Cerald Knaus Saxarov mükafatına azərbaycanlı hüquq müddafiəçisinin namizədliyini dəstəkləməyə çağırış etdi
«Leyla Yunusun qalib elan edilməsi repressiya dalğasını həyata keçirən utanmaz hakimiyyətə də mesaj olar»
“Avropa Stabillik Təşəbbüsü” təşkilatının rəhbəri, nüfuzlu siyasi ekspertlərdən sayılan Cerald Knaus qalibi oktyabrın 23-də müəyyənləşəcək Saxarov mükafatına Leyla Yunusun namizədliyinin dəstəklənməsi üçün Avropa ictimaiyyətinə müraciət edib. Cerald Knausun məktubunda Leyla Yunusun namizədliyinə dəstək çağırışı ilə yanaşı, Azərbaycanda insan haqları sahəsində pisləşməkdə olan vəziyyət, xüsusən son aylarda daha da güclənən repressiyalardan da bəhs olunur.
Təşkilatın saytında yayılmış məktubu təqdim edirik:
***
Bu ilin sentyabrında Avropa parlamenti insan hüquqları üzrə Saxarov mükafatının qalibini müəyyənləşdirmək prosesinə start verib. Qalib oktyabrın 23-də müəyyənləşəcək, amma buna qədər hələ iki mərhələ var.
Hazırda bu mükafata yeddi namizəd var ki, onlardan biri də Azərbaycanın aparıcı hüquq müdafiəçisi Leyla Yunusdur.
Avropanın insan hüquqlarına dair qeyri-hökumət təşkilatları bu namizədi dəstəkləyir. Biz hesab edirik ki, o, Azərbaycanda həbs olunan hüquq müdafiəçiləri adından bu mükafatı almaq üçün ən yaxşı laureatdır.
Azərbaycanda bu yay Leyla Yunus və Rəsul Cəfərovun rəhbərliyilə hüquq müdafiəçilərindən ibarət qrup ölkədəki siyasi məhbusların siyahısını hazırladı. Onlar Saxarovun müəyyənləşdirdiyi prinsip üzrə hərəkət edirdilər: “Ədalətsiz münasibətin qurbanı olanları müdafiə edirdilər”.
Onlar gördükləri bu işə görə öz azadlıqlarını itirdilər.
Bu səbəbdən, Leyla Yunus Azərbaycanda insan haqları müdafiəçiləri adından Saxarov mükafatına layiq görülməyə layiqli namizəddir.
Onun qalib elan olunması Azərbaycanda bir çoxu hazırda saxta ittihamlarla həbsdə olan yeni nəsil dissidentlər üçün də vacib siqnaldır. Bu eyni zamanda, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda ölkədə repressiya dalğasını həyata keçirən utanmaz bir hakimiyyətə də mesaj olar.
Xüsusən son həftələrdə Azərbaycanda insan haqlarının durumu ilə əlaqədar narahatlıq dolu bəyanatlar səslənir.
Avropa Parlamentinin müxtəlif siyasi qruplardan olan 27 üzvü Saxarov mükafatına 3 hüquq müdafiəçisinin namizədliyini dəstəkləyib. Sosial-demokratlar qrupunun vitse-prezidenti Tanya Fayon dəstəyin səfərbər olunmasında ciddi rol oynayıb.
Yaşıllar qrupu və Avropa Azad Alyansı Leyla Yunusun namizədliyini irəli sürüb.
Parlamentin vitse-prezidenti Ulrike Lunaçek də dəstək verənlər sırasındadır.
Bundan başqa, Yaşıllar qrupunun həmsədrləri Rebekka Harms və Filipp Lambert Leyla Yunusun namizədliyilə bağlı aşağıdakı fikirləri ifadə edib:
“Leyla Yunusun Azərbaycanda uzun illər ərzində insan hüquqlarının müdafiəsi sahəsində gördüyü iş onun Saxarov mükafatına layiqli namizəd olduğunu sübut edir. Biz onun namizədliyini irəli sürməklə təkcə onun gördüyü işə deyil, həm də Azərbaycanda insan haqları sahəsində pisləşməkdə olan vəziyyətə diqqəti cəlb etmək istəyirik. Avropa Ittifaqı ATƏT, Avropa Şurası kimi təşkilatların üzvü olan Azərbaycanda insan hüquqlarının bu durumuna göz yummaqda davam edə bilməz”.
Bu il sentyabrın 11-də Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Bakıya səfəri zamanı Leyla Yunus və Rəsul Cəfərovun tərtib etdikləri siyasi məhbus siyahısını Azərbaycanın xarici işlər nazirinə təqdim edib. Bu, çox vacib jest idi. Azərbaycana səfər edən digər Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri də bu addımı təkrarlamalıdır.
Sentyabrın 18-də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi. Qətnamədə son aylarda Azərbaycanda baş verənlər, o cümlədən hökumətin repressiyaları artırması, vətəndaş cəmiyyəti üzvlərinə, jurnalistlərə, hüquq müdafiəçilərinə hücumlardan bəhs olunur. Eyni zamanda, hökumətə bütün siyasi məhbusları, o cümlədən Leyla Yunusu dərhal azad etmək üçün çağırış edilir.
Lakin bu cür narahatlıq dolu bəyanatlara baxmayaraq, Azərbaycanda vəziyyət pisləşməkdə davam edir. Ötən həftə BMT-nin Işgəncələrə Qarşı Mübarizə missiyası hökumət tərəfindən yaradılan əngəllərlə əlaqədar Bakıya səfərini yarımçıq dayandırmalı oldu. Onlara cəzaçəkmə müəssisələrinə giriş imkanı yaradılmadı.
Bütün bu baş verənlər Avropa Parlamenti tərəfindən verilən siqnalın əhəmiyyətini daha da artırır. Saxarov mükafatı məsələsində Leyla Yunusun dəstəklənməsi də belə bir siqnal olardı.