"VAQNER” MÖVCUD DEYİL, AMMA...”- Putin Priqojinin iradəsi qarşısında öz zəifliyini etiraf etdi

14-07-2023, 13:07   



Vladimir Putin Yevgeni Priqojinin hərbi qiyamından sonra ilk dəfə “Vaqner” və onun başçısı barədə danışıb. 

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, jurnalistlərə açıqlamasında Putin iyunun 29-da Yevgeni Priqojin və “Vaqner” komandirlərilə görüşdüyünü təsdiqləyib. Qiyam günü “Vaqner”-i və onun başçısını xəyanətdə, satqınlıqda ittiham edən və onların cəzalandırılacağını deyən Putin bu görüşlə bir daha necə aciz duruma düşdüyünü göstərmiş oldu.

Ən maraqlısı isə Putinin həmin görüşün detalları barədə danışması və bu zaman Priqojinin iradəsi qarşısında öz zəifliyini etiraf etməsidir. Belə ki, Rusiya başçısı görüşdə “Vaqner” komandirlərinə təkliflər etdiyini, lakin Priqojinin bu təkliflərlə razılaşmadığını deyib. 

O, bildirib ki, “Vaqner” komandirlərinə bir neçə variant təklif edib. Bu təkliflərdən biri onların əvvəlki kimi bir yerdə olması və “Sedoy” ləqəbi ilə tanınan komandirin başçılığı altında hərbi əməliyyatlarda iştirak etmələrilə bağlı olub: “Onlar hamısı bir yerdə yığışaraq, xidmət edə bilərdilər. Onlar üçün heç nə dəyişməyəcəkdi. Onlara indiyə qədər real komandirləri olmuş şəxs rəhbərlik edəcəkdi. Mən bunu deyəndə çoxları başlarını yellədilər(razılıq verdilər). Qabaqda oturan və bunları görməyən Priqojin isə qulaq asandan sonra dedi ki, “yox, uşaqlar bu qərarla razı deyillər”.

Beləliklə, Putin etiraf edib ki, əsas söz və qərar vermək ixtiyarı Priqojinə məxsusdur və Rusiya Prezidenti də bununla hesablaşmaq məcburiyyətindədir. Bir dövlətin, xüsusilə də Rusiya kimi nəhəng dövlətin başçısının bunu şəxsən söyləməsi onun və hakimiyyətinin hansı dərəcədə aşağılandığının və dövlət, dövlətçilik anlayışının nə dərəcədə deqradasiyaya uğradığının bariz göstəricisidir.



Yəqin ki, müharibədən əvvəl belə bir mənzərəni heç kim təsəvvür edə bilməzdi. Heç kimin Putinin bir sözünü iki edəcək cəsarətə malik olmadığı dövrlərdən fərqli olaraq, hazırda Rusiya Prezidenti sabiq aşbazının iradəsinə tabe olduğnu etiraf edib. Hansı ki, məntiqlə hazırda Priqojin və onun dəstəsi məhv edilməli idi. Putin isə “Vaqner” komandirləri və Priqojinlə yox, onların qiyam zamanı həlak etdiyi hərbçilərin, pilotların ailələri ilə görüşməli idi. Bunların baş verməməsi bir tərəfdən Putin hakimiyyətinin fiziki və mənəvi çürümə yaşadığını, digər yandan isə ümumilikdə Rusiya cəmiyyətinin və dövlətçiliyinin düşdüyü miskin durumu göstərir.

Putin sözügedən açıqlamasında Rusiyanın hüquqi dövlət olmadığını da etiraf edib. Belə ki, Rusiya başçısı “Vaqner”-in hüquqi cəhətdən mövcud olmadığını deyib və bununla da bir tərəfdən Rusiyada qeyri-qanuni silahlı birləşmənin mövcud olduğunu, digər yandan Rusiya dövlətinin bu qeyri-qanuni qruplaşmanın xidmətindən istifadə etdiyini və nəhayət, onun qarşısında aciz qaldığını, təslim olduğunu etiraf edib. Belə ki, Putin “Vaqner”-in hüquqi statusu ilə bağlı deyib: “”Vaqner” özəl hərbi şirkəti mövcud deyil. Bizdə özəl hərbi təşkilatlarla bağlı qanun yoxdur. Sadəcə, mövcud deyil. Lakin bu məsələ dövlət Dumasında və hökumətdə müzakirə olunmalıdır. Bu, asan məsələ deyil”.

Əslində, hüquqi əsas olmayan hərbi birləşmə dolayısı ilə terror təşkilatı kimi bir şeydir və onun ya məhv edilməsi, ya da təslim edilərək, dağıdılması gərək olmalı idi. Lakin Putinin dediklərindən belə çıxır ki, Rusiya dövləti və onun başçısı hüquqi cəhətdən mövcud olmayan terror təşkilatı ilə özünü bərabər hüquqlu “tərəfdaş” kimi aparır, onunla müzalkirələr keçirir, ona “iş” təklif edir və sair.



Putin sözügedən açıqlamasında “Vaqner” döyüşçülərinə və komandirlərinə sözün əsl mənasında məddahlıq etməyi belə özünə rəva bilib: “Vaqner”-in sıravi döyüşçüləri ləyaqətlə döyüşüblər, belə... Onların bu hadisələrə cəlb olunması təəssüf doğurur”. 

Fikir verirsinizsə, söhbət hərbi qiyam qaldıran, Moskvaya yürüş edən, yolüstü Rusiya hərbi texnikasını, təyyarələri, vertolyotları və hərbçiləri məhv edən, Cənub Hərbi Dairəsini ələ keçirən, nəhayət, Rusiya Prezidentinin özünün satqın və xain adlandırdığı şəxslərdən gedir...

Ən əsası isə odur ki, bu silahlı birləşmə hərbi qiyam qaldırmasına, dövlətin mövcudluğunu təhlükə altına almasına, 20-dək hərbçini və pilotları həlak etməsinə, bir neçə vertolyot və təyyarə vurmasına baxmayaraq, Rusiya dövlətinin və onun başçısının tərəf müqabili kimi tanınır. Onun iradəsinə və sözünə diqqət edilir və onun gələcək mövcudluğu barədə qərarı da Rusiya dövlətinin başçısı yox, hərbi qiyama başçılıq etmiş şəxsin özü verir. 

Putin isə etiraf edir ki, onun “Vaqner” komandirlərinə etdiyi təklifi Priqojin rədd edir və o da bu qərarla razılaşaraq sabiq aşbazının iradəsinə tabe olur. Görəsən, bütün bunlardan sonra Rusiya “dövlət”, Putin isə “Prezident” statusunu saxlamağa nə dərəcədə layiqdir?

lal Məmmədov

“AzPolitika.info”  

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.