PUTİN QƏRBLƏ QARŞIDURMADA "MEYDANI" GENİŞLƏNDİRİR - Moskvanın Afrika macərasının pərdəarxası...

1-08-2023, 21:16   



Rusiya liderinə nəinki Qərb, artıq heç Afrika da inanmır

İlk baxışdan Rusiyada daxili sabitliyin hökm sürdüyü təsəvvürü yaransa da, ölkədə ciddi hakimiyyət böhranının olduğu inkar edilə bilməz və bu, tez ya da gec mütləq özünü açıq formada büruzə verəcək. Yuxarı strukturlar tərəfindən idarə edilən Qirkin, Kvaçkov, o cümlədən də digər “qəzəblənmiş vətənpərvərlər”in uzun müddət ərzində Putinin ünvanına kəskin ifadələr səsləndirmələri hakimiyyət daxilindəki çatlardan xəbər verir.

Elitanın Putinin yerinə kimin keçməsi ilə bağlı yekdil qərara gəlməsi heç də asan məsələ deyil. Bunun üçün bir neçə mürəkkəb daxili problem öz həllini tapmalıdır. Mərkəzi televiziyada siyasi icmalçı Yevgeni Satanovskinin Putini “tarakan” adlandırması da təsdüfi hadisə sayılmamalıdır. Bəlkə də ilkin nəbz yoxlamaları gedir. Sözsüz ki, Putin üçün ən qorxulusu Federal Təhlükəsizlik Xidməti ilə ordunun bir məxrəcə gəlməsidir...

Qərb ölkələrinin kəşfiyyat orqanları da Rusiyada baş verənləri diqqətlə izləyir, yeri gələndə lazımi məlumatlar verirlər. Belə ki, Böyük Britaniyanın “Mİ-6” kəşfiyyat orqanının 2006-2009-cu illərdə Rusiya şöbəsinin rəhbəri işləmiş Kristofer Stil bu yaxınlarda bildirib ki, Vladimir Putin il ərzində öz hakimiyyətindən məhrum olacaq. Britaniya kəşfiyyatçısı bir neçə ssenari üzərində dayanıb. O, hesab edir ki, Rusiya hakimiyyəti daxilində Putin dövrünün sona çatdırılmasına hazırlıq gedir, lakin Ukrayna ordusunun hücumunun ləngiməsi Putinə nəfəs almağa imkan verib.


 Kristofer Stil


K.Stil potensial namizədlər arasında Tula vilayətinin qubernatoru Aleksey Dyumini, ”Rosneft”in rəhbəri İqor Seçini və keçmiş Baş nazir Viktor Zubkovu görür.

Britaniya kəşfiyyatçısının bu sözlərinin dəqiq məlumatlara dayandığını söyləmək çətindir. Çünki rejimin daxilində çaxnaşma yaratmaq və hakimiyyət təmsilçiləri arasında prezident olma həvəsi oyandırmaq məqsədi ilə ictimai arenaya belə informasiyalar buraxıla bilər. Amma istər Ukraynada aparılan müharibə, istərsə də Priqojinin qiyamı və hələ üstəlik Putinin paytaxtı tərk etməsi onun hakimiyyətdəki mövqeyinə güclü zərbə endirib. Elita içərisində prezidentə qarşı hansı qüvvələrin birləşməsi və onların perspektiv planlarının nədən ibarət olması yəqin ki, konkretləşməyib.

Bu gün Rusiyada nələrin baş verə biləcəyi ehtimallarını nəzərdən keçirəndə, hakimiyyət dəyişikliyini şərtləndirən iki amilə xüsusilə diqqət edilir: birincisi, indiki rejimin xarakteri, ikincisi isə müharibədəki dinamikadır.

Rusiyada ictimai faktor heç zaman öndə dayanmayıb və indi də belədir. Düzdür, birinci şəxs həmişə populyarlığının, rəğbət imicinin qayğısına qalır və öz ictimai nüfuzunun kəskin aşağı düşməsinə imkan verməməyə çalışır. Amma müharibə aparan ölkədə hər şey anidən dəyişə bilər.



Putin Priqojinin qiyamından sonra müxtəlif kombinasiyalarla böyük qüdrət sahibi olmasını və dünya arenasında mühümlüyünü sübut eməyə cəhd göstərir. Hakim elita isə uzun müddət ərzində müəmma içində və izloyasiyada yaşamaq niyyətində deyil. Ona görə də Putin ölkəni izolyasıyadan çıxarmaq, müharibədə dönüş yaratmaq və özünü güclü göstərmək istəyir.

Ukraynanın dron hücumları

Amma yuxarıda deyildiyi kimi, müharibənin dinamikası Putinin planlarını bir göz qırpımında alt-üst edə bilər. Putinin indi ən yaralı yerlərindən biri Moskvaya endirilən dron zərbələridir. Zaman keçdikcə Ukrayna dron hücumlarının effektini artırır.

Ukrayan PUA-ları son günlər Rusiya paytaxtındakı “Moskva siti” biznes mərkəzini hədəfə götürüb. İki gün öncə Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumatda deyilirdi ki, Radio Elektron Mübarizə vasitələri Ukrayna dronlarından ikisinin idarəetmə sistemini pozub və nəticədə onlar gəlib “Moskva siti”dəki binaların birinə dəyib. Amma əslində, Ukrayna PUA-sı gedib Rusiya Rəqəmsal İnkişaf və Kütləvi Kommunikasiya Nazirliyinin yerləşdiyi mərtəbəyə çırpılıb ki, bu da heç cür təsdüfi sayıla bilməz.



Beləliklə, ukraynalılar öncədən planlaşdırdıqları hədəfi vurublar və həmin biznes mərkəzinə bugünkü hücum rusların yalanlarını bir daha ifşa etdi. Hazırda ukraynalı mütəxəssislər PUA-ların üzərində çox ciddi işləyirlər. Ukraynanın Müdafiə naziri Aleksey Reznikov bu barədə deyib: ”Ukraynada dronlar istehsalında əsl sıçrayış var. Bizim siyasətimiz sayəsində Ukrayna özünü zireh, dəbilqə, hərbi uniforma, ayaqqabı və sairə ilə müstəqil şəkildə təmin edə bilir”.

Deməli, ukraynalılar bu sahədə irəliləyiş nümayiş etdirsələr, Moskva şəhərinə eyni anda 2-3 dron yox, 30-40 dron buraxmaq mümkün olacaq. Əgər dron hücumlarının intensivliyi artarsa, təbii ki, bu, Putinin mövqeyinə sarsıdıcı zərbə vuracaq.

Putinin Afrika macəraları

Putin Afrika liderlərini Rusiyaya dəvət etməklə göstərmək istəyirdi ki, baxın, bütün qitə mənim hüzuruma gəlib. Afrika dövlət nümayəndələrini maraqlanıdran əsas məsələ isə taxıl sazişinin davam etdirilməsidir. Onlar Sankt-Peterburqa gələndə belə düşünüblər ki, yəqin Putin bu məsələ ilə əlaqədar hansısa xoş müjdələr verəcək. Ancaq Putin onlara deyib ki, biz yoxsul ölkələrə nəyisə pay verə bilərik. Bunun əvəzində Cənubi Afrika Respublikasının Prezidenti söyləyib ki, biz buraya kimdənsə pay ummağa gəlməmişik və “taxıl sazişi”nə qayıtsanız yaxşı olar.



Ümumiyyətlə, Rusiyanın Afrikada fəallaşmasının başlıca səbəbi oradakı zəngin yeraltı qayanqlar uğrundakı mübarizə ilə bağlıdır. İğtişaşlar və qeyri-sabitliyin hökm sürdüyü bir çox Afrika ölkələrində “Vaqner”in peyda olmasının arxasında ciddi iqtisadi mənfəətin dayanmasıyla yanaşı, buna qitədəki geostrateji və iqtisadi maraqlar, mübarizə kontekstindən də baxılmalıdır.

ABŞ Rusiyaya Suriyada hərəkət etməyə imkan verəndən sonra Moskva daha da iştahlandı. “Vaqner” özəl hərbi birləşməsini gücləndirdi və Afrikada əsasən Fransanın siyasi- iqtisadi maraqları ilə toqquşmağa başladı. Çox böyük ehtimalla ABŞ həmişə siyasi iddia nümayiş etdirən Fransanı Şimali Afrikadan birbaşa öz əli ilə yox, dolayı yolla sıxışdırıb çıxarmaq niyyətindədir. Afrikadakı korrupsiyalaşmış hökumətlərin çirkli əməliyyatlarında “Vaqner”dən istifadə olunur. Fransa Afrikanın Sahel adlanan bölgəsini daim öz işğalı altında saxlayır və bunun üçün orada hərbi legionerlər yerləşdirib.



Bir neçə gün əvvəl Nigerdə Fransa üçün xoşagəlməz hadisə baş verdi, hərbçilər çevriliş etdilər. General Abdulrəhman Çianın rəhbərlik etdiyi hərbçilər Prezident Məhəmməd Bazumu hakimiyyətdən salıb, girov götürdülər. Hakimiyyəti ələ keçirənlər Nigerdən Fransaya uran və qızıl ixracının dayandırılması barədə qərar veriblər. Bilindiyi kimi, Fransada istehsal olunan elektrik enerjisinin 70 faizi Atom Elektrik Stansiyalarından əldə olunur.

Rusiyanın Afrikadakı fəaliyyətləri onu göstərir ki, Kreml Ukraynada gedən müharibədən özü üçün dərs götürmür. Geosiyasi mübarizə meydanında siyasi-iqtisadi maraqlar vəziyyətə uyğun olaraq öz vektorunu müntəzəm dəyişir. Belə ki, Amerika ilə Fransa arasında maraqların toqquşmasına baxmayraraq, onlar bir müddətdən sonra razılığa gəlsələr, Moskvanın Afrika macərasına son qoyulacaq.

Vaxtilə SSRİ-nin də Afrikada tərəfdaşları vardı. Lakin bugünkü Rusiyadan fərqli olaraq öz maraqlarını sərt şəkildə qorumağı bacaran Sovet İttifaqı digər böyük ölkələrin təsir dairəsinə kobudcasına müdaxilə etmirdi. Bütün parametrlərinə görə indiki Rusiyadan dəfələrlə güclü olan SSRİ beynəlxalq arenada Qərb dünyası ilə kəskin qarşıdurmya girməkdən çəkinirdi. Bunun səbəbi sovet rəhbərliyinin dövlət məsuliyyətindən və ideoloji tapşırıqları yerinə yetirmələrindən irəli gəlirdi. Rusiya rəhbərliyindəki indiki adamların isə məsuliyyət hissi yoxdur, onlar üçün merkantil çıxarlar hər şeyin fövqündə durur.

Ukraynanın irəli sürdüyü sülh planı müzakirə ediləcək

Görünən odur ki, Qərb dünyasının hələ ki, Rusiyaya ciddi mənada toxunmaq niyyəti yoxdur. Elə bu səbəbdən də Ukraynada sülhün bərqərar olmasının dünya çapında geniş müzakirəsinə şərait yaradırlar. Bu yaxınlara kimi beynəlxalq siyasi məsələlərdə söz sahibi olmayan ölkələrin Avropadakı geostrateji qarşıdurmanı müzakirə obyektinə çevirmələri kimi hadisələrə rast gəlmirdik.




İndi isə görürük ki, bir neçə gündən sonra Səudiyyə Ərəbistanında Ukraynada sülhə nail olunması ilə bağlı danışıqlar başlayacaq. Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Qərb ölkələri ilə yanaşı bəzi inkişaf etmiş dövlətlər, xüsusən də BRİKS-in üzvləri olan Hindistan və Braziliya da iştirak edəcək. Məlumatlarda vurğulanır ki, bu görüşdə Ukraynanın sülh yaratmaq təklifinin dəstəklənməsi məqsədi güdülür. Bu danışqlarda Ukrayna iştirak etdiyi halda, Rusiyaya dəvət göndərilməyib.

Bir çox inkişaf etmiş və etməkdə olan ölkə Ukraynadakı müharibəyə neytral yanaşır və indi onlar öz mövqelərini nümayiş etdirməlidirlər. Xatırladaq ki, Ciddə şəhərində keçiriləcək görüşə hətta İndoneziya, Misir, Meksika, Çili və Zambiya kimi dövlətlər də dəvət alıblar. Bu isə tədbirin miqyasından və qarşıya qoyulan məqsədlərin ciddiliyindən xəbər verir.

Vaqif Nəsibov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar