Son günlər istər Rusiya, istər dünya mətbuatının gündəmini işğal edən əsas məsələ Yevgeni Priqojinin “Moskva yürüşü”dür.
Bu “yürüş” və yaxud bir çoxlarının “qiyam” adlandırdığı aksiya uğursuz nəticələnsə də, özlüyündə bir çox acı həqiqətləri və əslində çoxdan məlum olan faktları bir daha vurğulamış oldu.
Rusiya hərbi rəhbərliyinin – Şoyqu və Gerasimovun istər orduda, istərsə də 18-20 yaşlı övladlarını və yaxınlarını işğalçı müharibədə itirmiş sadə vətəndaşların arasında nüfuzu sarsılmışdı. Rusiya qoşun birləşmələri arasında logistikanın normal işləməməsi, təchizatın gecikməsi və minlərlə əsgərin “ət maşınına” göndərilməsi mətbuata çox çıxmasa da belə, sosial şəbəkələrdə və xalq arasında çoxdan müzakirə olunurdu. Digər tərəfdən məmur-oliqarx övladlarının dəbdəbəli həyat tərzi, utanmadan sosial şəbəkələrdə paylaşımlar etməsi də cəmiyyəti hiddətləndirən əsas amillərdən idi.
Bu və digər məqamları Priqojin də öz çıxışlarında dəfələrlə bildirmiş və özünə sadə xalq arasında nüfuz qazanmışdı.
Bu çıxışlar sadə insanların o qədər xoşuna gəldi ki, hətta Priqojinin özünün belə oliqarx olmasını unutdular, Rusiya şəhərlərində onu gül-çiçəklə qarşıladılar – çünki, o, cəbhədə olan, hərbi forma geyən yeganə oliqarx idi.
Priqojinin “yürüşü” zamanı ciddi müqavimət görməməsi də, Rusiya silahlı qüvvələrində ruh düşkünlüyünü açıq-aşkar üzə çıxardı. İş o yerə çatdı ki, Putinin Moskvadan “qaçması” barədə məlumatlar yayıldı. Yalnız Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsindən sonra qiyam səngidi, “Vaqner” lideri Belarusa üz tutdu.
Bu gün bəzi ekspertlər, hətta avropalı general və siyasətçilər də bildirir ki, proses Putinin nəzarəti altında baş verib. Əlbəttə, sual yarana bilər ki, bu qədər hərbi vertolyot və təyyarənin vurulması, Rusiya hərbi-siyasi rəhbərliyinin nüfuzunun “alt-üst” olması hansısa planın içərisində idimi? Bu, bir qədər inandırıcı gəlmir.
Yaxud, Putin nəyə görə özünün “yetişdirdiyi” qüvvəyə birdən üz çevirdi və Şoyqunu dəstəklədi?
Məsələ ondadır ki, övladları oliqarx həyatı sürən məmurlardan biri də Dmitri Peskovdur və o da, Putinə ən yaxın şəxslərdən biridir. Putin ya bütün ətrafından üz çevirməli, tələsik “kadr islahatları” aparmalı idi... Bu da inandırıcı görünmür.
Çünki bu cür qəfil islahatların riskləri çox idi və Kremldə illərlə qurulan-formalaşan bir sistem bir anda darmadağın ola, yeni qurulacaq sistemi isə keçmiş məhbus və muzdlulardan ibarət bir qruplaşmanın əlində oyuncağa çevirə bilərdi.
Beləliklə, Putin bu dəfə Priqojini “sürgünə göndərmək” variantını sınadı, Aleksandr Lukaşenkonun vasitəsilə Priqojinə “son şans” təqdim etdi.
Bu son şans nədən ibarətdir? Və özlüyündə hansı məqamları ehtiva edir? Proses bundan sonra necə inkişaf edə bilər?
Şübhəsiz ki, Lukaşenko Priqojinlə danışığında onun bağışlanacağına ümidli vədlər verib. Bu olmasaydı, çətin ki, Priqojin geri çəkiləcəkdi. Çünki onu nəyin gözlədiyini yaxşı bilirdi.
Bu gün “Vaqner”ə silah, sursat və ən əsası, pul lazımdır. Çox güman ki, Lukaşenko bu vədləri dilə gətirib.
Digər tərəfdən, Putin problemi başından edərək, Lukaşenkonun qucağına atıb. Əlbəttə, Belarus Prezidenti də qiyamçı qüvvələrin öz ölkəsində çox qalmasına o qədər arxayın münasibət göstərə bilməz.
Ehtimallardan biri də odur ki, tezliklə, “Vaqner” muzdluları Belarus ərazisində toparlanaraq, Ukrayna ərazisinə doğru yeni əməliyyatlara başlayacaqlar. Bu, ya irimiqyaslı əməliyyat olacaq, ya da ayrı-ayrı nöqtələrdə Ukrayna ordusuna sarsıdıcı zərbələr endirməyə, hansısa uğurlar qazanmağa çalışacaqlar.
Priqojinin yeganə şansı da budur. Dünənə qədər həbsxanalardan məhbusları “amnistiya” vədi ilə öz yanına çəkən “Vaqner” rəhbəri hazırda özü əfv üçün döyüşə getməli olacaq. Ya alnından güllə ilə öləcək, ya da bağışlanaraq, Moskvaya medal ilə qayıdacaq...
Ehtimal olunur ki, Şoyqunun da vəzifədəki “səltənəti” çox çəkməyəcək. Sadəcə bunun üçün müəyyən zaman lazımdır.
Rüfət Əhmədzadə
AzPolitika.info