Vladimir Putinin 23 illik hakimiyyətində heç bir hadisə onun rejiminin kövrəkliyinə bu qədər aydın şəkildə işarə etməyib. Yalnız “Vaqner”in iyunun 24-də yarımçıq qiyamı istisnadır.
Anaxeber.info Reyting-ə istinadla xəbər verir ki, bunu “Project Syndicate” saytında sabiq sovet lideri Xruşşovun nəvəsi Nina Xruşşova yazıb.
Onun təhlilində qeyd olunur:
Priqojinin döyüşçüləri Putinin yaxın çevrəsinin üzvləri və ya hərbçilərin köməyi olmadan Rusiya ərazisinin daxilində demək olar ki, min kilometr məsafəni qət edə bilməzdilər. Milyarder qardaşlar Yuri və Mixail Kovalçukun bu işdə rol oynamaları barədə şayiələri dolaşır. Putinin yaxın adamları olan kovalçuklar Priqojinin “Rusiyanın müharibədə və ya Qərblə daha geniş qarşıdurmada kifayət qədər güc nümayiş etdirmədiyi”nə dair rəyi bölüşürlər.
Digər mümkün qiyamçı general Sergey Surovikindir. Priqojin kimi, Surovikin də müdafiə naziri Sergey Şoyqunun həyata keçirmək istədiyindən qat-qat qəddar müharibə səylərini müdafiə edib. İğtişaşdan bəri o, ictimaiyyət arasında görünmür və yəqin ki "istirahət edir".
Onlarla yaxın başqa yüksək rütbəli hərbçilər əlavə araşdırmaya qədər ya vəzifələrindən uzaqlaşdırılıb, ya da istefaya göndəriliblər.
İnsanların işdən çıxarılması üçün əsas təkcə qiyamda mümkün iştirak deyil: Ukraynada yüksək rütbəli komandir olan general İvan Popov ordunun yüksək rütbəli rəhbərliyini müharibəni pis idarə etmədə tənqid etdikdən sonra işdən çıxarılıb.
Yeri gəlmişkən, “Vaqner” döyüşçüləri heç bir cəza ilə üzləşməyib. Onların sadəcə olaraq Belarusa köçməsi və ya Rusiya üçün döyüşməyə davam etməsi gözlənilir, lakin başqa bir komandirin rəhbərliyi altında.
Priqojin də “Moskvaya yürüşün”ə görə harasa sürgün olunmayıb. O, Sankt-Peterburq və Moskvada görünüb, onlarla “Vaqner” komandiritək iyunun 29-da Putinlə gizlicə görüşüb.
Bu nəticə “Vaqner”in Rusiyadakı qeyri-müəyyən statusunu əks etdirir: özəl hərbi təşkilatlar texniki cəhətdən qanunsuzdur. Ukraynaya genişmiqyaslı işğalından əvvəl Priqojin “Vaqner”in ümumiyyətlə, şəxsi ordu olduğunu inkar edirdi. Putinin bu yaxınlarda qeyd etdiyi kimi, “Vaqner” “hüquqi şəxs” deyil, sadəcə “mövcuddur”.
Bununla belə, iyunun 27-də Rusiya hərbçiləri ilə görüşdə Putin açıqlayıb ki, təkcə keçən il “Vaqner” qüvvələri Rusiya dövlətinə xidmətə görə 86 milyard rubl (demək olar ki, 1 milyard dollar) alıb. Əgər qiyamçılar dövlətin maaş hesabındadırsa, onlar əfv olunmamalı, hərbi məhkəməyə verilməlidir.
“Vaqner”in cəzasız qalması, totalitar polis dövlətində yaşayan sıravi rusları daha çox narahat edir. Ukrayna müharibəsinin istənilən tənqidi - hətta onun məntiqi ilə bağlı şübhələri ifadə etmək və ya sülhə nail olmaq üçün səylərin lazım olduğunu bildirmək - istənilən insanı həbsxanaya göndərməyə və ya “xarici agent” kimi qələmə verilməsinə əsas ola bilər. Hazırda ruslar müharibə ilə bağlı suallara ancaq üzbəsurət cavab verməyə cürət edir.
Putin ümid edir ki, “Vaqner”ə münasibəti ilə bağlı rusları susdura biləcək. Sovet dövründə olduğu kimi, ruslara real əsası olmayan tarixi rəvayətlərə inanmaq əmri verilir. Öz biliklərinizi, yaddaşınızı və ya təcrübənizi unudun - ali lider hər şeyi hamıdan daha yaxşı bilir.
Beləliklə, hər bir televiziya kanalı təbliğatçısı son bir neçə həftədə Priqojini xəyanətinə görə söyür və qiyamın fəlakətli potensialındam dəm vururdu. Ruslar sövdələşmənin əldə edildiyini və qan tökülməsinin qarşısının aldığını “hiss etdilər”. Lakin Putinin “vətənə xəyanət” adlandırdığı qiyamdan sonrakı günlərdə ekspertlər Priqojinin sərt cəzadan yayınmaq üçün hansı düzəlişlər etməli olacağı barədə fərziyyələr irəli sürüb. Ekspertlər ruslara xatırladıblar ki, Putin bağışlayan lider kimi tanınmır...
Bununla belə, Putin bu yaxınlarda “ləyaqətlə döyüşmüş”, lakin təəssüf ki, “qiyama zorən cəlb olunan” “Vaqner” döyüşçülərinə yeni iş təklif edib. Elə isə Priqojin xəyanətkardır, ya yox? Əgər o hələ də düşməndirsə, niyə rus torpağında azad gəzir? Niyə Putin onu Kremldəki görüşə dəvət edir?