Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya və İran təhlükəsinə qarşı üçlü format: Azərbaycan-Türkiyə-İsrail

1-08-2023, 14:38   


Rusiya və İran təhlükəsinə qarşı üçlü format: Azərbaycan-Türkiyə-İsrail


Yaxın zamanda yeni üçlü format – Azərbaycan-Türkiyə-İsrail platformasının əsası qoyula bilər. 

İyulun 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərində həmkarı Hakan Findan ilə görüşündə bu məsələnin zəruriliyinə toxunub.

Hakan Fidan ilə mətbuat konfransında Bayramov belə bir platformanın yaradılmasının Türkiyə ilə İsrail arasında münasibətlərin inkişafına müsbət təsiri olacağını vurğulayıb: 

"Azərbaycan-Türkiyə-İsrail platforması iki ölkə arasında əlaqələrin daha geniş coğrafiyası baxımından faydalı ola bilər".

Ümumiyyətlə, yeni üçlü formatın əsasının qoyulması və bu format çərçivəsində üçü ölkə arasında strateji bağlantıların intensivləşməsi Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatına nə kimi müsbət təsiri ola bilər? 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, bu təklif Azərbaycan tərəfindən irəli sürülüb.

“Türkiyə ölkəmizin bu məsələ ilə bağlı təklifini müsbət qarşılayıb. İsrail də təklifimizi dəstəkləyir. Hesab edirəm ki, yaxın günlərdə bu istiqamətdə ciddi işlər görüləcək. Belə bir platforma nəinki üç ölkənin terrora qarşı mübarizədə əməkdaşlığıma gətirib çıxaracaq, həmçinin regionda təhlükəsizliyi daha da möhkəmləndiricək. Eyni zamanda, bu platforma çərçivəsində üçtərəfli enerji əməkdaşlığına da xüsusi önəm verilə bilər. Əgər İsrail Azərbaycan və Türkiyənin yaratdığı enerji nəqliyyat dəhlizinə, yəni Cənub Qaz Dəhlizinə qoşularsa, bu, Avropanın enerji təhlükəsizliyinin təminatına daha böyük zəmanət verəcək”. 

Regionda İran təhlükəsinə toxunan Asim Mollazada bildirib ki, yeni üçlü format üçüncü ölkələrə qarşı yönəlməyəcək: “Bu platformanın prioritet hədəfləri regionda sabitliyin təmin olunmasına və beynəlxalq terrorizmə qarşı mübarizəyə istiqamətlənəcək”. 

Türkiyə ilə İsrail arasında Yaxın Şərqlə bağlı bir çox məsələlərdə, xüsusilə Fələstin məsələsində fikir ayrılıqlarının yaşandığı zamanda Ankara və Təl-Əvivin bir format çərçivəsində bir araya gəlməsi nə dərəcədə mümkündür ?” sualına cavab verən A.Mollazadə hər iki ölkənin dialoq yolu ilə problemlərin öhdəsindən gələ biləcəyini vurğulayıb. 

“Hər bir problemi danışıqlar və əməkdaşlıq yolu ilə həll etmək mümkündür”. 

Bu məsələyə, həmçinin politoloq Məhəmməd Əsədullazadə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-İsrail platforması Cənubi Qafqazda indiki geosiyasi proseslər fonunda Azərbaycan tərəfindən irəli sürülən təşəbbüsdür:

“Bu platforma Türkiyə ilə İsrail arasında hərbi-siyasi əməkdaşlığın inkişafına müsbət töhfə verə bilər. Bununla yanaşı, belə bir platforma çərçivəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsinə ciddi təsir göstərəcək, o cümlədən Cənubi Qafqazda sülh və təhlükəsizliyi daim təmin edəcək, regionda kənar güclərin təhlükələrinin qarşısını alacaq. Xüsusilə, bu platformanın birgə fəaliyyət istiqamətləri nəticəsində həm Türkiyə, həm də İsrail Rusiya və İranın Azərbaycan üzərində təzyiqlərinin qarşısını asanlıqla ala biləcək.

Hesab edirəm ki, belə bir platforma uğurlu bur format olacaq. Eyni zamanda, qeyd edim ki, İsrail də Azərbaycan və Türkiyə ilə üçlü formatın əsasının qoyulmasında maraqlıdır. Çünki Azərbaycanın İsrail ilə hərbi-müdafiə, iqtisadi və enerji sahələrində çox güclü əməkdaşlıq qurub. Bu yaxınlarında İsrailin yüksək rəsmilərinin ölkəmizə rəsmi səfərlərinə də şahidi olduq. İki dövlət arasında yüksək səviyyəli əməkdaşlıq, həqiqətən təqdirəlayiqdir.

Bununla bərabər, İsrail Türkiyə ilə hərbi-müdafiə, hərbi-texniki, kəşfiyyat, hətta regional siyasətdə, xüsusilə Yaxın Şərq və Cənubi Qafqazda əməkdaşlığın möhkəmlənməsinə də maraq göstərir. Onu da əlavə edim ki, Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında vasitəçi ola bilər”. 

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar