Xəzər dənizindəki sirli ölümün şok təfərrüatları – QATI AÇIQ, ÖZÜ BAĞLI CİNAYƏT DOSYESİ

27-06-2023, 17:48   


5 ildir ki, azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı olmuş Günel Mirzəyevanın ölümü üzərindən sirr pərdəsi götürülmür. Baxmayaraq ki, mübhəm olaydan sonra onun suya qəsdən atılaraq öldürülməsi haqda sosial şəbəkələrdə çoxsaylı rəylər, ehtimallar yayılıb və bu gün də var. Bu gün də həmin rəylər, ehtimallar araşdırılmamış qalır. Faktlar da 1986-cı il təvəllüdlü Günel Mirzəyevanın ölümünün müəmmalı olduğunu ortaya çıxaracaq gücdədir.

2017-ci il iyunda Günel Mirzəyeva keçmiş deputat, sabiq səfir Elmira Axundovanın oğlu Həbib Axundovun yaxtasında 5-6 nəfərlə birgə açıq dənizə çıxıb və batıb. Onun meyitini aşkarlamaq üçün dalğıclar 3 gün intensiv axtarış apardılar. Nəhayət, Günel Mirzəyevanın cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxardılar…

Yayılan ilk rəsmi xəbərdə bir nəfərin yaxtadan suya düşərək öldüyü, meyitinin aşkar edilmədiyi deyilirdi. Ardından bəlli oldu ki, yaxtada Günel Mirzəyevanın yanında daha 6 nəfər olub. Onlardan biri də sabiq səfir Elmira Axundovanın oğlu Həbib Axundov olub.

Qurd qapısı” qəbiristanlığında basdırılan cinayət... — Günel Mirzəyeva  səfirin oğlunun yaxtasından dənizə necə düşüb? Pravda.az

Elmira Axundova həmin günlərdə xüsusi israrla “mənim oğlum orada olmayıb” deyirdi. Oğlunun 15 illik üzgüçülük praktikasının olduğuna xüsusi vurğu edib “oğlum orada olsaydı, Günel Mirzəyevanı xilas edərdi” bəyanlamaqdan çəkinmirdi. Fakt isə odur ki, Həbib Axundov yaxtada olub, bundan başqa, müəmmalı hadisənin baş verdiyi yaxta Həbib Axundova məxsus olub. Elmira Axundova sonradan üzgüçü oğlu Həbib Axundovun Günel Mirzəyevanı xilas etməməsinin səbəbinə aydınlıq gətirmədi. Diqqəti yayındırmaq üçün “dənizdə hər il adam batır da” deyib mətləbdən yayınmağa çalışdı. Bəli, hər il dənizdə adamlar batır. Amma Günel Mirzəyeva kimi tale yaşamır heç biri.

Günel Mirzəyeva ilə Həbib Axundovun gizli-aşkar əlaqələri olmasaydı, bəlkə də Elmira Axundovanın söylədiklərinə şəkk edən də olmazdı. Digər tərəfdən, əgər olayda hər hansı bir kriminal iz yox idisə, niyə Elmira Axundova və oğlu Həbib Axundov hadisədən sonra yaxtada olmasını ciddi-cəhdlə inkar edirdilər? Elmira Axundovanın, oğlu Həbib Axundovun israrla gizlətmək istədiyi nə idi?

5 ildir ki, bu sualların cavabı yoxdur!

Xəzərdə batan modelin ailəsi müraciət yaydı -

Hələ bu da son deyil. Günel Mirzəyevanın cəsədi torpağa tapşırılandan dərhal sonra Həbib Axundov yaxtasına müştəri axtarmağa başlayıb və cəmi 20 gün sonra yaxta Həbib Axundovun adından çıxarılaraq digər şəxsin adına keçirilib! Bu, Elmira Axundovanın qələmə vermək istədiyi kimi, sıradan bir bədbəxt hadisə idisə, bunca tələskənliyə nə ehtiyac vardı?

Tutaq ki, Həbib Axundovun bu işdə heç bir günahı yoxdur. Bəs bu həngamə, bu qədər yalan nəyə lazım idi?

Günel Mirzəyeva dənizə qərq olandan sonra Həbib Axundov niyə yaxasını kənara çəkib deyirdi, orada olmamışam?

Anası Elmira Axundovanın da eyni mövqe sərgiləməsi ciddi suallar yaradır. Həm də sonradan Həbib Axundovun da, Elmira Axundovanın da mövqeyi dəyişdi.

Ana-bala mövqelərini bu şəkildə dəyişdilər - bəs Həbib orada olub, amma sahildə dayanıb və Günel Mirzəyevanın sahildən 300 metr aralıda batmasını görüb, kömək edə bilməyib.

1498811355_modeller.jpg (65 KB)

Fövqəladə Hallar Nazirliyinin bu hadisə ilə bağlı mətbuata verdiyi cavabdan isə bilinir ki, Həbib Axundov Günel Mirzəyeva dənizin dibinə gedəndə yaxtada olub. Yaxta isə dənizin 300 metr içərisində, dərinliyin 30 metrə qədər çatdığı ərazidə olub. Bu sirli cinayət işinin istintaqı ərazi aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğuna həvalə olunmuşdu. Fakt üzrə Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Həmin günlərdə Sabunçu prokuroru olan Ceyhun Şirinov ölüm işinin tezbazar bağlanması üçün əlindən gələni edirdi. Bu tələskənlikdə cinayət işində elə biabırçı səhvlər buraxılmışdı ki, sonradan oxuyanlar belə başa düşürdülər ki, iş materiallarını hansısa bir məktəbli yazıb. Təsəvvür eləyin, Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizin 300 metr dərinliyinə aparılıb. Orada hansısa şəkildə yaxtadan suyun için düşüb və ya atılıb, suda dəhşət içində boğularaq ölüb. Sabunçu prokurorunun möhürünü basdığı qərarda isə yazılır ki, Günel Mirzəyeva dənizdə çiməndə batıb!

Dənizin 300 metr içərisinə doğru çimirlər yoxsa üzürlər? Dənizin 30 metr dərinliyi hamam vannasıdır? Günel Mirzəyevanın dənizdə üzməkdən qorxmasının video sübutu da var. Hansında ki, Həbib Axundova onu itələyib dənizin içinə atır, su boy verdiyindən Günel Mirzəyeva ayağa qalxıb qışqır-bağır salmaqla sahilə tərəf qaçır.



Görəsən eyni hərəkəti Həbib Axundova Günel Mirzəyeva ilə birgə yaxtada olarkən etməyib ki?

Üstəlik, müəmmalı ölümündən sonra sosial şəbəkələrdə Günel Mirzəyevanı tanıyanların şərhlərində bu haqda çoxsaylı fikirləri yer alır.

Sabunçu prokurorunun təsdiq etdiyi xitam qərarında isə Günel Mirzəyevanın dənizdə çimərkən boğulub öldüyü iddia olunur və cinayət işinin bu məqama istinadən sonrakı araşdırması dayandırılır.

Maraqlıdır, Sabunçu prokuroru üzgüçü Həbib Axundovdan soruşubmu ki, Günel Mirzəyevanı niyə xilas etməyib? Ümumiyyətlə, Həbib Axundov Günel Mirzəyevanı xilas etmək istəyibmi? Belə bir niyyəti olubmu? Buna çalışıbmı? Bundan başqa, FHN-dən verilən açıqlamada digər diqqətçəkən məqam da var:

– Yaxta dövlət qeydiyyatına alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir.

Sözügedən yaxtanın 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici jilet və 1 sayda dairə ilə təchiz olunub.

Sabunçu prokurorluğunda bu məqama da nədənsə diqqət yetirilməyib. Əgər yaxtada 8 ədəd xilasedici jilet olubsa, Günel Mirzəyevanın əynində həmin jiletlərdən niyə olmayıb? Onun əynində jilet olmayıbsa, buna görə yaxta sahibi Həbib Axundov məsuliyyət daşımır?



Bu qədər suallar ortada ikən, Günel Mirzəyevanın ölümündə kriminal izlər qırmızı xətlə seçildiyi bir vaxtda Sabunçu prokurorluğu işə xitam verib. 5 ildir ki, bu sualların cavabı ortaya qoyulmur!

Günel Mirzəyevanın ölümünün 5-ci ilində üzə çıxan digər bir məqam da həmin gün yaxtada onunla birgə olanların kimliyi ilə bağlıdır.

Yaxtada Günel Mirzəyevanın olma səbəbi heç şübhəsiz ki, Həbib Axundov olub. Onlardan başqa Lalə Hüseynova, İnna Mozqalina, Vadim Milyuçenko, Roman Ramazanov və Eynar Allahverdiyev də yaxtada olublar. Elə bu adamların da dindirilməsi ortalıqda olan suallara aydınlıq gətirə bilər.

Deputat oğlunun yaxtasından dənizə düşüb boğulan modelin hamıdan gizlədilən məzarı üzə çıxdı - FOTO

Günel Mirzəyevanın sirli ölümü nəhayət ki, araşdırılmalıdır. Xüsusən də həyat yoldaşından boşanmış Mirzəyevanın boğularkən hamilə olması iddialarının da diqqətə alınması dəhşətli cinayətin açılmasına təkan verə bilər!

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar