Azərbaycan tezliklə Qarabağda məskunlaşan ermənilərin reinteqrasiyası ilə bağlı ciddi tədbirlər görməyə başlayacaq.
Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının sabiq katibi David Şahnazaryan yerli mətbuta açıqlamasında Qarabağda son prosesləri şərh edərkən Azərbaycanın həmin bölgədə məskunlaşan ermənilərin reinteqrasiyası ilə bağlı proqram hazırladığını iddia edib.
Onun sözlərinə görə, bu "yol xəritəsi" dörd mərhələdən ibarətdir.
“İlk olaraq Qarabağda yaşayan ermənilərin Azərbaycan pasportu ilə təmin edilməsi olacaq. İkinci mərhələdə həmin ərazidə Azərbaycan manatı dövriyyəyə buraxılacaq. Üçüncü və dördüncü mərhələlərdə isə Qarabağdakı erməni silahlı birləşmələri tərkisilah ediləcək və qondarma qurum ləvğ edilirək hakimiyyət Azərbaycanın dövlət rəhbərliyinə təhvil veriləcək”, - deyə Şahnazariyan iddia edib.
Şahnazariyan vurğulayıb ki, bu "yol xəritəsi"nin həyata keçməsi üçün 1 illik müddət nəzərdə tutulub:
“Hər bir mərhələ üç ay müddətində başa çatdırılacaq”.
Şahnazariyanın məsələ ilə bağlı bəyanatı yaxın gələcəkdə nə dərəcədə özünü doğruldub-doğrultmayacağı hələ sual altındadır. Amma Qarabağda məskunlaşan ermənilərin reinteqrasiyası Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur üzrə təhlükəsizlik konsepsiyasında mühüm amil hesab olunur. Bu məsələ, habelə Azərbaycanın sülh gündəmində də əsas prioritetlərdən biri hesab olunur.
Məsələ ilə bağlı konfliktoloq Azad İsazadə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Qarabağda ermənilərin reinteqrasiya prosesi müxtəlif formatlarda aparılacaq:
“Bildirim ki, Qarabağda məskunlaşan ermənilərin reinteqrasiyası ilə bağlı hər hansı plan açıqlanmayıb. Lakin dövlət başçısı öz açıqlamalarında dəfələrlə qeyd edib ki, həmin ərazidə yaşayan ermənilər mütləq Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdır.
Əlbəttə, reinteqrasiya prosesinin ən həlledici mərhələsi oradakı yerli ermənilərin Azərbaycan vətəndaşlığı ilə təmin edilməsidir. Vətəndaşlıq mərhələsinin nizamlanması çərçivəsində ərazilərimizdə yaşayan ermənilər digər Azərbaycan vətəndaşları kimi bütün hüquqlara malik olacaq, həmçinin onlara bir sıra öhdəliklər və vəzifələr şamil olunacaq.
Bu reinteqrasiyanın ən mühüm elementidir. Bununla yanaşı, ölkəmizin rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, reinteqrasiya ilə bağlı məsələlər birgə müzakirə olunmalıdır. Yəni, bu müzakirələrdə Qarabağdakı ermənilərin nümayindələri də iştirak etməlidir.
Hesab edirəm ki, inteqrasiya çox geniş və əhatəli bir konsepsiyadır. Burada siyasi və iqtisadi inteqrasiya, sosial inteqrasiya, o cümlədən mədəni inteqrasiya nəzərə alınır. Qarabağda erməni icmasının reinteqrasiya prosesində ən çətin və mürəkkəb mərhələ qondarma qurumun "polis qüvvələri"nin ölkəmizin Daxili İşlər Nazirliyinə tabe edilməsidir. Azərbaycanın Qarabağın dağlıq əraziləri üzərində yurisdiksiyası bərpa olunduqdan sonra bölgədəki yerli polis müfəttişlərinə ehtiyac duyula bilər.
Məhz Xankəndi, Ağdərə və Xocəvənd şəhərlərinə polis rəislərinin təyinatı ilə bağlı məsələlər ciddi müzakirə predmenti olacaq. Ola bilsin ki, ermənilərdən peşəkar bir mütəxəssisi işə götürücəyik. Çünki həmin bölgədə təhlükəsizliyi təmin etmək üçün təkcə Bakıdan polis göndəriləsi deyil”.
Konfliktoloqun sözlərinə görə, reinteqrasiyanın ilkin mərhələsi birgə dialoq olacaq:
“İlkin mərhələ Azərbaycanın aidiyyəti orqanları ilə Qarabağdakı ermənilərin nümayindələri arasında dialoqun aparılmasından keçir. Dialoqun şəffaf aparılması üçün ikitərəfli işçi komissiyanın yaradılmasına da zərurət var. Yalnız birgə işçi komissiyanın fəaliyyəti çərçivəsində reinteqrasiya ilə bağlı münasib proqram tərtib oluna bilər. Yəqin ki, dövlət rəhbərliyimiz bu istiqamətdə zəruri addımlar atacaq”.
Vətəndaş cəmiyyətlərinin bu prosesdə təsir imkanlarına toxunan ekspert vurğulayıb ki, istər Azərbaycanın, istərsə də rus sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə ermənilərin vətəndaş cəmiyyətləri reinteqrasiya prosesi üzrə aparılan qarşılıqlı dialoqda iştirak edə bilərlər:
“Ancaq bunun üçün əlavə işçi qurpların yaradılmasına ehtiyac olacaq. Onu da əlavə etmək lazımdır ki, bu dialoqda, həmçinin hər iki tərəfin ziyalıları və media nümayindələri də görə bilərik”.
Reinteqrasiya prosesinin nə qədər müddət ərzində davam edəcəyi ilə bağlı sualı cavablandıran Azad İsazadə bildirib ki, bu, tərəflərin ortaq məxrəcə gəlməsindən asılıdır:
“Hər iki tərəf qarşılıqlı şəkildə bir-birini anlaya bilsələr, bu proses bir-iki il çəkəcək. Əgər mürəkkəb problemlər üzə çıxsa və qarşılıqlı razılaşma mümkün olmasa, bu proses 10 il çəkəcək. Amma Azərbaycan rəhbərliyi çox çətin ki, 10 il gözləsin, ən azı bu məsələni 2-3 il ərzində həll etməyə çalışacaq”.
Yunis Abdullayev
Cebhe.info