Qərbin Rusiya ilə hər yerdə düşmən, Azərbaycanda isə dost olmaq istəyi nəyə xidmət edir?
Dəfələrlə qeyd etmişik ki, Qərbin aparıcı dövlətləri çox zaman öz riyakarlığına, iküzlülüyünə, prinsipsizliyinə görə Rusiyadan geri qalmır. O, bunu Ukrayna müharibəsinin gedişindəki davranışları ilə dəfələrlə əyani şəkildə sübut edib və etməkdədir.
Hazırda davam edən Ukrayna əks-hücumunun hələ də gözlənilən nəticəni verə bilməməsi məhz Qərbin bunun üçün Ukraynaya lazım olan miqdarda və çeşiddə silah-sursat, xüsusilə də hərbi təyyarələr verməməsi ilə əlaqədardır. Gündə yüzlərlə ukraynalının həlak olması, ev-eşiyindən didərgin düşməsi isə Qərbin “topal” və “kor” liderlərinin heç vecinə də deyil. Sözdə demokratiyadan, bərabərlikdən, beynəlxalq hüquqdan dəm vuran bu qüvvələr hər zaman olduğu kimi, ikili standartlardan çıxış edərək, bu və ya digər xalqı, dövləti öz çirkin maraqlarına asanlıqla qurban verirlər.
Qeyd edək ki, son zamanlar bəzi Qərb mətbuat orqanlarında Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini əvvəlcədən Qərblə razılaşdıraraq başladığına dair məlumatlar yayılır. Həmin məlumatlarda qeyd olunur ki, məqsəd Ukraynanın bölüşdürülməsi olub. Lakin Ukrayna xalqının və rəhbərliyinin iradəsi, dözümlülüyü, qəhrəmanlığı bu planların yerinə yetirilməsinə mane olub.
Elə indi də həmin planın davam etdirildiyi aşkar görünür. Ukraynanı son döyüşçüsünə qədər qurban verməyə hazır olan Qərbin Ukrayna məsələsilə bağlı Rusiya ilə separat danışıqlara başlaması barədə məlumatlar var. Məqsəd əvvəldə olduğu kimi, Ukraynanın bölüşdürülməsidir. Elə əks-hücum əməliyyatları üçün bu zavallı dövlətə kifayət gədər silah verilməməsi də bunun nəticəsidir...
Bütün qeyd edilənlərin fonunda Qərbin məlum qüvvələri bizim regionda da çirkin addımlar atmağa hazırlaşır kimi görünürlər. Söhbət keçmİş Minsk qrupunun bərpası cəhdlərindən gedir.
Son zamanlar ABŞ başda olmaqla, aparıcı Qərb dövlətləri bu istiqamətdə fəallaşıblar və Minsk qrupunun bərpası cəhdləri, bununla bağlı təzyiqlər müşahidə olunur. Baxmayaraq ki, hazırda sözdə Qərblə Rusiya arasında açıq savaş gedir və Qərb liderləri Rusiyanı az qala bütün beynəlxalq qurumlarda sıxışdırmağa, “izqoy” vəziyyətinə gətirməyə, hətta bu qurumlardan qovmağa çalışırlar, Azərbaycana, Azərbaycanın ərazi bütövlüyü məsələsinə gəldikdə Moskva ilə əməkdaşlıqda maraqlı görünürlər. Riyakarlığın, həyasızlığın pik nöqtəsi olan bu siyasət əlbəttə ki, ikili standartlar və yalançı, təhrif olunmuş “beynəlxalq hüquq prinsipləri”ndən irəli gəlir.
Bu yerdə Qərbin ikili standartlarının təzahürü olan bir faktı da nəzərə çatdıraq. Bir neçə ay əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sözünü Ukraynanın işğal olunmuş ərazilərində, o cümlədən Krımda yaşayanlara ünvanlayaraq demişdi ki, Ukraynanın ərazi bütövlüyünü tanımayanlar, Kiyev hakimiyyəti altında yaşamaq istəməyənlər şələ-külələrini də götürüb, Rusiyaya köçə bilərlər. Qərbdə heç kim buna görə Zelenskini qınamadı, hətta əksinə, ona haqq qazandırdılar.
Buna bənzər tezislər Azərbaycan tərəfindən səsləndiriləndə isə bunu az qala böyük bir beynəlxalq miqyaslı cinayət, haqsızlıq, insan haqlarının pozulması və s. kimi qələmə verməyə başladılar.
İndi də eyni münasibət, eyni ikiüzlülük davam edir. Görünən odur ki, Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks mövqe bildirsə də, onu düşmən, irticaçı, işğalçı saysa da, yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə istənilən sövdələşməyə hazırdır, onunla birgə Minsk qrupu kimi ziyanlı qurumda onunla birgə təmsil olunmağa razıdır. Bəlkə, Ukrayna kimi Cənubi Qafqazı da bölüşdürmək istəyirlər?...
Minsk qrupunun bərpası cəhdləri məhz bunun təzahürüdür, Azərbaycana qarşı sözün əsl mənasında xəyanətdir və dövlətimiz üçün qəbuledilməzdir. Çünki bu, yenidən Azərbaycana qarşı məlum güclərin bir cəbhədə birləşməsi və ölkəmizin sıxışdırılması, zəiflədilməsi, onun ərazi bütövlüyünün, suverenliyinin sual altına alınması, uzun-uzadı mənasız danışıqlar prosesinin başlanması siyasətinin davamı olacaq.
Lakin Azərbaycan xüsusilə də son 3 ildə dəfələrlə öz iradəsini ortaya qoyub və sübut edib ki, Ukraynadakı oyunlar Azərbaycanla keçməyəcək. Azərbaycan 30 illik işğal dövrünü geridə qoyaraq, 44 günlük müharibədən sonra yeni reallıqlar yaradıb və bu reallıqlar tam beynəlxalq hüquqa uyğundur.
Eləcə də Azərbaycan cəmiyyətinin bu mövzuda mövqeyi birmənalıdır. Ölkəmiz, xalqımız bir daha ərazi bütövlüyümüzü, bütünlüyümüzü sual altına alan, çürük mahiyyətli danışıqlara getməyi qəbul etməyəcək və böyük qurbanlar hesabına əldə etdiyi qələbəni Qərbin və Rusiyanın iştahasına, “tülkü gedişlərinə” yem etməyəcək.
Cəlal Məmmədov
“AzPolitika.info”