Konstitusiya dəyişir: “Deputat yerlərinin sayı 170-ə çatdırılmalıdır”

24-07-2023, 20:12   


Milli Dirçəliş Partiyasının (MDHP) sədri, Milli Məclisin sabiq deputatı Fərəc Quliyevin “Yeni Sabah”a müsahibəsi: 

- Payızda Azərbaycanda referendumun keçiriləcəyi və Konstitusiyanın bəzi maddələrinin dəyişdiriləcəyi ilə bağlı xəbərlər son günlər intensiv xarakter alıb. Tezliklə ölkədə referendumun keçirilməsi ehtimalını necə qiymətləndirirsiniz? Sizcə, Konstitusiya dəyişikliyi realdırmı? 

- Mən də bu məsələ ilə bağlı mətbuatın yazdıqlarından məlumatlıyam. Hər halda “Siyasi partiyalar haqqında” qanun çıxıb və yeni qeydiyyat mərhələsindən sonra ola bilər ki, qarışıq seçki sistemi - həm proporsional, həm də majoritar seçki sistemi tətbiq olunsun. Bu olarsa, siyasi partiyalar haqqında atılan çox böyük islahat olar. Eləcə də bu, siyasi palitranın qaydaya düşməsi üçün çox önəmli bir addım ola bilər. Çünki hazırda hansı siyasi iradənin daha güclü olduğu bilinmir, yəni majoritar qaydada olan seçkidə bu, hiss olunmur. Amma proporsional və yaxud qarışıq seçki sistemi bunu tənzimləyir. 

Məsələnin ikinci tərəfi isə budur ki, ölkə Prezidenti tərəfindən bəzi idarəetmə məsələlərində islahatlar aparılıb. Habelə bölgələrdə iqtisadi zonaların yaradılması məsələsi var. Ola bilər ki, idarəetmənin Konstitusiyada dəyişilməsi, yaxud icra aparatları sisteminin məhz iqtisadi zona qismində bölünməsi olsun. Çünki belə olan halda kiçik rayonlar birləşir, yerli idarəetmədə həm mobil, həm də ki, çeviklik təmin olunur, artıq xərclərdən qaçmaq imkanı yaranır. 

Uzun illərdir Nazirlər Kabineti ilə Prezident Administrasiyasındakı idarəetmədə bir paralellik var. Onsuz da Prezident Administrasiyasındakı müəyyən şöbələr bir sıra nazirlikləri kurasiya edirlər. Onları da nəzərə alsaq, bəlkə də Nazirlər Kabinetinin, ümumiyyətlə, sıradan çıxması məsələsi ola bilər. Eləcə də vitse-prezidentlik institutunun daha geniş səlahiyyətlərlə əvəz edilməsi imkanları yaranar. Böyük şəhərlərdə merliklərin yaranması və oraya seçkilərin olması mümkündür. Qarabağda vəzifələr bitib və bizim orada idarəetmə sistemi ilə bağlı olaraq bəlkə yerli yanaşmalar ola bilər və s. Bu tip suallar var ki, perspektivdə bunlar tətbiq ediləcəksə, mütləq Konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyada dəyişiklik olması üçün də mütləq referendum olmalıdır. Hesab edirəm ki, belə bir zərurət yarana bilər.

- Proporsional seçki sisteminin bərpa ediləcəyi, Milli Məclisdə deputat yerlərinin sayının 150-yə çatdırılacağı bildirilir. Bu rəqəmin 200 olmasını təklif edənlər də var. Sizcə, Azərbaycan üçün neçə deputat yeri məqbuldur: 150, yoxsa 200?

- İndiki rəqəmlər tətbiq olunanda əhalimizin sayı az idi və deputat sayı o nisbətdə götürülmüşdü. Bütün hallarda burada sayın artması gözlənilən idi. Əlbəttə ki, müxtəlif versiyalar var. Bəzən deyirlər ki, bunun bir hissəsi proporsional, müəyyən hissəsi isə majoritarlara aid olsun. Bu, nisbətlə götürülür. Ümumiyyətlə, artırılma haqqında düşüncələr var. Bütün hallarda bu rəqəmin daha artırılacağı gözlənilir. Ən azından, 150-170 deputat yer haqqında fikirlər sələndirilir. Fikrimcə, bu, müvafiq ola bilər. 

- Sizcə, bir dairədə nə qədər seçici olmalıdır? Deputatların effektli fəaliyyət göstərməsi üçün təklif edəcəyiniz rəqəm varmı? 

- Əslində, seçici sayı 30 min civarında nəzərdə tutulub. Bu rəqəm əhalimizin əvvəlki sayı ilə nəzərə alındığına görə dəyişilməlidir. Yəni 25-30 min civarında seçici sayı müəyyənləşsə, məncə, normal ola bilər. Mən deputat olarkən bu barədə hər hansı formada çıxış etməmişəm. Məni bu rəqəmlərdən daha çox sistem və yanaşma maraqlandırır. Sistem olaraq qarışıq sistemi, hətta proporsional seçki sisteminin tətbiqi maraqlandırır ki, burada hansı siyasi xadimin iş başında olmasını istəyirsə əhali, o da olsun, siyasi arena fəallaşsın. Həmçinin bələdiyyələrdə, hətta parlament seçkilərində müəyyən partiyalar, əgər iş başına gələcəksə, bu, onlara hüququn verilməsi, yəni məsuliyyətin bölüşməsidir. Mən burada prinsipial məsələləri nəzərdə tutmuşam. Detallar isə müxtəlif rəqəmlərdə öz əksini tapa bilər. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.