RUSİYADA VAR OLAN, AMMA GÖRÜNMƏYƏN İKİNCİ HAKİMİYYƏT – Putini növbəti dəfə Prezident olmağa qoyacaqlarmı?...

13-07-2023, 11:28   



Litvanın paytaxtı Vilnüsdə NATO-nun növbəti sammiti keçirildi və gündəlikdə əsas məsələ kimi İsveçin alyansa qəbulu və Ukraynanın üzvlük prosedurunun müzakirəsi dayandı. Uzun illər ərzində alyansa girmək istəməyən İsveç qonşusu Finlandiyanın ardından NATO-ya üzv olacaq.

Beləliklə, Rusiya Prezidentinin apardığı təcavüzkar siyasət Qərb dünyasının hərbi birliyini daha da möhkəmləndirir. Buna paralel olaraq isə Priqojinin qiyamından sonra Rusiyanın özündəki daxili siyasi dinamika hələ də gərgin olaraq qalır.

Belə ki, Ukraynaya müdaxilə etməmişdən öncə “Putinin aşpazı” və “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri kimi tanınan Yevgeni Priqojin Rusiya ictimai-siyasi səhnəsinə hadisələrin gedişini köklü surətdə dəyişmək iqtidarında olan bir şəxs kimi çıxıb.

Fransanın “Liberation” qəzetinin verdiyi məlumatdan sonra Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinlə Priqojin arasında görüş olduğunu təsdiqləyib. Yəqin ki, Kreml yetkililəri bunu birbaşa demək cəsarətindən uzaq olduqları üçün “Liberation”a məlumat sızdırıblar. Peskov deyib ki, Putin iyun ayının 29-da 35 nəfər komandirlə görüşüb və Priqojin də onların arasında olub.



Maraqlıdır ki, Rusiya Federasiyasının Prezidenti qiyam günü bütün xalqın önündə Yevgeni Priqojini xain, satqın adlandırmışdı. Onun bu sözlərindən sonra televiziyalar “Vaqner” rəhbərinə qarşı hərtərəfli hücuma keçdilər və onun simasını, şəxsiyyətini mümkün olan bütün mənfi obrazlarla boyadılar.

Bəs görəsən, bundan sonra həmin təbliğatçılar korpusu nə danışacaq?

Çox böyük ehtimalla, yəqin ki, bir müddət susarlar və sonra isə Kremldən gələn əmr və təlimatlara müvafiq çıxışlar hazırlayarlar.

Müharibə başlayandan indiyədək televiziyalarda gedən verilişlərin süjet xətti və ruhu ümumi vəziyyətə uyğun olaraq o qədər dəyişib ki, hətta Şoyqunu, Gerasimovu, Zolotovu, Mişustini və hakimiyyətdəki digər adamları vətən xaini çıxarsalar, qətiyyən təəccüblü görünməz. Yevgeni Priqojinin personası ətrafında cərəyan edən proseslər onu deməyə əsas verir ki, Rusiya hakim elitası öz müqəddəratından bərk narahatdır və bu səbəbdən təhlükəsizlik qüvvələrinin də iştirak etdiyi güclü qruplaşma formalaşdırıb. Bu qrup və ya komanda daxili mübarizədə Priqojindən alət kimi istifadə edir, yerdə qalanlar isə sadəcə təfərrüatdır. Sözsüz ki, həmin komanda Aleksandr Lukaşenkonu da özlərinə cəlb edib və o da həmin sırada məmnuniyyətlə iştirak etməyə razılaşıb.

Əslində, Rusiyadakı hakim elitanı ilk növbədə öz gələcəyi maraqlandırır, qalan məsələlər ciddi əhəmiyyət daşımır. Onların Putinin siyasətindən narazı qalmalarının başlıca səbəbi indiyədək əldə etdikləri gəlirlərin kəskin azalması və onların itirilmə təhlükəsi ilə bağlıdır və heç şübhəsiz ki, bu cəhətdən müharibə xüsusi rol oynayır. Qərbin sanksiyaları elitanı qətiyyən qane edə bilməz, digər yandan isə müharibənin sonunun necə bitəcəyi də onlara bəlli deyil.

İlk başda düşünülürdü ki, müharibə tezliklə və qələbə ilə yekunlaşacaq, bir müddətdən sonra Qərblə ümumi razılaşmaya gəlinəcək və Rusiyaya qarşı qoyulmuş bütün qadağalar, məhdudiyyətlər tədricən götürüləcək. Amma gözlənilən olmadı və indi Putinin siyasəti hamının ziyanına işləyir. Sonra düşünüldü ki, blitskriq alınmasa da, Donbas bölgəsini, Zaporojye və Xerson vilayətlərini tam ələ keçirdikdən sonra Ukraynanın qəyyumu olan Qərb dünyası geri çəkilmək məcburiyyətində qalacaq. Amma hər şey tərsinə getdi və rusların özləri tutduqları ərazilərin əhəmiyyətli hissəsindən geri çəkildilər, Xerson şəhəri daxil olmaqla Dnepr çayının sağ sahilini itirdilər.

2022-ci ilin payızında Kreml rəhbərliyi ordu ilə birlikdə daha bir plan işə saldı: Ukraynanın enerji infrastrukturuna raket zərbələri endirildi, Avropa qaz ilə şantaj olundu. Ancaq bundan da istənilən nəticə hasil olmadı. Artıq Rusiya hakimiyyətinin yuxarı eşalonunda anlayırlar ki, müharibə uzanmağa və taqətdən salma strategiyasına doğru gedir, bu isə hamıdan yeni yanaşma tələb edir.

Kreml rəhbərindən narazı qüvvələrin bir araya gətirilməsi heç də asan məsələ deyil. Bunun üçün liderə və silahlı qüvvəyə ehtiyac yaranır.

Priqojinin qiyam qaldırdığı gün onun Moskvaya doğru sürətlə irəliləməsinə güc strukturları tərəfindən şərait yaradılmışdı. Magistral yol ilə gedən hərbi kolonu darmadağın etmək üçün bir neçə “Su-30” və ya “Su-35” təyyarəsinin havaya qalxması kifayət edərdi. Deməli, yüksək hakimiyyət eşalonunda Priqojini irəliyə verən gizli korpus var və Belarus Prezidenti Aleksandr Lukaşenko da öncədən vəziyyətdən ağah imiş.

Əslində, Putinlə görüşdən sonra Priqojin öz mövqeyini möhkəmləndirdi. Yəqin ki, Putin ona bir daha xain deyə bilməyəcək.

”Vaqner” rəhbərini güclü hala gətirən iki məqam var.

Əvvəla, onun arxasında dayananlar birlik nümayiş etdirərək Putini bərk qorxutdular və yerində oturtdular.

İkincisi isə “Vaqner” hərbi texnikası ilə birlikdə təhlükəsiz şəkildə Belarusa yerləşməyə başlayıb. Beləliklə, artıq aydındır ki, ölkədə görünməyən ikihakimiyyətlilik var və bu proses irəlidə yeni forma alacaq.

Putin özünü zəiflər üzərində qüdrətli göstərə bilirdi, lakin elə ki, Ukrayna müharibəsi başladı, onun əsl qabiliyyəti üzə çıxdı. Putinə böyük ölkənin rəhbəri olmaq nəsib olsa da, o, gözlənilən nəticəni nümayiş etdirə bilmədi. Aleksandr Lukaşenko pərdə arxasında məharətli oyun apararaq sübut etdi ki, o, Putindən daha bacarıqlıdır, amma tale onu Belarusun, Putini isə Rusiyanın başçısı edib. Putin həmişə özünü Lukaşenkodan üstün görüb və zaman-zaman onların arasında münaqişələr də meydana gəlib. Bəlkə də, Lukaşenko Ukrayna ilə ixtilafa girməkdə heç də maraqlı olmayıb, lakin hansısa şərtlər onu buna vadar edib. Belə görünür ki, Lukaşenko da müharibədən əvvəl Rusiya ordusunun əzəməti haqqında danışılan əfsanələrin təsirinə düşümüşdü.

Bütün bunlara baxmayaraq, heç şübhə yoxdur ki, Putin yenidən Prezident seçilmək niyyətindədir və bunun üçün onun elitanın dəstəyinə ehtiyacı var. Əks təqdirdə hadisələrin məhvəri elə dəyişdirilər ki, o, hətta seçkiyə qədər hakimiyyətə “əlvida” deməli olar. Putinin keçmişi bu günə kimi müəmmalarla doludur. Hələ indiyədək sual verilir ki, axı necə oldu, heç kimin tanımadığı, yalnız Sankt-Peterburq merinin köməkçisi və DTK podpolkovniki olmuş birisi Rusiya kimi mürəkkəb və strateji mövqeyə malik dövlətin başına keçdi? Onu buraya kimlər gətirdi? Əgər biz həmin dövrdəki Rusiyanın administrativ, təsərrüfat və təhlükəsizlik elitasının tərkibinə nəzər salsaq, görərik ki, Putin orada heç kim olub. Əlbəttə, bunu onun özü də yaxşı bilir. Hazırda Priqojini dəstəkləyən hakimiyyət korpusunun mümkün planları barədə onu demək olar ki, onlar ilk növbədə alternativ güc kimi tam möhkəmlənməyi düşünürlər. Təkcə silahlı qüvvə ilə hər şey həll olunmur, çünki maraqların bir ucunda şəxsi təhlükəsizliyin təminatı dayanırsa, o biri ucunda da hakimiyyətə yiyələnmək bacarığı dayanır.

Rusiyada indi nə baş verdiyini konkret söyləmək çətindir. Ancaq Priqojin üsyanı göstərdi ki, Putin hakimi-mütləqliyini əldən buraxıb və indi artıq başqaları ilə hesablaşmaq məcburiyyətindədir.

Digər tərəfdən, arxa planda dayanmış qüvvəyə ölkənin bir çox problemlərinin necə həll olunması, yeni hakimiyyətin necə formalaşması və Ukraynada aparılan müharibədə hansı siyasi xəttin tutulmasının faydalı olacağı bəlli deyil. Ona görə də onlar bir çox məsələlərdə öz aralarında tam konsensus əldə edə bilməyiblər. Çünki məsuliyyətin bölüşdürülməsi və gələcəklə bağlı müəyyən strateji yol xəritəsi olmadan Putinin kiminləsə əvəzlənməsi avantüra olar. Amma alternativ güc mərkəzi sakit durmayıb və ilk addımı artıq atıb: böyük hərbi dəstə vasitəsilə öz şərtlərini Prezidentə diqtə etməyə nail olub. Sözügedən güc sadalanan problemlərin həlli ilə bağlı daxili razılaşmaya gələndən sonra mütləq Qərblə gizli danışığa gedəcək. Belə olan təqdirdə Putinin yenidən prezident olma sevdasının üstündən xətt çəkiləcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.