“Rusiya-Polşa münasibətləri həmişə özünəməxsus bir formada inkişaf edib. Rusiyanın Cənub Şərqi Avropa ölkələrinə qarşı olan müstəmləkə siyasətinə ən aqressiv reaksiya verən ölkə də məhz Polşa olub”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
O, son günlər Rusiya və Polşa arasındakı siyasi gərginliyi şərh edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin “Polşanın şərq torpaqlarını ona Stalin hədiyyə edib” açıqlaması rəsmi Varşava tərəfindən birmənalı qarşılanmayıb. NATO təmsilçisi Moskvanın ittihamlarını siyasi həyasızlıq və cəfəngiyyat olaraq qeyd edib.
Y.Hacıyeva isə xatırladıb ki, SSRİ dövründə postsosialist ölkəsi olan Polşa 90-cı illərdə Qərb dünyasına inteqrasiya edən ölkələrdən birincisi olub:
“Yəni o dövrdə ərazisinə SSRİ ordusu girmiş ölkələr çox olsa da, Rusiyanın tarixlərində oynadığı neqativ rolu unutmayan və buna görə həmişə cavab tələb edən ölkələrdən biri Polşadır. Bu, Polşanın yeni tarixindəki xarici siyasətində əsas istiqaməti tutur.
Polşa zaman-zaman Rusiya ilə münasibətlərində istər əsaslı, istərsə də əsassız ittihamlar irəli sürməkdədir. Rusiya isə 80-ci illərin sonlarında Polşada baş verən proseslərin daha sonra postsosialist coğrafiyasında hansı dəyişikliklərə gətirib çıxardığını heç vaxt unutmayıb. Moskva, həmçinin oxşar proseslərin təkrarlanmasını da istəmir. Məsələ burasındadır ki, postsovet ölkələrindəki milli hərəkatların cücərməsi məhz Polşa nümunəsi üzərindən baş verdi. Bu ölkələr eyni sistemi təkrar edərək SSRİ və sosialist sistemini devirdilər”.
Analitik düşünür ki, bu günün özündə Rusiyada bu xof hələ də var ki, eyni proseslər növbəti dəfə Polşa üzərindən baş verə bilər:
“Paralel olaraq Polşa-Rusiya münasibətləri fonunda Varşavanın apardığı siyasətə neqativ cavab verən digər bir ölkə isə Belarusdur. Çünki Belarus müxalifətinin üzvləri Polşada yerləşib. Bu proseslərin beyin mərkəzləri və beyin axınlarının hamısı Polşa üzərindən idarə olunur və Belarus da bunu heç vaxt unutmur. Rəsmi Minsk əlinə düşən hər imkanda bunu istifadə etməyə çalışır”.
“Xatırladım ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadakı proseslər fonunda dəfələrlə Polşaya təhlükəli çağırışlar edib və hədələyici mesajlar verib. Bunun ən kritiki isə bu günlərdə oldu. Lukaşenko deyib ki, “Vaqner”çilər Polşaya girmək istəsə də, Belarus dövləti onları güclə saxlayır. İstər Avropa, istər Polşanın daxilindən, istərsə də Rusiyanın ətrafından Rusiya-Polşa münasibətlərinin pislənməsinə dair çağırışlar mövcuddur. Çünki Polşa-NATO əlaqələri üzərindən Polşaya istənilən hücum Rusiya üçün NATO-ya hücum kimi qiymətləndiriləcək. Ümumiyyətlə, bu gün Polşanın müdafiəsi anlamında NATO Nizamnaməsinin V bəndi işə düşüb. Əslində, NATO-nun Ukraynaya dəstəyinin bütün əsası məhz bu V bəndin üzərindən gəlir. Nizamnamənin V bəndi NATO üzvü ölkənin maraqlarının leyhinə onun qonşularının müdafiəsini labüd edir”, – əlavə edib.
“Burada digər bir vacib məqam isə odur ki, Ukraynada gedən proseslərdən sonra Rusiyanı növbəti müharibəyə cəlb etmək cəhdləridir. Bu isə Kremlin ağır olan vəziyyətini daha da ağırlaşdıracaq. Hazırda buna çalışan dairələr var. Məsələn, Rusiyanın Ukraynaya daxil olmasından kənarda oxşar ssenarinin Polşada olmasını istəyən dairələr də var. Bu, təkcə Rusiyada yox, eləcə də Avropa Birliyi ABŞ-ın rəsmi dairələrində də özünü büruzə verir. Çünki Rusiyanın varlı və bol resurslu ölkə olması daxildəki oliqarx sistemin Rusiyanın xarici müharibələrindən milyardlarla gəlirlər götürür. Bu gün Rusiyanın Qarabağda və Ukraynadakı addımları, 2022-ci ilin yanvarında Qazaxıstana müdaxiləsi və Yaxın Şərqdəki məsələləri oliqarx güclər üçün maliyyə qaynaqlarıdır”, – siyasi təhlilçi vurğulayıb.
Müsahibimizin dediyinə görə, hazırkı konfrontasiyada olan tərəflərin güclər balansının analizi göstərir ki, indiki mərhələdə kimin bu istiqamətdə hansı arzusunun olmasından asılı olmayaraq bu addım təkcə Rusiya zəiflətməyəcək, ümumilikdə böhranı daha da dərinləşəcək:
“Bəs Rusiya bu addıma gedərmi? Fikrimcə, getməməlidir. Çünki ağlı başında olan dövlət rəhbəri bunu etməlidir, amma məsələ burasındadır ki, Rusiyanın Ukraynadakı müharibədəki götürəcəyi iqtisadi gəlirlərlə itirəcəyi siyasi, ideoloji dəyərləri arasındakı nisbətlər onu göstərir ki, bu müharibə olmamalı idi. Amma buna baxmayaraq, müxtəlif mərhələlərdə müharibəni saxlamaq imkanları olsa da, Kreml müharibəyə davam etdi.
Çünki müharibədəki uğursuzluq hakimiyyətin cəmiyyətdəki nüfuzunu itirməsi ilə nəticələnir. Rusiyada hökmün tələbi uğursuzluğu qəbul etmədiyi və Rusiyadakı bütün dəyişiklərin hamısı müəyyən müharibələrdən sonra siyasi elitanın sifarişi ilə başladığı və yekun olaraq bu da Kremlə bəlli olduğu üçün Ukraynadakı dirənmə sonuna qədər gedir. Qısası, Ukraynada gedən müharibənin bu mərhələsi Rusiyanın bu ölkədə qələbə qazanması deyil, əksinə, Rusiya hakimiyyətinin iqtidarda qala bilməsi uğrunda gedən müharibədir. Çünki bu müharibə simasını itirib”.
“İlk 50-likdə olmayan Ukrayna Silahlı Qüvvələri dünyanın ilk 5-liyində olan Rusiya ordusunu il yarımdır ki, Ukrayna çöllərində sürüyür. Bunun izahı heç bir halda Ukraynanın yanında Qərbin olması deyil. Doğrudur, Qərb Ukraynaya dəstək verir, orada Avropanın təhlükəsizliyini qoruyur, amma Rusiyanı zəiflədən Qərb deyil. Çünki Qərb müharibənin gedişatından 1 ay sonra Ukraynanı tam dəstəkləməyə başladı. Bu gün isə “Lend-Lizlə” bağlı Kiyevə verilməli olan silah-sursatın cəmi 30%-i verilib. İstər Ukraynada, istər Rusiya, istərsə də dünyada Qərbin Ukraynadakı hərbi dəstəyinin şişirdilmiş təbliğatı çox geniş yayılıb. Bəli, orada maliyyə axını var, amma bu gün Ukraynanın aqibətini Rusiya-ABŞ münasibətləri deyil, ABŞ hakimiyyətindəki və Rusiyada biznes təmsilçilikləri olan qrupların rəqabəti həll edir”, – o, fikirlərini tamamlayıb.