ERMƏNİLƏRİN NÖVBƏTİ ŞÜVƏNİNİN MƏQSƏDİ NƏDİR? – Millət vəkili ifşa etdi

28-07-2023, 10:54   



“Bu üç iddianın boşa çıxdığını görən Ermənistan daha bir boş iddiaya əl atıb…”

Erkin Qədirli, millət vəkili

Ermənilərin İrəvandan Qarabağa humanitar yardım adı altında göndərdiyi yük karvanı sərhədimizə çatıb və elə oradaca qalıb, ərazimizə keçə bilmir. Bununla bağlı Ermənistan rəsmiləri çeşidli bəyanatlar verirlər, ölkəmizi beynəlxalq hüququ pozmaqda suçlayırlar.

Bir tək ermənilər olsaydı, nə vardı ki. Beynəlxalq təşkilatlardan, eləcə də bəzi ölkələrdən oxşar iradlar bildirilir. Görünən odur ki, məsələni əsassız şəkildə siyasiləşdirmək cəhdləri davam edir, bu isə öz növbəsində ölkəmizə qarşı qərəzli münasibətin olduğunu bir daha üzə çıxarır. Bunu anlamaq çətin deyil, məsələyə hüquq gözüylə baxmaq yetər.

Hüquq nəyi deyir? Ermənilərin, eləcə də onları dəstəkləyənlərin iddiasına görə, Azərbaycan beynəlxalq hüququ, özəlliklə də Beynəlxalq Məhkəmənin aralıq tədbirləri haqqında qərarını pozur. Bu, elədirmi?

Beynəlxalq hüquqda sərbəst hərəkət etmək hüququ vardır. Bu hüquq Azərbaycanın Konstitusiyasında da təsbit edilib (maddə 28): "Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər."

Burada açar söz birləşməsi budur - qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan. Beynəlxalq hüquqa görə də belədir. Sərbəst hərəkət etmək hüququ mütləq deyil, onu məhdudlaşdırmaq üçün hüququn özündə bir sıra əsas vardır. Onlardan biri və birincisi dövlətin ərazisində qanuni surətdə olmaqdır.

Aydındır ki, bir dövlətin öz vətəndaşları anlayışa görə hər zaman onun ərazisində qanuni olurlar. Başqa dövlətlərin vətəndaşları üçün qanuni surətdə ərazidə olmaq şərtinin bir sıra önşərti vardır. Onlardan da biri və birincisi dövlətin ərazisinə qanuni yolla girməkdir.

Qarabağdakı ermənilər Azərbaycan vətəndaşları sayıldığına görə, onların sərbəst hərəkət etmək hüququ sorğulanmır. Hər bir Azərbaycan vətəndaşı kimi, onlar da Azərbaycandan gedə, Azərbaycana qayıda bilərlər. Onların bu hüququnu mədudlaşdıran yoxdur. Laçında qurulmuş sərhəd-buraxılış məntəqəsi də onun üçündür ki, Azərbaycana gələnlərin və Azərbaycandan gedənlərin qanuniliyini yoxlasın. Yeri gəlmişkən, Beynəlxalq Məhkəmə Laçın SBM-in beynəlxalq hüquqa zidd olmasıyla bağlı Ermənistanın müraciətini təmin etməyib.

Beynəlxalq Məhkəmənin aralıq tədbirlərlə bağlı qərarında yazılıb ki, Azərbaycan Laçın yoluyla şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətə maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir.

Birincisi, məhkəmənin bu qərarı bütün şəxslərə, nəqliyyat vasitələrinə və yüklərə aid olunmur. Bu hüquq ancaq Azərbaycan ərazisində qanuni surətdə olanlara aiddir. Buradan anlaşılır ki, Qarabağdakı ermənilər bu hüquqdan istifadə edə bilərlər və edirlər, amma başqa dövlətlərin vətəndaşlarında, özəlliklə hələ də düşmən olan Ermənistan vətəndaşlarında belə bir hüquq yoxdur, ola da bilməz. Başqa dövlətlərin vətəndaşları bu hüququ yalnız qanuni yolla ərazimizə girəndən sonra əldə edə bilərlər. Odur ki, Azərbaycandan icazə alınmadan hansısa şəxslərin, nəqliyyat vasitələrin, ya da yüklərin xaricdən gəlməsi və ya gətirilməsi hüquqa uyğun deyildir.

İkincisi, Laçın yoluyla hər iki istiqamətə sərbəst hərəkət etmək yalnız Qarabağdakı ermənilərin hüququ deyil, ola da bilməz. Bu hüquq Azərbaycanın bütün vətəndaşlarına məxsusdur. Bunu həm beynəlxalq hüquq, həm də Azərbaycan Konstitusiyası belə deyir. Bu, Beynəlxalq Məhkəmənin qərarından da anlaşılır.

Bəs, gerçəklikdə necədir? Erməni olmayan Azərbaycan vətəndaşlarımız Laçın yoluyla Xankəndiyə gedə bilirmi? Yox. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər buna diqqət edirmi, bununla bağlı narahatlığını bildirirmi? Yox. Buradan onların ölkəmizə qərəzli yanaşması aydın görünür. Bu yanaşma beynəlxalq hüquqa görə də doğru deyildir.

Üçüncüsü, Beynəlxalq Məhkəmənin qərarında yazılıb ki, Azərbaycan ancaq əlində olan bütün tədbirləri görməlidir. Azərbaycan əlində olan hər şeyi edir. Laçında qurulmuş sərhəd-buraxılış məntəqəsi də bunun üçündür.

Azərbaycanın əlində olmayan tədbirlərin görülməməsi Azərbaycan tərəfindən beynəlxalq hüququn pozulduğu anlamına gələ bilməz, çünki hüququn təməl prinsiplərindən biri budur - heç kəs mümkün olmayan bir nəyəsə görə borclu sayıla/məcbur edilə bilməz. Hamıya, o cümlədən Beynəlxalq Məhkəməyə, yaxşı məlumdur ki, Azərbaycan Qarabağın tamamına hələ nəzarət edə bilmir. Bu, çox önəmli bir kontekstdir, Azərbaycan dövlətinin öhdəliklərinin həcminə önəmli dərəcədə təsir edir.

İndiki durumu və gedişatı doğru anlamaq üçün yuxarıda yazılanları bilmək önəmlidir.

Ermənilərin Laçın yoluyla bağlı iddialarındakı utanmazlığın gedişatını geriyə baxmaqla daha aydın görmək olur.

Öncə iddia ediblər ki, guya Azərbaycan hökuməti saxta ekoloji etirazları təşkil etməklə yolu bağlayıbmış. Özü də ermənilər iddialarında "blokada" sözündən istifadə ediblər. Lakin, Beynəlxlaq Məhkəmə "blokada" sözünü işlətməyib, ayrıca da qeyd edib ki, Laçın yolundakı etirazlarla bağlı Beynəlxalq Məhkəmənin aralıq tədbirləri haqqında qərarına ehtiyac yoxdur.

Sonra ermənilər iddia ediblər ki, guya Azərbaycan hökuməti Qarabağdakı ermənilərin qazını və başqa kommunal xidmətlərini kəsibmiş. Bununla bağlı Beynəlxalq Məhkəmə qərarında qeyd edib ki, Ermənistan buna dair yetərli sübut təqdim edə bilməyib.

Daha sonra iddia ediblər ki, guya ki, Laçındakı sərhəd-buraxılış məntəqəmiz beynəlxalq hüquqa zidd quraşdırılıbmış. Beynəlxalq Məhkəmə ermənilərin bu iddiasını da təmin etməyib.

Bu üç iddianın boşa çıxdığını görən Ermənistan daha bir boş iddiaya əl atıb. Ermənistan iddia edir ki, guya Azərbaycan hökuməti Qarabağdakı ermənilərə qarşı düzəlməz qərəzlə (irreparable prejudice) yanaşır və bununla humanitar böhran yaratmış olur.

Məsələ ondadır ki, Beynəlxalq Məhkəmə düzəlməz qərəzin anlayışını açarkən qeyd edib ki, insanların sağlamlığı və həyatı üçün gərçək təhlükə yaratmaq (onları yeməksiz, dərmansız və s. buraxmaq) düzəlməz qərəz anlamına gələ bilir. Amma, di gəl ki, bunu da sübut etmək gərəkdir.

İndi ermənilər və onları dəstəkləyən çevrələr əldən-ayaqdan düşüblər ki, Azərbaycan hökumətinin Qarabağdakı ermənilərə qarşı düzəlməz qərəzlə yanaşdığını sübut etsinlər. Sübutun olmadığına görə isə yalvarışlı açıqlamalar verir, faciəvi görüntülər yaratmağa çalışırlar.

Hərdən elə olur ki, əmin olmaq həvəsi sınırını aşıb utanmazlığa keçir. Azərbaycana qarşı irəli sürülən iddiaların hərəkətverici qüvvəsi də elə budur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.