ABŞ prezidenti ölkəmizin adını Rusiya, Çin və Venesuela ilə yanaşı çəkdi; YAP funksioneri ona Azərbaycan qanunlarını oxumağı məsləhət bildi...
Ərəstun Oruclu: “Bu, artıq sarı kartdır, amma ardınca qırmızısı da gələ bilər”; Mirvari Qəhrəmanlı: “Obamanın mövqeyi indiyədək verilən bəyanatların nida işarəsidir; yəqin ki, bundan sonra sanksiyaların tətbiqi gələcək”
“Rusiyadan tutmuş Çinə və Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirir. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”. ABŞ prezidenti Barak Obama belə bir açıqlamanı Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı çıxışı zamanı verib.
“Amerikanın səsi” Ağ Evin internet səhifəsinə istinadən bildirir ki, vətəndaş cəmiyyətinin inkişafına həsr olunmuş çıxışında Obama avtoritar cəmiyyətlərdə müxalif fikirli insanların, fəalların məqsədyönlü şəkildə hədəfə alındığını qeyd edib.
Onun sözlərinə görə, rejimlər bu cür basqılarla cəmiyyətin inkişafının qarşısını alır, onu azadlıqdan məhrum edir və insanların rifahına əngəl olur. Həbs olunan vətəndaş cəmiyyəti fəallarının dərhal azadlığa buraxılmasına səsləyən Ağ Ev başçısı sivil cəmiyyətə basqıları demokratiyaya hücum kimi dəyərləndirib və deyib ki, demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var.
İnsan haqları və demokratiyanın ABŞ-ın milli maraqlarının təməl prinsipləri olduğunu vurğulayan prezident yalnız bu prinsipə hörmət edən ölkələrin ABŞ-la yaxın münasibətlər saxlaya biləcəyini vurğulayıb: “O ölkələr ki, insan haqlarına, təşkilatlanma azadlıqlarına hörmət edirlər, onlar bizim ən yaxın tərəfdaşımız olurlar. Bu, təsadüfi deyil. Eyni zamanda o ölkələrdə ki, bu haqlar tapdanır, orada hiddət və ədalətsizlik hissi alovlanır və bu da sonda qeyri-sabitliyə, yaxud ekstremizmə gətirib çıxara bilər. Ona görə mən inanıram ki, Amerikanın sivil cəmiyyətə dəstəyi milli təhlükəsizlik məsələsidir”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Azərbaycanın adının ayrıca vurğulanmasını çox ciddi məsələ sayır: “Bu çıxış bütövlükdə dünyada 35 vətəndaş cəmiyyətinin durumuna və onlara təzyiqlərə həsr olunmuşdu. Burda ən maraqlı məqam ondan ibarət idi ki, Obama vətəndaş cəmiyyətinə olan təzyiqləri ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirdi. Çünki dünyanın hər yerində ABŞ-ın ünvanına çox ciddi ittihamlar səslənirdi ki, Ağ Ev vətəndaş cəmiyyətini, demokratiyanı müdafiə etmir, demokratiya, azadlıq, insan hüquqları adı altında dövlət, milli maraqlarını, ilk növbədə iqtisadi siyasətini həyata keçirməklə məşğuldur. Amma indi ABŞ prezidenti çıxıb bu ittihamlara cavab verdi. Burda bir çox təzyiq formaları, müxtəlif ölkələr haqqında danışıldı. Nəhayət, Azərbaycanın adı ən pis kontekstdə çəkildi. Fikrimcə, bu, çox ciddi və sərt ittihamdır”.
Ə.Oruclunun fikrincə, Obamanın çıxışındakı digər bir məqam da çox maraqlıdır: “O dedi ki, artıq vətəndaş cəmiyyətinə, hüquqlara, azadlıqlara dəstək ABŞ-ın hansısa qurumlarının, institutlarının deyil, ABŞ administrasiyasının siyasətinin tərkib hissəsidir. Bu, o deməkdir ki, biz yaxın vaxtlarda ABŞ siyasətində bu dəyərlərin, amillərin xarici siyasətdə də önə çıxmasının, prioritetə çevrilməsinin şahidi ola bilərik. Azərbaycanın adının çox neqativ kontekstdə çəkilməsi Azərbaycan hakimiyyətini düşündürməlidir. Başa düşürəm, hakimiyyət ABŞ-la hər cür konfliktlərə gedir, ittihamlar yağdırır. Amma bütün bu hərəkətlərə ABŞ tərəfindən demək olar ki, reaksiya verilmir. Artıq Azərbaycana ABŞ-ın birinci şəxsi tərəfindən mesaj verildi. Milli Demokratiya İnstitutuna, ABŞ-ın səfirinə, digər ABŞ institutlarına qarşı Azərbaycanda törədilən məqsədli təxribatlara bu, artıq konkret cavab idi, bunun üzərində düşünmək lazımdır”. Politoloq Obamanın çıxışının Avropa Parlamentinin sanksiya hədələrindən sonraya təsadüf etməsini isə bu cür şərh etdi: “Hər halda, biz bu istiqamətdə müəyyən tendensiyalar görürük. Avropa Parlamenti son qətnaməsində Azərbaycana qarşı sanksiyalar tətbiq oluna biləcəyini açıqladı. Obamanın çıxışında Azərbaycanın adını neqativ kontekstdə çəkməsini də həmin tendensiyanın ABŞ tərəfdən işarəsi kimi qəbul etmək olar. Futbol terminologiyası ilə desək, bu, artıq sarı kartdır, amma ardınca qırmızı kart da gələ bilər”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, Azərbaycanda bir çoxları hələlik Obamanın çıxışının çox ciddi olduğunu anlamır: “Bundan əvvəlki sanksiya xəbərdarlıqları və ABŞ liderinin çıxışı ölkənin imicinə çox ciddi təsir edəcək. Belə mövqelər ölkədə demokratiyanın taleyinin sual altında olduğunu göstərir. Obamanın mövqeyi Avropadan gələn çağırışların, Azərbaycandakı vəziyyətin daha ciddi olduğunu təsdiq etdi. Yəqin ki, bundan sonra sanksiyaların tətbiqi gələcək. Sadəcə, ölkə iqtisadiyyatına ziyan vuracaq sanksiyaların tətbiq olunmasının əleyhinəyəm”. M.Qəhrəmanlı ABŞ prezidentinin bəyanatına normal yanaşmanı zəruri sayır: “Obamanın mövqeyi indiyə qədər verilən bəyanatların nida işarəsidir. Azərbaycanın müvafiq qurumları bu vəziyyətdən ciddi nəticə çıxartmalı, normal qərarlar verməlidir”.
Hələlik rəsmi Bakının məsələyə münasibəti bəlli deyil. Amma hazırda XİN başçısı Elmar Məmmədyarovun ABŞ-da olması və BMT Baş Assambleyasında iştirakı maraqlı mənzərə yaradır. YAP-dan isə məsələyə reaksiya verilib.
“Azərbaycanda QHT haqqında qanunvericilik tam olaraq Avropa standartlarına cavab verir. QHT-lərin xaricdən maliyyələşməsi şəffaf olmalıdır”. Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, Modern.az-a o bildirib ki, ABŞ rəhbəri Barak Obama Azərbaycanın QHT-lər haqqındakı qanununu diqqətlə oxumalıdır. “Barak Obama qanunu diqqətlə oxusun, ya da köməkçilərinə desin ki, qanunları oxuyub ona düzgün məlumat versinlər”.
“ABŞ prezidenti Barak Obamanın öz çıxışında Azərbaycanla bağlı məsələni qabartması, xüsusi olaraq da QHT-lər üzərində dayanmasının başlıca mənası geosiyasi bir məsələdir və bu rəsmi Bakıya qarşı bir təzyiq metodudur”. Bunu isə moderator.aza açıqlamasında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, Obamanın çıxışı qətiyyən daxili amillərlə bağlı deyil: “Çünki özlüyündə hər hansı bir problem ölkənin ümumi xarici siyasətinin fövqünə qaldırılırsa, xüsusən də burada söhbət dünyanın aparıcı dövlətlərindən gedir, o zaman burada mühüm bir məqsəd var. Hazırki dövrdə də Qərb dövlətlərinin Azərbaycanla bağlı münasibətlərində ikili xətt sezilməkdədir. Birincisi, müxtəlif vasitələrlə Azərbaycanı şirnikləndirib və stimullaşdırıcı addımlar atıb öz tərəflərinə çəkməkdir. İkinci xətt isə ondan ibarətdir ki, biz antiterror koalisiyasına stimullaşdırma yolu ilə qoşa bilməyəndə bunu təzyiq vasitəsilə həyata keçirirlər. Əminəm ki, Obamanın ABŞ-ın siyasi gündəliyində həddən artıq sıx və gərgin məsələlərin olduğu bir vaxtda Azərbaycanla bağlı məsələləri qabartması təsadüfi deyil. Amerika bundan sonra maksimum çalışacaq ki, Azərbaycan kəskin bir şəkildə Rusiya əleyhinə proseslərə qoşulsun”.
Cavid TURAN