Qarabağdakı qondarma qurumda “hakimiyyət” uğrunda çəkişmələr davam edir. Mübarizə əsasən Rusiyanın emissarı, milyarder Ruben Vardanyanla Araik Arutunyan və başının dəstəsi, eləcə də qondarma qurumun sabiq “dövlət naziri” Ermənistan ordusunun general-leytenantı olmuş Samvel Babayan arasında gedir.
“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Samvel Babayanın Xankəndidə “hakimiyyəti” ələ almağı planlaşdırdığını yazıb. Qəzet bildirir ki, bir neçə ay əvvəl Xankəndidə kütləvi mitinq keçirib, “haklimiyyəti” devirmək istəyən, lakin buna nail ola bilməyən Babayan yenidən tərəfdarlarını səfərbər edib.
Xəbərdə qeyd olunur ki, Babayan Arutunyan “hakimiyyətinin” nümayəndələri ilə danışıqlar aparır: “Babayan Araik Arutunyana çatdırır ki, yenidən “dövlət naziri” vəzifəsini tutmağa və əhalini Azərbaycanın təklif etdiyi Ağdam yolu ilə ticarət etməyə razılaşmağın doğru olduğuna inandırmağa hazırdır. O, hamını inandırır ki, “hakimiyyətə” gəlsə, “ordunu” qısa müddətdə bərpa edə bilər”.
Qeyd edək ki, Babayan bundan öncə də Xankəndidəki qondarma qurumun Bakı ilə birbaşa danışıqlara getməsinin tərəfdarı olduğunu bəyan etmişdi və buna görə hətta onun Nikol Paşinyanın tapşırığı ilə işlədiyinə dair iddialar ortaya atılmışdı. İndi isə “Hraparak”-ın yazdığından bəlli olur ki, Babayan Azərbaycanın Qaqrabağdakı ermənilərə Ağdam yolu ilə bağlı təklifinin qəbul edilməsinin tərəfdarıdır.
Lakin onun separatçı qurumun “ordusu”nun bərpasına dair fikirlərilə Bakı ilə birbaşa danışıqlar və Azərbaycan hakimiyyətinin təkliflərilə razılaşmağa dair mövqeyi bir-birilə ziddiyyət təşkil edir. Azərbaycan Qarabağda bir nəfər də əli silahlı erməninin mövcudluğunu qəbul etmir və edə də bilməz. Ona görə də “ordunun bərpası” ilə bağlı fikirlər puç və mənasızdır.
Hər necə olsa, Babayan Bakı ilə dialoqun və hansısa razılaşmalara getməyin tərəfdarı kimi tanınır. Lakin Moskvanın göndərdiyi Vardanyan və hazırkı qondarma qurumun rəhbərliyində olanların əhəmiyyətli hissəsi bunun əleyhinədir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan separatçıların daxilindəki çəkişmələrdən asılı olmayaraq, nəhayətdə Qarabağın nəzarətimizdən kənar olan hissəsini də həm “sülhməramlıar”dan, həm də separatçılardan “təmizlənməsi” istiqamətində fəaliyyətini davam etdirməlidir.
C.Məmmədov
“AzPolitika.info”