“Azərbaycanda depozit bazası azalmayıb. Bu baxımdan, ola bilər ki, vətəndaşlar depozitlərini bir bankdan çıxarıb o biri banka qoyurlar. Ona görə də bu bank sisteminə etimadsızlıqdır demək düzgün olmaz”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında bank məsələləri üzrə mütəxəssis, iqtisadçı Əkrəm Həsənov deyib.
O, bu ilin birinci rübündə banklardan çıxarılan depozitlərlə bağlı fikirlərini bölüşüb.
Ə. Həsənov vətəndaşların depozitlərini banklardan çıxarması faktını şərh edərkən deyib ki, burada fərqli tendensiyalar ola bilər.
“Yəni vətəndaşların bir hissəsi depozitlərini çıxarırsa, digər bir hissəsi banklara pul qoyur. Ümumilikdə isə bu gün Azərbaycanda insanlarımız banklara etimad etməsələr də, əmanətlərin sığortalanması mövcuddur. Yəni bir nəfərin 100 minə qədər olan əmanəti bankda sığortalanır. Vətəndaşlar etimad etsələr də, etməsələr də, bu sığortalanma mövcuddur”.
Onun fikrincə, sahibkarlar və şirkətlərə gəldikdə isə onlar daha çox iri banklara üstünlük verirlər:
“Çünki qorxurlar ki, kiçik banklar bağlandığı təqdirdə onların ləğv prosesini Əmanətlərin Sığortalanması Fondu həyata keçirir və bu proses kifayət qədər qeyri-şəffaf və qanun pozuntuları ilə baş verir. Belə olan halda da sahibkarların və şirkətlərin pulları banklarda “batır”. Ona görə də şirkətlər çalışır ki, pullarını daha etibarlı yerlərdə yerləşdirsin. Lakin mənə elə gəlir ki, bu gün elə bir tendensiya yoxdur ki, deyək, əhalinin hamısı əmanətlərini banklardan çıxarır”.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının birinci rüblə bağlı verdiyi hesabatda qeyd olunub ki, ABB-nin depozit portfeli cari ilin ilk 6 ayında 2,97 milyard manat və ya 19.75% azalaraq 8,5 milyard manata enib. Buna səbəb şirkətlər bankdan 2,2 milyard manat əmanətlərini geri çəkməsi olub.