“Buna əmin olduqdan sonra Ukraynadakı “xüsusi hərbi əməliyyat”a qayıda bilərik”
Rusiyadakı uğursuz qiyamın ardından Belarusa yollanan “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin ilk dəfə videmüraciət yayımlayıb.
“AzPolitika.info” xəbər verir ki, “Vaqner”in sosial media hesablarından yayımlanan görüntülərdə Priqojini “Vaqner” liderlərindən olan Dmitri Utkinin müşayiət etdiyi görülüb.
Sözügedən videoda Belarusda olan “Vaqner” döyüşçülərinə müraciət edən Priqojin cəbhə xəttində baş verənləri biabırçılıq adlandırıb və dolayısı ilə Putini ittiham edib :“Biz şərəflə döyüşdük. Siz Rusiya üçün çox şey etdiniz. Hazırda cəbhə xəttində baş verənlər bizim içində olmaq istəmədiyimiz bir biabırçılıqdır. Biz gözləməliyik. Qərara aldıq ki, bir müddət Belarusda olaq və özümüzü tam sübut edə biləcəyimiz anı gözləyək. Ona görə də bir müddət Belarusda qalacağıq. Bu müddət ərzində mən əminəm ki, biz Belarus ordusunu dünyanın ikinci ordusuna çevirəcəyik”.
Priqojin “Vaqner” döyüşçülərinə xəbərdarlıq edib ki, Belarus xalqı onlara qucaq açıb və bu səbəbdən də hər kəs buna uyğun hərəkət etməlidir.
Priqojin “Vaqner” döyüşçülərinin Afrikada yeni taprşırıqlar icra edəcəyini bildirib:“Hazırlaşırıq və məqsədlərimizi daha da yüksəldirik. Biz Afrikada yeni yola başlayırıq. Bizi utandıracaq duruma düşməyəcəyimizə əmin olduqdan sonra Ukraynadakı “xüsusi hərbi əməliyyat”a qayıda bilərik”.
Xatırladaq ki, “Vaqner”in lideri Priqojin iyunun 23-də rus ordusunu düşərgələrinə hücum təşkil etməkdə ittiham edərək, üsyana başlayıb. Prioqjinin dəstəsi Rusiyanın cənubundakı Rostovdan paytaxt Moskvaya doğru irəliləsə də, Belarus lideri Aleksandr Lukaşenko hadisələrə müdaxilə edərək, üsyanın qarşısını alıb. Bundan sonra Y. Priqojin bir qrup “Vaqner” hərbçisi ilə birlikdə Belarusa yerləşib.
“AzPolitika.info”