Kreml ordu generalı Sergey Surovikinin "Vaqner" qruplaşmasının silahlı qiyam cəhdindən əvvəlcədən xəbərdar olması ilə bağlı iddialara münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Surovikinin Vaqnerin qiyamını əvvəlcədən bildiyi barədə iddiaları fərziyyə və dedi-qodu adlandırıb.
Qeyd edək ki, mətbuatda və teleqram kanallarında Ukraynadakı Rusiya Qoşun Qruplaşmasının komandam müavini olan Sergey Surovikinin Yevgeni Priqojinin rəhbərliyi ilə iyunun 24-də silahlı qiyamın planlaşdırılmasından əvvəlcədən məlumatlı olmasına dair iddialar yayılıb. O cümlədən Surovikinin "Vaqner" Özəl Hərbi Şirkətinin 2017-ci ildən fəxri üzvü olduğuna dair məlumatlar yayılıb.
Xatırladaq ki, Priqojin 25 minlik qoşunu ilə Moskvaya yürüş edərkən ona yürüşü dayandırıb, dislokasiya yerinə qayıtması üçün ilk müraciət edənlərdən biri Surovikin olub.