Xankəndini kim qarışdırır: Rusiya, yoxsa Ermənistan?

14-07-2023, 18:47   


Xankəndini kim qarışdırır: Rusiya, yoxsa Ermənistan?


Bu gün Xankəndidə erməni separatçıların təşkilatçılığı genişmiqyaslı nümayiş təşkil olunub. 

Qeyd edək ki, nümayişə qatılan ermənilər rus sülhməramlıların rəhbərliyindən, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Laçın yolunun açılmasına şəraitin yaradılmasını tələb ediblər. 

Nümayişdə qondarma qurumun rəhbəri Araik Arutyunyan və digər rəsmilər də iştirak ediblər.

Xankəndi şəhərinin meydanında toplaşan nümayişçilər öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin bölgədəki ofisinə, ondan sonra Xocalıda rus sülhməramlılarının qərargahının qarşısına doğru yürüş ediblər.

Həm BQXK-nin ofisinin, həm də Rusiya silahlı qüvvələrinin qərargahının qarşısında etiraz aksiyaları zamanı erməni separatçıları sərt bəyanatlar səsləndiriblər.

Qondarma qurumun “dövlət naziri” Qurgen Nersisyan beynəlxalq ictimaiyyəti və Rusiyanın dövlət rəhbərliyini Qarabağdakı ermənilərə yardım etməyə çağırıb.

“Mən beynəlxalq ictimaiyyətə, Ermənistan Respublikasına və Rusiya Federasiyasına bir sual ünvanlamaq istəyirəm: sizə nə lazımdır, nəyi gözləyirsiniz? Sizin tərəfinizdən hər hansı reaksiyaya görə, hər gün bu meydanda insanların cəsədlərinin görünməsinə ehtiyac varmı?”, - deyə Nersisyan bildirib.

Bununla yanaşı, Qarabağdakı erməni mənbələrinin məlumatına görə, nümayişçilər rus sülhməramlıların hərbi bazasının yaxınlığında çadırlar quracaqlar.

“Növbəti addımımız bu yerdə çadır qurmaqdır, çadırlarda hamı "dəhlizin" kilidini açmaq, tələblərimizin yerinə yetirilməsini gözləyəcək. Sosial, məişət, ərzaq problemlərimizi nəzərə alaraq bizim burada və ya Xankəndində olmağımızın heç bir fərqi yoxdur”, - deyə Nersisyan vurğulayıb. 

Xankəndində son prosesləri izləyən bəzi ekspertlər hesab edirlər ki, erməni separatçıların təşkilatçılığı ilə keçirilən nümayişlərin arxasında birbaşa Rusiya və Paşinyan faktoru dayanır. 

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-şərhində qeyd edib ki, Rusiya hər vasitə ilə Qarabağda sülh və sabitliyin bərqərar olunmasına maneçilik törədir: 

“Xankəndinin meydanında ermənilər çarəsizlikdən toplaşırlar. Halbuki qondarma qurumun rəhbəri Araik Arutyunyanın əmri ilə bölgədə fövqəladə vəziyyət elan olunub.

Onun əmrinə əsasən, şəhərdə nəinki nümayişlər və yürüşlər, hətta adi otaqda belə iclas keçirmək qadağan olunur. Qanuni ərazimiz, Qarabağda ermənilərə internetə girməyə icazə vermirlər. Çünki erməni separatçıları narahatdırlar ki, sadə ermənilər sosial şəbəkələrdə Azərbaycanın sülh təşəbbüsləri barədə məlumat əldə edərlər. 

Lakin Xankəndinin mərkəzi meydanında nümayişin keçirilməsi, hətta Arutyunanın orada iştirak etməsi onu göstərir ki, qondarma rejim nümayişlərin keçirilməsində maraqlıdır.

Əlbəttə, bu, erməni separatçıların məyus və çıxılmaz vəziyyətə düşməsindən irəli gəlir. Ermənilər tələb edirlər ki, Laçın yolu açılsın. Amma unudurlar ki, Laçın yolu Azərbaycanın qanuni ərazisinə daxildir və bu yoldakı hər hansı vəziyyətin nizamlanması ilə bağlı qərar yalnız Azərbaycanın aidiyyəti orqanları tərəfindən verilə bilər. Rus sülhməramlıları da bu məsələdə Azərbaycana təzyiqlər edə bilməz”. 

Xankəndidə nümayişin arxasında kimlərin dayanması ilə bağlı suala cavab verən Zərdüşt Əlizadə vurğulayıb ki, Moskva bu regionda sülhün bərqərar olunmasında maraqlı deyil:

“Əlbəttə, rus sülhməramlıların son hadisələrdə rolu var. Hesab edirəm ki, məhz rus sülhməramlıların rəhbərliyi erməni separatçılarını nümayişlər keçirməyə sövq edir. Çünki Rusiya Azərbaycanla Ermənistan arasında, eləcə də Qarabağda sülh və sabitliyin bərqərar olunmasını istəmir. Moskva bütün vasitələrlə iki dövlət arasında sülh prosesinin pozulmasına çalışır”.

Onun sözlərinə görə, Xankəndidə nümayişlərinin arxasında Paşinyan faktorunun dayanması inandırıcı deyil:

“Paşinyana bu kimi problemlər lazım deyil. Əksinə erməni separatçıları narahatdırlar ki, Nikol Paşinyan iyulunun 15-də Brüsseldə keçiriləcək görüşdə Ermənistan qoşunlarının Qarabağdan geri çəkilməsi ilə bağlı sənədə imza atar”.

Politoloq erməni separatçıların Laçın yolunda təxribat ehtimalına da toxunub:

“Əgər ermənilər Laçındakı Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinə tərəf yürüş etsələr, yaxşı olardı ki, sərhədçilərimiz onları Ermənistana buraxsın. Ondan sonra isə sərhədi bağlayıb erməniləri ölkəmizin ərazisinə girməsinə imkan verməsin. Onsuzda Qarabağda baş verən son proseslər Azərbaycanın qələbəsi ilə bitəcək. Rus sülhməramlıları da əvvəl-axır ərazilərimizi tərk edəcəklər”. 

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.