Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində görüşməsi planlaşdırılır.
Musavat.com xəbər verir ki, iki lider arasında 2022-ci ilin martından bəri ilk üz-üzə görüş Yunanıstan mediasında həyəcana səbəb olub.
"Mitsotakis və Ərdoğan görüşündə nələr olacaq?" başlıqlı yazıda görüşün tamamilə fərqli şərtlərdə baş tutacağı bildirilib.
Təhlildə qeyd olunub ki, hər iki lider güclü səs çoxluğu ilə yenidən seçilib, Türkiyədə baş verən dəhşətli zəlzələdən və Afinanı silkələyən qatar qəzasından sonra iki ölkə arasında münasibətlər xeyli yaxşılaşıb.
Məqalənin müəllifi P.K. İoakeimidis Ukrayna müharibəsi və Türkiyənin Misir, İsrail, Suriya və Ermənistan kimi ölkələrlə başlatdığı normallaşma addımları ilə geosiyasi mühitin nəzərəçarpacaq şəkildə dəyişdiyini vurğulayıb.
İki liderin görüşünün Türkiyə və Yunanıstanda yeni siyasi dövrün başlanğıcı olduğunu və yeni qurulan güclü hökumətlərlə olduğunu ifadə edən İoakeimidis bu prosesdə çətin qərarların alına biləcəyini irəli sürüb.
"In.gr" nəşri isə Ərdoğan-Miçotakis görüşünün arzuolunan nəticəsini 3 bənddə ümumiləşdirib:
1. İki ölkə və iki lider arasında əlaqə kanallarının tamamilə yenidən qurulması;
2. Siyasət dialoqunun intensivləşdirilməsi, etimad quruculuğu tədbirləri və miqrasiya kimi mövzularda əməkdaşlığın inkişaf etdirilməsi;
3. Türkiyə və Yunanıstan arasında əsas məsələlər üçün addım-addım yol xəritəsinin hazırlanması, yanlış hərəkətlərdən çəkinmək üçün moratoriumun saxlanması.
Musavat.com