İlk günlərdəki intensivliklə olmasa da, hər halda, Rusiyadakı bu yaxınlardakı qiyam, Priqojin və Vaqner məsələsi bu günədək ciddi şəkildə müzakirə olunmaqdadır.
Ona görə ki, ali hakimiyyət üçün real olaraq təhlükə olmamasına baxmayaraq, proses hələ bitməyib. Qiyamçı Yevgeni Priqojin dəfələrlə bəyan edib ki, onların əzəl gündən ölkədəki mövcud hakimiyyəti devirmək fikirləri olmayıb.
Amma burada bir neçə detal var. Priqojin açıq mətnlə qeyd etmişdi ki, onların problemi müdafiə naziri Sergey Şoyqu və general Valeri Gerasimovladır. Bunu əsas götürərək bir sıra təhlilçilər belə fikir irəli sürürlər ki, guya bu oyunu Kreml özü qurub və məqsəd də bir az əvvəldə adı çəkilən iki generaldan yaxa qurtarmaq olub.
Nə demək olardı bu xüsusda? Əgər bu yaxınlarda Şoyqu və ya Gerasimov istefaya göndərilsə, o halda bu qəbildən olan fərziyyə və mülahizələri ciddiyə almaq olar.
Amma Şoyqu və yaxud da Gerasimov başqa səbəbdən də istefaya göndərilə bilərlər. Məsələ bundadır ki, “Vaqner” heç bir maneə ilə qarşılaşmadan Rostova, hətta Voronejə girdi. Bu iki şəhər Rusiyanın orta səviyyəli şəhərləridir. Doğrudanmı buralarda “Vaqner”ə müqavimət göstərmək üçün heç bir hərbi infrastruktur yox idi?
İkincisi, Priqojin demişdi ki, iyulun 1-dək “Vaqner” buraxılacaq. Amma son məlumatlara görə, onun üzvləri Rusiya Müdafiə Nazirliyilə müqavilə bağlayıb onun tərkibinə daxil olmaq istəmirlər. Elə bu səbəbdən də məsələ hələ tamam açıq qalır – özəl hərbi şirkət özünün gələcək hərbi missiyasını necə davam etdirəcək?
Elə burada daha bir, üçüncü məqam var. Siyasi təhlilçilər Priqojinin və dəstəsinin Belarusa istiqamət götürməsini nəinki Ukrayna üçün, hətta Polşa üçün də təhlükə kimi görürlər. Hazırda Rusiya nüvə başlıqlarını Belarusa daşıyır. Necə deyərlər, burada bircə “Vaqner” çatışmır...
Bəs prosesin sonu necə görünür? Əgər bu günlərdə obyektiv sosioloji sorğular keçirilsəydi, Vladimir Putinin reytinqinin xeyli dərəcədə aşağı düşdüyünü demək olardı. Hakimiyyətə gəldiyi gündən indiyə qədər, demək olar ki, ilk dəfə Putinin tilsimi sındı və ruslar əmin oldular ki, Şeytan heç də onun haqqında deyilənlər kimi deyil, lazım gələrsə, onu da endirmək olar. Əlbəttə ki, bu, özünü növbəti ildə Rusiyada keçiriləcək prezident seçkilərində göstərə bilər.
Burada bir məqamı da qeyd edək. Rostovda və yaxud Voronejdə insanlar küçəyə axışıb qanuni hakimiyyəti müdafiə etmədilər, əksinə, "vaqnerçil"ərlə şəkil çəkdirdilər. Müqayisə üçün qeyd edək ki, qardaş Türkiyədə bir neçə il bundan əvvəl hərbi çevrilişə cəhd olarkən heç də belə olmamışdı – o vaxt insanlar həyatları üçün təhlükəyə baxmayaraq küçə və meydanlara axışaraq qanuni hakimiyyəti müdafiə etmişdilər.
“Vaqner"in maneəsiz olaraq ölkənin içərilərinə doğru addımlaması Rusiyanın hərbi gücü haqqındakı mifi də sarsıtdı – bir daha aydın oldu ki, bu ölkənin minlərlə nüvə başlığından başqa heç nəyi yoxdur. Belə bir hal ilk dəfə Çeçenistan müharibəsi zamanı olmuşdu – o vaxt çox kiçik bir respublika Rusiyanın “hərbi qüdrəti” haqqındakı mifi darmadağın etmişdi.
Kəsəsi, bizə elə gəlir ki, Rusiyanın çətin və mürəkkəb günləri hələ irəlidədir. 28 min nəfərlik hərbi güc heç də az deyil, bu, istər-istəməz Ukraynadakı müharibədə də özünü göstərəcək. Hərm də Qərb Rusiyaya qarşı geosiyasi savaşı dayandırmaq fikrində deyil. ABŞ və Avropa birinci “soyuq savaş” zamanı başlatdıqları işi başa çatdırmaq istəyirlər. Bəs bunun bizim üçün hansı nəticələri ola bilər? Rusiyanın zəifləməsi bütün hallarda bizim üçün sərfəli bir ssenaridir. Belə olacağı təqdirdə Cənubi Qafqazın hətta Avropa İttifaqına və NATO-ya yolu açıla bilər. Amma burada bir ciddi məqam da var. Avropa İttifaqının və ya NATO-nun üzvü olan ölkələr demokratik olmalıdırlar. Amma bunu heç də bütün Cənubi Qafqaz ölkələri istəmir...