Tehranda Azərbaycanın ərazi bütövlüyə qarşı növbəti dəfə hörmətsizliyə yol verilir.
Tehranda erməni kilsəsində Qarabağdakı erməni separatçılarına dəstəklə bağlı iki günlük aksiya keçiriləcək. İyulun 25-26 – da Tehrandakı erməni kilsəsində erməni separatçılarla həmrəylik nümayişi məqsədilə kilsə zəngləri çalınacaq.
İranda nəşr olunan “Alik” qəzetinin məlumatına görə, erməni keşişləri Qarabağda mühasirədə qalan ermənilərlə həmrəy olduqlarını kilsə zəngləri ilə göstərəcəklər. İranşünas Tiqran Davudyan Tehrandakı erməni kilsələrinin bu addımını İranın ermənilərə dəstəyi kimi qiymətləndiriblər. Xatırladaq ki, iyunun 24 – də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda rəsmi səfərdə olub. Mirzoyan Tehranda olarkən erməni kilsəsində dəstək xarakterli zənglər çalınıb.
İran İslam Republikasının Prezidenti İbrahim Rəisi Ararat Mirzoyanla görüşdə Tehranın Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəklədiyini bildirib. Rəsmi Tehran bir tərəfən Bakı ilə İrəvan arasında sülh danışıqlarını dəstəkləyir, digər tərəfdən isə erməni kilsələrində Azərbaycanın ərazi bütövlüyünə qarşı aksiyanın keçirilməsinə şərait yaradır.
Ümumiyyətlə, İran hakimiyyəti bu cür anlaşılmaz siyasət yürütməklə nə etməyə çalışır? Tehrandakı erməni kilsəsində erməni separatçılarına dəstək məqsədi ilə zənglərin çalınmasına imkan yaratmaqla Bakıya hansı mesaj verməyə çalışır?
Məsələ ilə bağlı “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında qeyd edib ki, İran tərəfinin istər Azərbaycan-Ermənistan münasibətləri, istərsə də Qarabağla bağlı mövqeyində bu cür məqamlara dəfələrlə şahidi olmuşuq:
“Çox təəssüf ki, İran hakimiyyəti ölkənin ərazisində yaşayan erməni icması üçün tanıdığı hüquq və azadlıqları digər xalqlara, eləcə də Azərbaycan türklərinə şamil etməyib. Söhbət təkcə Tehrandakı erməni kilsəsindəki yaradılan şəraitdən getmir, eyni zamanda bu ölkədə qondarma erməni soyqırımı ilə bağlı tədbirlərin keçirildiyini də nəzərə almayıq. Hətta İran rəsmilərinin özləri bu tədbirlərdə iştirak edirlər.
Belə faktları çox sadalamaq mümkündür. Əgər İranda erməni kilsələrində Qarabağdakı erməni separatçılarına dəstək məqsədi ilə aksiya və ya tədbirlər keçirilirsə, hər halda bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilməlidir. Belə bir hörmətsizliyin özünü İslam ümmətinin əsas aparıcı qüvvələrindən biri kimi təqdim edən İran ərazisində baş veməsi, İslam Respublikasının bu kimi təxribatlara şərait yaratması xoş hal deyil”.
O bildirib ki, öz ərazisində bu kimi halların baş verməsinə imkan yaratmaq əvəzinə İran İslam Respublikası Qarabağla bağlı məsələdə daha aydın və obyektiv mövqe sərgiləməlidir:
“Belə riyakar mövqe tərəfimizdən qəbuledilməzdir”.
Siyasi şərhçi qeyd edib ki, Tehranın bu kimi addımları müəyyən suallar doğurur:
“Hazırda Azərbaycan, Ermənistan və Rusiya arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr aparılır. Lakin rəsmi Tehran bu dəhlizlə bağlı fərqli mövqe sərgiləyir. İran rəsmilərinin dilindən çıxan bəyanatlara nəzər yetirsək görərik ki, onlar hansısa səbəbdən Zəngəzur dəhlizinin açılmaması istiqamətində səy göstərirlər.
Bununla bərabər, İran hakimiyyəti bu dəhlizi anşılmaz səbəblərdən dolayı Ermənistanın ərazi bütövlüyünə hədə və İran İslam Respublikasının maraqlarına təhdid kimi görür. Eyni zamanda, Tehran Azərbaycan-Ermənistan sülh prosesinin intensivləşməsi və müsbətə doğru getməsində maraqlı deyil. Əgər Tehran həqiqətən bu sülh prosesini dəstəkləyirsə, öz ərazisində yerləşən erməni kilsəsində ölkəmizin ərazi bütövlüyünə qarşı tədbirlərin keçirilməsinə icazə verməməlidir.
Amma gördüyümüz kimi İran hakimiyyəti erməni kilsələrində bu cür addımların atılmasına imkan yaradır. Bunun özü də müəyyən suallar doğurur. İran rəsmilərinin bu suallara ayadınlıq gətirməsi vacibdir”.
Yunis Abdullayev
Cebhe.info