Ermənilər "bütün dünyanın yatıb, Dağlıq Qarabağ məsələsinin necə həll olunacağını görəcəyi məntiqindən qurtulmalıdır", bu barədə bugünki mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Biz deyə bilərik ki, Rusiya, ABŞ, Avropa İttifaqı, Ermənistan, Azərbaycan bunu-bunu etməlidir. Biz həmçinin Dağlıq Qarabağın yaranmış böhrandan çıxmaq üçün nə etməli olduğunu formalaşdırmalıyıq. Dağlıq Qarabağ hakimiyyətinin üzərində işləyəcəyi çox şey var və biz bu istiqamətdə onları dəstəkləməliyik. Biz bütün dünyanın yatıb, Dağlıq Qarabağ məsələsinin necə həll olunduğunu görəcəyi məntiqindən qurtulmalıyıq. Bu, bizim problemimizdir və problemin həlli yollarını biz tapmalıyıq", Paşinyan bugünki çıxışında bunu etiraf edib.
O, həmçinin qeyd edib ki, Azərbaycanla qarşıdurma erməni dövlətinin gələcək mövcudluğunu şübhə altına qoyur.
"Biz istəklərimizə deyil, reallığa əsaslanaraq, ötən 30 il kimi, gələn 10-15-30 il ərzində də Ermənistanın qarşıdurma rejimində yaşamasına razıyıq? Kimsə Ermənistanın qarşıdurma rejimində yaşamağa davam etməli olduğunu deyirsə, o, mahiyyətcə, dövlətçiliyi, dövlətin mövcudluğunu, Ermənistan Respublikasının suverenliyini və müstəqilliyini şübhə altına qoyur. Dağlıq Qarabağdan səslənən, Azərbaycanla danışıqları istisna edən bəyanatlar heç də aydın deyil", deyə Paşinyan qeyd edib.
Bakı/25.07.23/Turan: