Musavat.com xəbər verir ki, "RİA Novosti" Agentliyi Marine Traffic beynəlxalq suda hərəkət izləmə sisteminə istinad etməklə körpüyə çırpılan dronların Türkiyəyə məxsus “Xudayar Yusifzadə” gəmisi və “Beks Loyal” tankerindən buraxıldığına dair iddia tirajlayıb.
“Beks Loyal” tanekirinin sahibi ilan Beks Ship Management And Trading S.A. şirkətinin əməliyyatlar departamentinin rəhbəri Efe Tunalı Rusiya mətbuatına bildirib ki, onlara məxsus tanker hadisə yerindən çox uzaqda olub: “Marine Traffic sistemindən də aydın görünür ki, bizim tankerimiz hadisə baş verən vaxt Krım körpüsündən 100 mil uzaqda olub. Tankerin əvvəlki icarədarı da, indiki də Rusiya vətəndaşıdır. Biz sırf Rusiya mallarının daşınmasını həyata keçiririk. Tankerimizin adının Krım körpüsünün partladılmasında hallanmasından çox dərin narahatlıq keçiririk”.
Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin adını daşıyan gəminin sahibi olan “Palmali” şirkəti hələlik iddia ilə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, "RİA Novosti" öz iddiasını RaHDit adlı haker qrupunun hadisə vaxtı yaxınlıqda olan gəmilərlə bağlı məlunatı ilə əsaslandırıb. Qrup hadisə yerinin yaxınlığında olan çoxsaylı gəmilərin adlarını, marşrutlarını açıqlasa da, agentlik nədənsə məhz Türkiyəyə məxsus gəmiləri hədəf seçib
Aydındır ki, Putinlə Ərdoğanın arasının tamamən dəyməsində, hətta Rusiyaya qarsı bölgədə ikinci cəbhə açılmasında ən çox Qərb (ABŞ), Ukrayna, Ermənistan və bir də Rusiyadakı müəyyən ermənipərəst çevrələr maraqlıdır. Belə bir hiylə nə dərəcədə baş tuta bilər?
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Rusiya ilə Türkiyənin münasibətlərinin pozulacağı hadisənin baş vermədiyini düşünür: “Əvvəla onu deyim ki, Zelenskinin Türkiyə səfəri, orada olan açıqlamalar, baş verən hadisələr Rusiyada anti-Türkiyə əhval-ruhiyyəsini yenidən qaldırdı. Onu da demək lazımdır ki, ruslara bəhanə bəs edər ki, Türkiyə və Ərdoğana qarşı söz hücumuna keçsinlər. Zelenskinin Türkiyəyə səfərindən sonra Rusiyadakı şovinist dairələr, üstəgəl hələ də Qərblə barışmaq istəyən liberallar və təbii ki, ermənilər bu fürsəti əldən buraxmadılar və yenidən Ərdoğan Türkiyəsinə söz iftiraları, hədə-qorxular yağdırmağa başladılar. "Azov" komutanlarının azad edilməsi rusları sözdə bərk qəzəbləndirdi.
Düzdür, artıq rusların bu cür qəzəbləri heç kəsi qorxutmur, əksinə, ironiya doğurur. “Azov” komutanlarının azadlığa buraxılması ilə bağlı rusiyalılar türkiyəliləri müharibənin sonuna qədər ukraynalıların Türkiyədə qalmaq razılığını pozmaqda ittiham edirlər. Lakin ruslar nəsə unudurlar ki, taxıl sazişindən çıxmaqla türklərlə ilk razılaşmanı özləri pozublar. Ərdoğan da dərhal bunun cavabını Putinə verdi. Həm də düşünmürəm ki, 3-4 təhvil verilən ukraynalı hərbçi müharibədə hansısa gedişatı dəyişə bilər və yaxud türk-rus ilişkilərinə ciddi zərbə vura bilər. Həmçinin Putin o vəziyyətdə deyil ki, Ərdoğanla yenidən münasibətləri korlasın.
Krım körpüsündə baş verən olaydan istifadə edib Türkiyəyə qarşı səsləndirilən ittihamlar rus daxili auditoriyasına hesablanmış piardır: yəni görürsünüz biz hər məsələdə prinsipalıq və s. Putin anlayır ki, müharibədən üzüağ çıxmaq üçün Ərdoğan onun ən real şansıdır. Yəni ki, Ərdoğanın vasitəçiliyi ilə bu ilin sonu, gələn ilin ilk yarısında Ukrayna-Rusiya atəşkəsi imzalana bilər. Qərb də buna məqbul yanaşmağa başlayıb. Həm də “azov”çuların təhvili Türkiyə, Rusiya və Ukrayna arasında daxili razılaşma ilə də baş verə bilər. Artıq heç bir təhlükə kəsb etməyən 3-4 ukraynalı hərbiçinin təhvili məhz gələcək atəşkəsə hazırlanan nədənlərdən də ola bilər. Zelenski atəşkəs qabağı hansısa preferensiyalar götürməlidir ki, daxili auditoriyanı razı sala bilsin. Ərdoğan isə bununla sülhməramlı rolu və avtoritetini daha da gücləndirir. Putinə atəşkəs hava-su kimi lazımdır. Ona görə də o, hansısa güzəştlərə getməlidir. Və bütün bunlar təbii ki, ABŞ və Britaniyanın razılığı və pərdəarxası iştirakı ilə baş verir. Və sonda tam və ya qismən bütün tərəflərin razılığı ilə Ukrayna cəbhəsində atəşkəs elan edilir".
Emin Həsənli
Hərbi ekspert Emin Həsənli Azərbaycanı proseslərə bağlamaq niyyətinin göründüyünü qeyd etdi: “Bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünyanın bir çox ölkələri Amerikanın təzyiqi ilə Rusiyaya qarşı embarqo qoydular. Yeganə embarqo qoymayan dövlət Türkiyə oldu. Qardaş ölkə, ümumiyyətlə, Ərdoğanın rəhbərliyi ilə çox müstəqil siyasət aparır. Həm Qərblə, həm Amerika, həm də Çinlə əlaqələrdə balansı son dərəcədə qoruyur. Hətta Rusiya-Ukrayna savaşında vasitəçilik etdi. Bunun nəticəsidir ki, ötən il dünya ərzaq problemi ilə üz-üzə qalmadı.
Ukrayna dünyanın ən böyük taxıl istehsalçılarından biridir. Onun da taxılı Türkiyə üzərindən dünyaya daşınır. Türkiyənin durmadan nüfuzunun artması Qərbi çox narahat edir. Bu işlərdə oynadığı rol, xüsusən Fransanı ciddi narahat etməkdədir. Eyni zamanda Ermənistanın, Yunanıstanın yuxusunu ərşə çəkib. Amerikanın isə narahatlığı daha çox onunla bağlıdır ki, niyə hər zaman onun yanında olan Türkiyə kimi ölkə indi tam müstəqil siyasət yürüdür, onun dediklərini etmir. Hətta Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazını vaxtı ilə bildirdi. Yeganə NATO ölkəsi kimi etiraz etdi, bu istiqamətdə ciddi danışıqlar getdi. Amerika Türkiyəyə silah satmadı, bu isə açıq şəkildə embarqo demək idi. Avropa İttifaqı yarım əsrdən çoxdur ki, qardaş ölkəni üzvlüyə almır. Bütün bunları nəzərə alsaq, Ərdoğanın çox doğru siyasət yürütdüyünü demək olar. Ədalətsizlik qarşısında bundan başqa siyasət yürütməyə də yer qalmır.
Keçmişdə belə bir Türkiyə olmayıb. Qərb Rusiya ilə bütün ölkələri qarşı-qarşıya gətirmək istəyir. Türkiyə tərəfindən rus təyyarəsi vurulanda çox cəhd etdi ki, bu iki ölkə arasında müharibə olsun. Bu alınmayanda bunu Ukrayna üzərindən etdilər. Rusiya-Türkiyə münasibətləri təkcə müttəfiqliyə söykənmir. Bir çox məsələlərdə onların maraqları toqquşur. Suriya, Cənubi Qafqaz və bir sıra ərazilərin adlarını çəkə bilərik. Rusiya müttəfiqi olduğu ölkələrlə müttəfiqliyə zidd davranır. Azərbaycanla müttəfiqdir, amma Qarabağda hansı fəaliyyəti var, hər kəsə bəllidir. Rusiya və Qərbi çox yaxşı tanıyırıq. Ermənistan-Azərbaycan arasında 30 ildən çox davam edən münaqişədə onların qeyri-səmimiyyətlərinin hər zaman şahidi olduq. ATƏT Minsk Qrupunun həmsədrləri səviyyəsində beynəlxalq hüquqa hörmət qoyulmadığını gördük. Hər bir dövlətin öz marağı var.
İndi Türkiyə ilə münasibətlərdə yaranan soyuqluq İsveçin NATO məsələsindən, Zelenskinin Türkiyəyə səfərindən qaynaqlanır. Burada Ərdoğanın Ukraynanın NATO üzvlüyü məsələsi ilə bağlı mövqeyi də ciddi rol oynadı. Bunun ardınca gördünüz, Bayden çıxış etdi ki, Ukrayna indiki halda üzv qəbul edilə bilməz, bu, müharibə bitəndən sonra mümkündür. Ərdoğan yaxşı bilirdi ki, Ukraynanı üzvlüyə qəbul edə bilməzlər. Bununla Ukrayna rəhbərinə və xalqına mesajını verdi. Putin Türkiyənin müstəqil siyasət apardığını çox yaxşı bilir. İndi Türkiyə və Rusiyanın arasını son gəlişmələri önə çəkməklə vurmaq istəyirlər. Ona görə də dron uçuşlarının türk gəmilərindən olduğunu bəyan edirlər. Gəmi də şəhidimiz Xudayarın adını daşıyır. Bununla məsələnin bir ucunu da Azərbaycana bağlamaq istəyirlər. Burada Ermənistanın da, Qərbin də, hətta Ukrayna kimi güclərin də əli ola bilər.
Ukrayna çalışır ki, Türkiyə ilə Rusiyanın münasibətləri pozulsun. İndi çətin bir vəziyyət yaranıb. Rusiyanın hesablamaları özünü doğrultmadı, Ukrayna müharibəsini bitirə bilmir. İndi çalışır ki, ona qarşı qoyulan embarqoları aradan qaldırsın. Müraciət edə bilmir, sadəcə, əlindəki təzyiq vasitələrindən istifadə etməyə çalışır. Bir müddət nüvə silahı ilə təhdid etdi, indi də bu məsələ ilə. Bu məsələlərlə bağlı mətbuatın yazmağı, ekspertlərin deməyi ilə dövlətlər qərar vermir. Ərdoğan öz qərarlarını müstəqil və doğru verir. Bunu hər zaman görürük. Qərb iqtisadi tərəfdən Türkiyəyə ciddi təzyiqlər edir. Bir amacı var ki, qardaş ölkə müstəqil siyasət yürütməsin. Buna da nail ola bilməyəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”