Britaniyanın Middle East Eye (MEE) qəzetinin həmtəsisçisi və baş redaktoru Devid Herst Türkiyənin Rusiya-Ukrayna müharibəsinin hər iki tərəfi arasında oynadığı balanslaşdırıcı və asanlaşdırıcı roluna diqqət çəkib və xarici işlər naziri Hakan Fidan haqqında diqqətçəkən təhlil yazıb.
Musavat.com xəbər verir ki, Herst "Türkiyənin xarici işlər naziri yeni dünya nizamını necə formalaşdıra bilər?" başlıqlı təhlilində Ukrayna müharibəsinin hərbi fəlakətə çevrildiyinə diqqət çəkib və Türkiyəyə işarə edərək “İndi ətrafdakı xaosun öhdəsindən gələ biləcək bir ölkə var” ifadəsini işlədib.
Müəllif Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş rəhbəri Hakan Fidanın Xarici İşlər Nazirliyinə təyin edilməsinin uğurlu bir addım olduğunu vurğulayıb:
“Hakan Fidanın sirri özünü təkcə xidmətçi deyil, dövlətin hamisi (qoruyucu -red.) kimi görməsindədir. O, Xarici İşlər Nazirliyinin başına keçməzdən əvvəl MİT-in əlində münaqişə bölgələrinin mühüm dosyeləri var idi. Qurum Ermənistanla son münaqişədə Azərbaycanın qələbəsinə dəstək verdi, Türkiyənin Vaqnerə və Liviyada zərbəçi general Haftara qarşı addımlarını müəyyənləşdirdi. O, Rusiya ilə Ukrayna arasında taxıl sövdələşməsi və əsir mübadiləsi üzrə danışıqlarda əsas rol oynadı”.
Herst vurğulayıb ki, NATO bunun fərqində olmasa da, qarşımızda yeni bir dünya nizamı var və 13 ilini Türkiyənin ən kritik qurumlarından birinin başında keçirən Hakan Fidan indi ən çətin vəzifəsi ilə qarşı-qarşıyadır.
Müəllifin sözlərinə görə, dünyanın bloklara bölündüyü bir vaxtda xarici siyasətə səs və forma verə biləcək bir zəkaya ehtiyac var: "Türkiyənin yeni xarici işlər nazirində bundan daha çoxu var. Digər xarici işlər nazirləri onu və Türkiyəni daha ciddi qəbul etsələr, yaxşı olar”.
Musavat.com